Vətəndaş cəmiyyətini süquta aparan yol…

Təşkilatlar MTN və prokurorluq vasitəsilə təhdid olunur

Source:


Təşkilatlar MTN və prokurorluq vasitəsilə təhdid olunur

Azərbaycan Milli Platforması Avropa Birliyi Şərqi Tərəfdaşlıq Forumunun İdarə Heyətinə müraciət edərək Forum tərəfindən hazırlanmış son broşurun qurumun internet səhifəsindən götürülməsini xahiş edib. 26 QHT rəhbərinin imzaladığı müraciətdə qeyd olunub ki, yeni broşur hazırlanan zaman Milli Platforma ilə məsləhətləşmələr aparılmalıdır.

Platformanın qarşı çıxdığı broşurda (

http://www.eap-csf.eu/assets/files/publications/leaflet-resized.pdf

) siyasi məhbusların adları və şəkilləri yer alıb.

Tanınmış jurnalist Xədicə İsmayıl müraciəti sosial şəbəkələrdə yayımladıqdan sonra sənədə imza atan adamlar qınaq obyektinə çevrildilər. Qarşı tərəfin cavabı da çox ləngimədi.


Platforma üzvləri etiraz edir

Hüquq müdafiəçisi Əvəz Həsənov öz facebook səhifəsində yazdı: “Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumun İdarə Heyəti bu yaxınlarda Azərbaycanda siyasi məhbuslarla bağlı bir broşur hazırlayıb, onu sayta yerləşdirir. Heç vaxt ölkələr üzrə konkret belə sənəd hazırlamayan forumun nədən birdən-birə Milli Platformanın razılığı olmadan belə açıqca hazırlaması Platforma üzvlərini narahat edir. Onlar öz aralarında müzakirə edirlər ki, Foruma müraciət olunsun və Platforma müzakirə etdikdən sonra yenidən yayılsın. Bu arada Platformanın daxili yazışması kimlər tərəfindənsə son zamanlar hüquq müdafiəçilərinə böhtan və təhqirlər ilə hücum edən Xədicə İsmayıla ötürülür. Xanımın əlinə yeni mövzu düşür, onsuz da zəif hala gətirilmiş vətəndaş cəmiyyətinin nümayəndələrini əzmək üçün”.

Əvəz Həsənov daha sonra qeyd edir ki, Forumun rəhbərliyindən tələbləri çox normaldır və heç də siyasi məhbuslara etiraz anlamına gəlmir: “Biz sadəcə Forumun Azərbaycanla bağlı hazırladığı sənəddən bizim xəbərimiz olmasını tələb etmişik. Bizim üzv olduğumuz təşkilatdan bunu tələb etməyə haqqımız çatır. İstənilən Forum üzvü olan ölkəyə qarşı bu cür hal edə bilməzdilər. Amma Azərbaycana qarşı etdilər. Buna etiraz edəndə siyasət və facebook qaraguruhu haqqı etiraz edənə hücuma keçir”.

Təxminən eyniməzmunlu açıqlamanı müraciəti imzalayan Ramin Hacılı da yayıb. Milli Platformaya rəhbərlik edən iqtisadçı Vüqar Bayramov isə Meydan TV-yə açıqlamasında deyib ki, müraciətlə bağlı məsələlər bilərəkdən konteksdən çıxarılıb: “Problem sadəcə emailləri başqalarına yönəltmək deyil, həmçinin müraciətləri başqa müstəvidə təqdim etməkdir. Bizim müraciət heç də forumun gələcəkdə Azərbaycanla bağlı tematik bəyanatlar və sənədlər hazırlanmasına qarşı deyil. Bizim belə məqsədimiz yoxdur və hətta bunu istəsək də edə bilmərik. Katiblik bizim müraciətə cavabında da xüsusi qeyd edir ki, broşur hazırlanan zaman nə İdarə Heyətinin azərbaycanlı üzvləri ilə, nə də Milli Platorma ilə məsləhətləşib. Özü müstəqil şəkildə hazırlayıb.

