Vilyam Hacıyev: Haqq yerini tapacaq

Sabiq icra başçısı haqqında həbs-qətimkan tədbiri seçildi

Source: Meydan Tv


Sabiq icra başçısı haqqında həbs-qətimkan tədbiri seçildi

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Mayın 6-da axşam saat 19 radələrində Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırova bu barədə qərar çıxarıb.

Qapalı keçirilən məhkəmə prosesində V.Hacıyev özü də iştirak edib. Onu məhkəməyə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları gətirib.

V.Hacıyev haqqında həbs qərarı seçilməsi üçün istintaq orqanının məhkəməyə təqdimatından məlum olub ki, ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittihamlar irəli sürülüb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, sabiq icra başçısına dövlət hesabına vəkil təyin edilib. Hərçənd, dövlət hesabına hüquqi yardımın mahiyyəti budur ki, şəxsin özünə vəkil tutmağa maddi imkanı yoxdursa, o, hüquqi baxımdan müdafiəsiz qalmasın.

V.Hacıyevin ittihamları qəbul edib-etmədiyi məlum deyil. Amma o, məhkəmə binasından çıxarılarkən orada gözləyən yaxınlarına qısaca bunları deyib: “Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq…”

V.Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da həmçinin prezident İlham Əliyev onun İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda icra başçılarının həbs dalğası ötən ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub.

Bu ilin fevralında Neftçalanın, bir həftə öncə isə Biləsuvarın icra başçısı həbs edilib. Onların hamısı DTX əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunub.

Sabiq icra başçılarının işi üzrə istintaq araşdırmaları da DTX-da aparılır. Onlar DTX-nın istintaq təcridxanasında saxlanılırlar.

Korrupsiya, vəzifə cinayətlərində ittiham olunan V.Hacıyev 2017-ci ilin avqustunda Prezident tərəfindən “Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Yevlaxın həbsdə olan sabiq icra başçısı Q.Səmədova da tutulmamışdan iki ay əvvəl – 2019-cu ilin oktyabrında “Vətənə xidmətə görə” ordeni verilmişdi.

Ağstafanın sabiq icra başçısı N.Quliyevə isə Prezident 2014-cü ilin sentyabrında “Şöhrət” ordeni verib.

Ana səhifəXəbərlərVilyam Hacıyev: Haqq yerini tapacaq