Vensin Yerevan–Bakı səfəri: sazişlər, məhbuslar və susulan insan haqları

Foto: president.az

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) çərçivəsində fevralın 9-da Yerevana, fevralın 10-da isə Bakıya səfər edib. Vaşinqtonun regiona artan diqqəti fonunda baş tutan səfər həm siyasi, həm də iqtisadi məzmunu ilə diqqət çəkib.

Vens Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdən sonra ABŞ və Ermənistan arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinə dair birgə bəyanat imzalanıb. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq çərçivəsində Ermənistana təxminən 11 milyon dollar dəyərində kəşfiyyat dronlarının satışı razılaşdırılıb.

Müzakirələr zamanı Azərbaycanda saxlanılan erməni məhbusların azadlığa buraxılması məsələsi də gündəmə gətirilib.

Fevralın 10-da Bakıya gələn Vens Prezident İlham Əliyevlə görüşüb. Görüşdən sonra Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalandığı açıqlanıb.

Xartiyada tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyi təsdiqlənir. Sənəd regional bağlantılar, enerji, ticarət, TRIPP layihəsi, iqtisadi sərmayələr, süni intellekt, rəqəmsal infrastruktur, mülki nüvə, təhlükəsizlik, müdafiə, antiterror, kibertəhlükəsizlik və minatəmizləmə sahələrini əhatə edir.

Lakin Vensin Əliyevlə görüşündə Azərbaycanda demokratiya və insan haqları məsələlərinin müzakirə olunmadığı bildirilir.

Bu isə səfər ərəfəsində beynəlxalq təşkilatların, siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və siyasi məhbusların özlərinin ABŞ Dövlət Departamentinə və Vensə ünvanladıqları müraciətlər fonunda diqqət çəkir. Həmin müraciətlərdə insan haqları və siyasi məhbuslar məsələsinin gündəmə gətirilməsi tələb olunurdu.

“ABŞ Ermənistanla daha konkret təminatlar verir”

Siyasi şərhçi, keçmiş diplomat Nahid Cəfərov ABŞ ilə Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyanın gələcəkdə real biznes layihələrinə çevrilməsi ilə bağlı o qədər də optimist deyil. O hesab edir ki, Azərbaycan ABŞ siyasi institutlarına tam etimad etmir, Tramp administrasiyasını müvəqqəti mərhələ kimi qiymətləndirir və regionda Çin faktorunu artırmaq istəyir:

Foto: Nahid Cəfərovun şəxsi “Facebook” səhifəsi

“Çin isə getdikcə Rusiyanı müəyyən mənada əvəz edərək, dünyada avtoritar ölkələr üçün əsas dayaqlardan birinə çevrilir. Bu vəziyyətin həm Çin, həm də Rusiya maraqları ilə nə dərəcədə uzlaşdığı isə sual doğurur. Belə şəraitdə Xartiyada nəzərdə tutulan layihələrin real icrası ilə bağlı ciddi optimizm nümayiş etdirmək çətindir. Böyük ehtimalla, Tramp hakimiyyətdən getdikdən sonra həmin təşəbbüslərin bir qismi kağız üzərində qala bilər. Hər halda, hazırkı mərhələdə hakimiyyət mümkün qədər çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. Bunun nə dərəcədə uğurlu olacağını isə indidən qəti şəkildə söyləmək çətindir”.

III Respublika Platformasının qurucu heyət üzvü, beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah isə Xartiyanı genişmiqyaslı müttəfiqlik müqaviləsi saymır. O bildirir ki, sənəd demokratiya və insan hüquqları ilə bağlı konkret öhdəliklər etmir və əsasən iqtisadiyyat, enerji və ümumi təhlükəsizlik sahələrinə fokuslanır. Ermənistanla imzalanmış sazişlərlə müqayisədə isə ABŞ-Ermənistan əməkdaşlığı daha konkret strateji və təhlükəsizlik təminatlarını əhatə edir, o cümlədən nüvə və texnologiya sahəsində razılaşmalar Ermənistanın Rusiyadan asılılığını azaltmağa xidmət edir:

Elman Fəttah
Foto: Elman Fəttahın şəxsi arxivindən

“Yerevanla imzalanmış saziş isə müəyyən mənada ABŞ tərəfindən Ermənistana verilən daha konkret təminatlar kimi şərh oluna bilər. TRIPP layihəsi birbaşa ABŞ-Ermənistan əməkdaşlığını əhatə edir. Azərbaycan burada sadəcə, yoldan istifadə edən tərəfdir. Çünki ərazi Ermənistanındır. Heç təsadüfi deyil ki, TRIPP müqaviləsi Ermənistanla Amerika arasında bağlanıb.Bundan əlavə, Vensin səfəri çərçivəsində Ermənistanda iki mühüm istiqamətdə – nüvə enerjisi və çip texnologiyaları sahəsində – ciddi razılaşmalar əldə olunub. Bu cür layihələr Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığını azaltmağa, diversifikasiyanı gücləndirməyə xidmət edə bilər. Eyni zamanda, texnoloji sahədə irəliləyiş ölkənin regional mövqeyini gücləndirə bilər”.

