Vilyam Hacıyevin həbs müddəti azaldıldı

Vilyam Hacıyev. Foto: Meydan TV

Ali Məhkəmə keçmiş icra başçısı ilə bağlı qərar verdi

İmişli rayonunun keçmiş icra başçısı, 2020-ci ilin mayından həbsdə olan Vilyam Hacıyev haqqında hökm dəyişib.

İyunun 12-də Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyilə çıxarılan qərara əsasən, keçmiş icra başçısının cəzası azaldılaraq, 12 ildən 8 il 6 aya endirilib.

Ali Məhkəmə də onu Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 311 (rüşvət alma) və başqa maddələrilə təqsirli hesab edib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Beləliklə, ona qanunda nəzərdə tutulandan da az cəza təyin edilib.

Keçmiş icra başçısı ona verilən 8 il 6 aylıq cəzanın 4 ildən çoxunu çəkib.

Vilyam Hacıyev həbs olunanda evindən və iş otağından tapılan pulların (1 milyon 6400 avro, 365 funt sterlinq və s.), özünün və yaxınlarının adına olan metronun “Nərimanov” stansiyasının yaxınlığında mənzil, Nardaran qəsəbəsində bağ evi, Abşeron rayonunda bir sıra evlər, avtomobillərin müsadirəsinə qərar verilib.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi və icra başçıları həbs olundu.

Nizaməddin Quliyev həbsdə koronavirusa yoluxaraq, Qoca Sənədov isə həbsdən buraxılandan az sonra vəfat edib.

Ana səhifəSiyasətVilyam Hacıyevin həbs müddəti azaldıldı