Müraciətimizin mahiyyəti isə budur ki, forumun katibliyi Azərbaycan ilə bağlı sənədlər hazırlayan zaman Milli Platforma ilə məsləhətləşsin və rəyini nəzərə alsın. Biz son broşurun Milli Platformanın iştirakı ilə hazırlanıb internet səhifəsində yenidən yerləşdirilməsini məqbul hesab edirik. Broşurlar olsun, sadəcə onların hazırlanmasında bizim müvafiq işçi platformaları cəlb edilsin. Bizim iştirakımız sadəcə bu tip tematik məsələlər üçün deyil, eyni zamanda gələcəkdə Azərbaycanla bağlı bütün sənədlərin hazırlanmasında ona görə vacibdir ki, biz özümüz məsuliyyəti bölüşək. Düşünün: sabah Brüsseldə bizimlə məsləhətləşmədən regionun xəritəsi hazırlandı, bizim hansısa ərazimiz Ermənistan ərazisi kimi göstərildi və ya hər il mütəmadi olaraq rastlaşdığımız Qarabağ ermənilərinin iştirakı ilə bağlı qərar qəbul edildi. Bunların məsuliyyətini kim daşıyacaq? Təbii ki, bu tip potensial qeyri-müəyyənliklərin siyahısını uzatmaq olar”.

AXCP sədrinin müavini Razi Nurullayev isə adının müraciətdə hallanmasına qarşıdır: “Mən o müraciəti dəstəkləməmişəm və dəstəkləmirəm. Adımın o müraciətdə hallanmasına təəssüf edirəm və bu səhvin aradan qaldırılması üçün gərəkən addımları atıram. Artıq Forumun email listinə və Foruma adımın müraciətdən çıxarılması ilə bağlı məktub göndərmişəm. Digər əlaqədər şəxslərə göndərməkdə də davam edəcəm.

Məni qınayanlar oldu. Amma gərək tələsik qərarlar və hökmlər verməyək. İnsanların qəlbinə dəymək asan, onu almaq isə çətindir. Bu haqsız yerə olanda daha çətin olur. Çünki, AXCP sədrinin müavini, AXCP kimi iyrənc oyun və yalanlara qarşı mübarizə aparan bir partiyanın yetgilisi belə addım ata bilməz və atmaz”.

Adı siyahıda olan İlqar Hüseynli də bu müraciətə imza atmadığını deyir.

Bütün cəhdlərə baxmayaraq, Forum sənədi öz internet səhifəsindən silmədi və müraciətə məhəl qoyulmadı.


Bəs əslində Milli Platformada nələr baş verir?

Son aylar qeyri-hökumət təşkilatlarına qarşı edilən hücumlar aydın göstərir ki, ortada konkret məqsəd var. Məqsədə gedən yol isə həbslər, təzyiqlər vasitəsilə göz qorxutmaqdan keçir.

Hələ aprel ayından qrant layihələri qeydə alınmayan, bank hesablarına həbs qoyulan QHT-lər isə hakimiyyətin oyunlarında iştirak etmək məcburiyyətindədir.

Bununla razılaşmayan QHT rəhbərləri isə müxtəlif yollarla baş verənlər haqqında mediaya məlumat ötürürlər. Məsələn, Milli Platformaya daxil olan QHT rəhbərlərindən biri deyir ki, üzvlərin hamısı Milli Təhlükəsizlik Nazirliyinə və prokurorluğa çağrılır, təhdid edilir, yalnız onlara dəstək verəcəkləri təqdirdə hesablarının açılacağına söz verilir.

