Ağciyər Xəstəlikləri İnstitutundan şikayətlər var
Bakı şəhər sakini 32 yaşlı Ayaz Məmmədov 6 ildir vərəm xəstəliyindən əziyyət çəkir. O, son 2 ilədək Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Amma sonradan maddi imkansızlıqdan müalicəsini yarımçıq saxlayıb. Ayaz iddia edir ki, xəstəxanada tibb işçilərinə “hörmət” etmədikdə xəstələrə biganə yanaşırlar. Buna görə də müalicə, palata həkimi, tibb bacıları, palatanı təmizləyən xadimələr, o cümlədən müayinələr üçün pul verilməlidir:
“Xəstəxanada müalicə olunduğum müddətdə dəfələrlə xəstə ölümünün şahidi olmuşam. Ağır vərəmli xəstələrin müalicə olunduğu palatalarda su daimi verilmirdi, tualet natəmizlik içindəydi. Bu xəstəxanada sağlam adam da xəstə olar”.
Ayazın daha bir iddiasına görə, ağır vərəmli xəstələrin içində taksi sürücüsü kimi işləyənlər var, gecələr mühafizəçiyə pul verib səhər saat 6-da yenidən xəstəxanaya qayıdırlarmış.
Bu ilin yanvarın 15-də Ağciyər Xəstəlikləri İnsitutunda 2 xəstə həyatını itirib. Lerik rayon sakini, 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev qanaxmadan ölüb. Yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər. Hərçənd ki, xəstəxananın yaydığı açıqlamada xəstələrin vəziyyətinin ağır olduğu, ailələrin müalicədən narazı qalmadığı bildirilib.
İctimai vəkil Samir Zeynalov isə həmin gün daha bir xəstənin ağırlaşdığını, ailəsi tərəfindən özəl klinikalardan birinə köçürüldüyünü deyib. Onun sözlərinə görə, institutda xəstələrin əsl ölüm səbəbləri həkim reanimatoloqun olmamasıdır.
2017-ci ilin martında Ağciyər Xəstəlikləri İnstitutuna Həqiqət Qədirova direktor təyin edilib. Bundan sonra bir neçə həkim vəzifəsindən kənarlaşdırılıb. Onlardan biri –
Səbinə Məmmədova
məhkəmə vasitəsilə işə bərpa olunub. Qədirova yeni direktor təyin edildikdən sonra iclas keçirmişdi. Həmin iclasda həkimlər S.Məmmədova, Xatirə Əliyeva və Arif Qurbanov direktorun qərarlarına qarşı çıxmışdılar. Həmin görüntülər sosial şəbəkələrdə yayılmışdı. Bundan sonra direktor S.Məmmədovanın işinə xitam vermişdi.
İnstitutun adının açıqlanmasını istəməyən həkimi Meydan TV-yə deyib ki, vərəm xəstələrinin əksəriyyəti qeydiyyata düşməkdən çəkinir, bu isə həkimlərin əsas gəlir mənbəyinə çevrilir:
“Qaydalara görə, bütün vərəmli xəstələr qeydiyyata düşməlidirlər ki, başqalarını yoluxdurmasınlar. Xəstəxanada çalışan həkimlərin əksəriyyəti isə özəl klinkalarla işbirliyindədir, xəstələri orada qəbul edirlər. Buna görə bir neçə həkimə töhmət verilib. Yeni vərəmə tutulan xəstə ilə xroniki xəstə eyni palatada yerləşdirilirdi, son vaxtlar buna nəzarət edilir. Amma yenə də belə hallara yol verilir. 15 yaşlı qız məhz bu səbəbdən vərəmə yoluxmuşdu. Xəstəxanada dərman verilir, amma həkim xəstəni inandırır ki, əlavə dərman almasa sağalmayacaq. Həssas ilkin və ya təkrar vərəm xəstələri ən azı 6 ayadək müalicə olunmalıdırlar. Ağır xəstələrin müalicəsi isə 24 ayadək sürür. Bu müddətdə həkimlər həm də dərmandan gələn faizlə qazanırlar”.
İttihamlardan biri də vərəmli xəstələrə saxta arayışlar verilməsi ilə bağlıdır. Bu arayış əsasında vərəmli xəstələr işləyə bilirlər.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu bu ildən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tərkibindədir. İnstitutdan deyiblər ki, bütün sualları TƏBİB cavablandıra bilər.
TƏBİB-in açıqlamasında isə deyilir ki, hazırda tibb müəssisələrində monitorinqlər aparıldığından bu barədə məlumat verə bilmirlər:
“TƏBİB-in tərkibində olan müəssisələrin təhvil-təslim prosesləri hələ davam etdiyindən və xəstəxanaların publik hüquqi şəxs statusuna keçid dövrü olduğundan, hazırda TƏBİB-in monitorinq İşçi qrupları tibb müəssisələrində fəaliyyətini davam etdirir. Bu və digər müəssisələr barədə yalnız İşçi qrupların fəaliyyəti başa çatdıqdan sonra məlumat vermək mümkündür”.