Heydər Əliyev Fondunun eksperti bundan sonra KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru olacaq
Aprelin 4-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli vəzifəsindən azad edilib.
Bununla bağlı dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb. Başqa bir sərəncamla isə Əhməd İsmayılov Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.
1980-ci ildə doğulan Əhməd İsmayılov ötən ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır. O, Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb. Ə.İsmayılov 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.
Ə.İsmayılov 2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.
O, 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2017-ci ildə “Tərəqqi” medalları ilə mükafatlandırılıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2008-ci ildə yaradılıb. Həmin ildən də Vüqar Səfərli fondun icraçı direktoru olub.
Fondun əsas məqsədi Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir.