Vətəndaş cəmiyyətinin təmsilçiləri Avropa Şurasına müraciət ünvanladı

Müraciəti imzalayanlar işçi qrupundakı şəxslərin böyük əksəriyyətini “qeyri-obyektiv” hesab edir.

Source:

Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri Avropa Şurası rəhbərliyini ölkədə insan hüquqları sahəsində böhranla bağlı qəti tədbirlər görməyə çağırıb. Müraciət Avropa Şurasının Baş Katibi Thorborn Jagland-a (Torbyorn  Yaqland), Avropa Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinə, surəti Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur-ə (Ann Brassör) göndərilib.

Vətəndaş cəmiyyətinin 35 nümayəndəsinin imzaladığı müraciətdə deyilir ki, Bakıda İnsan Haqları üzrə Birgə İşçi Qrupun görüşü Avropa Şurasının Azərbaycanı hüquq pozuntularına görə cavabdeh tuta bilməməsinin göstəricisidir.

“Əsasən hökumətə meylli QHT-lər, hökumət rəsmiləri və parlament üzvlərindən ibarət olan Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupun ilk iclasında təcili, konkret tədbirlərin görülməsi çağırışlarına diqqət yetirilməsinə cəhd edilmədi” deyə, fəallar bildirir.

Müraciəti ünvanlayanlar işçi qrupundakı şəxslərin böyük əksəriyyətini “qeyri-obyektiv” hesab edir. Onların fikrinə görə, bu qrupun yaradılma məqsədi siyasi məhbus üzrə həmməruzəçinin rolunu azaltmağa hesablanıb. Çünki bu məsələ üzrə həmməruzəçi hesabat hazırlayacağı üçün qrupun əsas işi həmin hesabata müstəqil səslər adı altında hökumətin istədiklərini əlavə etdirməkdir.

Müraciətin yekununda deyilir:

“Həyəcan zəngi çalınmaqda davam edir. Həbsdə 90-dan artıq siyasi məhbus vardır. Öz fikirlərini ifadə etdiklərinə görə həbs olunmuş günahsız insanlara verilən prezident əfvləri Azərbaycanda insan hüquqları böhranına həll yolu deyil. Avropa Şurası və üzv dövlətlər vəziyyətə biganə qalmağa davam edə bilməzlər. Azərbaycan vətəndaş cəmiyyəti həyəcan zəngini çalır. Avropa Şurası bu çağırışa cavab verməlidir”.

İşçi Qrupda təmsil olunan rəsmilər və hüquq müdafiəçiləri isə qrupu faydalı sayır, bir müddətdən sonra konkret işlərin hesabatını verə biləcəklərini deyirlər. (Azadlıq Radiosu)

Ana səhifəXəbərlərVətəndaş cəmiyyətinin təmsilçiləri Avropa Şurasına müraciət ünvanladı