“Milli maraqlar insan haqlarını üstələyir”

Siyasi məhbus məsələləsinin Bakıda qaldırılmamasına gəldikdə, Nahid Cəfərov deyir ki, dövlətlərin xarici siyasətinə dövlət səviyyəsindən yanaşdıqda, tarixən bir məqam aydın görünür,  milli maraqlar əksər hallarda demokratiya və insan hüquqlarını üstələyib. Yəni icraedici hakimiyyətlər üçün prioritet adətən təhlükəsizlik, iqtisadi və biznes maraqları olub:

“Vensin ritorikasında və çıxışlarında da bu yanaşma özünü göstərdi. Onun Ermənistandan olan məhbuslara xüsusi diqqət ayırması təsadüfi deyil. Bu, regionda uzunmüddətli və davamlı sülhün formalaşmasına maraqla bağlıdır. Eyni zamanda, belə bir yanaşma Trampın iki dövlət arasında münasibətlərin normallaşdırılmasında rol oynadığına dair formalaşdırdığı siyasi narrativlə də uzlaşır. Tramp dəfələrlə bəyan edib ki, iki dövlət arasındakı münasibətlərin tənzimlənməsində və müharibənin dayandırılmasında onun rolu olub. Əgər hər hansı səbəbdən regionda yenidən gərginlik artsa, bu, müəyyən dərəcədə onun siyasi imicinə təsir göstərə bilər”.

Elman Fəttah isə deyir ki, ABŞ-nin Cənubi Qafqazdakı siyasətində Ermənistan və Azərbaycan üçün fərqli yanaşmalar müşahidə olunur:

“Ermənistanla bağlı sənəddə bir neçə yerdə Ermənistan demokratiyasının inkişafı, müdafiəsi və s məsələlər öz əksini tapır. Azərbaycanla bağlı imzalanmış sənədlərdə və danışıqlarda belə ifadələrə heç bir formada yer verilmədi. Vensin köməkçisinin mediaya verdiyi açıqlamada da vurğulanıb ki, İlham Əliyevlə erməni məhbus məsələsi müzakirə olunub”.

“Əliyev daxili auditoriya üçün siyasi dividend qazandı”

Nahid Cəfərovun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev Vensin Bakıya səfərindən müəyyən siyasi dividendlər əldə edib:

“Xüsusilə legitimlik baxımından bunu daxili auditoriyaya təqdim etmək üçün imkan yarandı. Yəni elə bir xarici siyasət yürüdülür ki, hətta ABŞ-nin ikinci şəxsi belə Azərbaycana səfər edir və mühüm məsələləri müzakirə olunur. Bu tezis həm hakimiyyətə yaxın mediada, həm də loyal müxalifət çevrələrində sürətlə tirajlanmağa başladı”.

Keçmiş diplomat deyir ki, səfərin əsas məqamlarından biri İranla bağlı kontekst idi və ABŞ-İran münasibətlərinin son dərəcə gərgin olduğu bir dövrdə baş tutan bu səfərin təsadüfi olduğunu söyləmək çətindir:

“Azərbaycanın bu gərginlik fonunda hansı mövqe ortaya qoyduğu və ya hansısa öhdəliklər götürüb-götürmədiyi barədə indidən konkret fikir bildirmək çətindir. Prosesi ABŞ-İran münasibətlərinin gələcək dinamikası müəyyən edəcək. Eyni zamanda məlumdur ki, Azərbaycan–İsrail münasibətləri kifayət qədər yaxın və strateji xarakter daşıyır. Əgər qarşıdakı dövrdə Azərbaycan–İran münasibətlərində yenidən artan gərginlik müşahidə olunsa, bu, Bakının ABŞ və İsraillə müəyyən razılaşmalar çərçivəsində hərəkət etdiyi barədə ehtimalları gücləndirə bilər. Amma hazırkı mərhələdə bunu qəti şəkildə söyləmək mümkün deyil”.

Elman Fəttah hesab edir ki, Vensin səfərinin əsas nəticəsi ABŞ-nin Cənubi Qafqazda mövqeyini gücləndirmək iradəsini göstərməsidir:

“ABŞ bununla Ermənistan və Azərbaycan timsalında Cənubi Qafqaza daha möhkəm yerləşmək iradəsini nümayiş etdirir. Bununla da Rusiyanın müəyyən mənada Cənubi Qafqazdan sıxışdırılması məsələsi açıq-aydın görünür”.

Ana səhifəRedaktor seçimiVensin Yerevan–Bakı səfəri: sazişlər, məhbuslar və susulan insan haqları