“Vüqar Bayramovun başqa çıxış yolu yoxdur. O, MTN-in tam nəzarətindədir. Hətta qardaşı Qubad İbadoğluya qarşı çıxmaqla belə özünü qoruyur. Deyirlər ki, Qubad ya siyasətlə, ya da QHT ilə məşğul olsun. Vüqarla bağlı hökumətin əlində ciddi faktlar var, ona görə də təhdid altındadır. Qubad İbadoğlu isə hökumətin bəyanatlarını qardaşı Qalib Bayramovun adı ilə dəstəkləyir. Qalib Bayramov məhz Qubad bəyin təşkilatında çalışır. Təsəvvür etməzsiz, bizimlə hansı tonda danışılır, deyirlər: “yaşamaq istəmirsən? İstəyirsəsə, bizim dediyimiz olmalıdır”. Platforma üzvləri mal varlıqlarını itirməmək üçün, əsasən də həbsdən qorunmaq üçün nə desələr razılaşırlar. Vüqar Bayramovla Əliməmməd Nuriyevə bunun qarşılığında mandat da söz verilib. Ancaq müraciətin sosial şəbəkələrdə yayılması onların planlarını pozur” – deyir adının açıqlanmasını istəməyən mənbə.

Sözügedən müraciətə gəlincə, QHT rəhbəri deyir ki, adları siyahıda göstərilən adamların bir neçəsi heç imza atmayıblar da. Ancaq qorxularından etiraz edə bilmirlər: “Platformanın 51 üzvü var. Sadə səsçoxluğu ilə 26 nəfər – 25 üzv və Vüqar Bayramov imzaladıqdan sonra sənəd keçərlidir. Samir Əliyev aldadılaraq imza atdırılıb. Razi Nurullayev imzalamadığını deyir. O zaman 25 nəfər olur. Deməli, bu sənəd qəbul oluna bilməz”.

Mənbə deyir ki, Platformadaxili oyunlarda əsas fiqurlar Novella Cəfərova, Rəna Səfərəliyevadır. Hökumət onlara 1 ay ərzində fəaliyyətlərini bərpa edəcəklərinə söz verib. Ona görə də ciddi-cəhdlə broşurun səhifədən çıxarılmasını istəyirlər. Elə digər QHT-lərin yola gətirilməsi işində də bu xanımlar vasitəçilik edirlər”.


Niyə xəbərdarlıq yox, müraciət?

Samir Əliyev telefon zənginə cavab vermədiyindən onunla bağlı deyilənlərin həqiqət olub-olmadığını öyrənmək mümkün olmadı. “Əgər dediyiniz kimi müraciətin məqsədi sizinlə məsləhətləşməmələrinə etiraz idisə, o zaman niyə broşurun çıxarılmasını istəyirdiz? Bunu bir xəbərdarlıq məktubu ilə əvəzləmək olmazdımı” sualına Vüqar Bayramov belə cavab verdi: “O broşurda səhvlər də var. Məsələn, yazılıb ki, 100 siyasi məhbus var. Amma bu rəqəm haradan götürülüb, özləri də izah edə bilmirlər. Mənim siyasi məhbus siyahım yoxdur, çünki bu sahə ilə məşğul deyiləm. Amma bizim insan haqları qrupunun rəyinə görə, bu rəqəm hətta ən radikal hesabatlarda belə yoxdur”.


Leyla Əliyeva hədəfdə

Platformada baş verənlərə etiraz edənlər, hakimiyyətlə işbirliyinə cəlb edilməsi mümkün olmayan şəxslərdən biri də politoloq Leyla Əliyevadır. Quruma üzv olan başqa bir mənbə isə deyir ki, məhz bu səbəbdən də indi xanım politoloq hədəfdədir: “Onun erməniyə işləməsi ilə bağlı uydurma ittiham hazırlayırlar. Guya Platformanın hansısa iclasında Qarabağla bağlı məsələ müzakirə olunduqda Leyla xanım aradan çıxıb. Halbuki ermənilərə etiraz etdiyinə görə onu Avropada sevmirlər”.

Mənbənin sözlərinə görə, qurumu tam nəzarətə götürmək üçün yeni üzvlər cəlb edilib: “Platformanı tamamilə hakimiyyətin nəzarətinə keçirmək istəyirlər. Buna görə də quruma Əli Həsənovun adamı kimi tanınan Ümid Rəhimovu, Aynur Camalqızını və “Yeni Azərbaycan” qəzetinin bir müxbirini cəlb ediblər. Aynur Camalqızı vasitəsilə mediaya nəzarəti ələ götürməyə çalışırlar. Onun rəhbərlik etdiyi saytlarda beynəlxalq təşkilatları vururlar, məqsədli şəkildə İREX-ə qarşı qara piar kampaniyası aparılır. Milli Platformadan istifadə edib Qərb ölkələrinə bəyanatlar göndəriləcək. Hazırda həmin bəyanatlar hazırlanır”.


Hədəfdə vəkillərdir

Hakimiyyətə yaxın, mövcud hadisələrin içərisində olan başqa bir mənbə isə deyir ki, proses planlı şəkildə aparılır: “Növbədə Mədən Hasilatı Sənayesində Şəffaflıq Koalisiyasıdır. Hökumətin sevmədiyi adamların çoxu bu qurumda təmsil olunur. Qurumun əsas fiqurlarından olan Mirvari Qəhrəmanlı ötən il istefa verdi. Hazırda ona qarşı olmazın təzyiqləri edilir, ətrafındakıları həbs etməklə, ölkədən qaçırmaqla, işdən çıxarmaqla tamamilə gücsüz vəziyyətə salıblar. Onların vasitəsilə də Amerika və Avropa təşkilatları hədəfə alınacaq. Ölkə prezidentinə məlumat çatdırılıb ki, guya vətəndaş cəmiyyətinə hər il 10 milyon dollar vəsait gəlir. Əgər onlar nəzarətdə saxlanmazsa, bu, hakimiyyətin gələcəyi üçün ciddi qorxu yarada bilər”.

Mötəbər mənbə deyir ki, əsas hədəfdə vəkillərdir: “İntiqam Əliyevin işi həm də ona görə sürətləndirildi ki, Avropa Məhkəməsinə gedən işlər ləngisin. Elçin Sadıqovu sındırmaqla sıradan çıxardılar. Başqa bir vəkil video görüntüləri ilə təhdid olunur. Növbəti qurbanlar Namizəd Səfərov, Əsabəli Mustafayev və Xalid Bağırovdur”.


Düyünlər açılır

“Hakimiyyətin mövcud siyasətinin məqsədi xarici resursları bütünlüklə özlərinə cəlb etməkdir”. Bunu da mötəbər mənbə deyir. “Məqsəd beynəlxalq təşkilatların ölkəyə ayırdığı pulları 2007-ci ildən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına cəlb etməkdir. Əgər bu, baş verərsə, o zaman bütün QHT-ləri bir əldən idarə etmək mümkün olacaq. Bu isə təkcə ölkəyə gələn pulların hakimiyyətə yönəlməsi deyil, həm də vətəndaş cəmiyyətinin sıradan çıxarılması, zəiflədilməsi, hakimiyyətin qorunmasıdır. Təbii ki, gediş hakimiyyətin istəyinə çatacağına işarə edir. Hər bir halda növbəti 6 ay ərzində bu proses yekunlaşdırılmalıdır” – mənbə belə bildirir.

Adının açıqlanmasını istəməyən hakimiyyət təmsilçisi onu da deyir ki, iqtidar bu şansı əldən buraxmayacaq, proses ən azı 6 ay davam edəcək və bu müddət ərzində vətəndaş cəmiyyətinin nümayəndələri tamamilə müflisləşdirilib sıradan çıxarılacaq. Artıq hesabatlara həbslərin qoyulması bir çox QHT rəhbərini öz ofisindən, maşınından edib. Prosesin qarşısını isə yalnız iradə və beynəlxalq təşkilatların təpkisi ala bilər…

Ana səhifəXəbərlərVətəndaş cəmiyyətini süquta aparan yol…