“Dedi ki, xəstəxanaya sifarişlə yerləşdirilib”
Küçələrdən plastik, karton tulları yığıb çeşidləməklə ailəsini dolandıran AXCP fəalı Aqil Hümbətov mayın 13-də saxlandığı Respublika Psixiatriya Xəstəxanasında vəkili ilə görüşüb. Vəkil Nemət Kərimlinin Meydan TV-yə bildirdiyinə görə, mayın 12-də olduğu kimi, mayın 13-də də əvvəlcə onu müvəkkili ilə görüşə buraxmayıblar.
“Bununla əlaqədar Ombudsman Aparatıma müraciət etdim. Sağ olsunlar, dərhal reaksiya verdilər. Onların müdaxiləsindən sonra görüşməyimizə imkan yaratdılar. Mən gedəndə gördüm ki, Aqil Hümbətov kitab oxuyur”, – deyə N.Kərimli bildirib.
Vəkilin sözlərinə görə, A.Hümbətov ona tam sağlam olduğunu, siyasi sifarişlə cəzalandırılaraq psixiatriya xəstəxanasına salındığını deyib. A.Hümbətov hesab edir ki, bu şəkildə cəzalanmasının səbəbi sosial şəbəkələrdəki paylaşımlarında ölkədəki korrupsiyaya, əhalinin güzəranının ağırlığına görə hökuməti, şəxsən Prezident İlham Əliyevi günahlandırmasıdır:
“Dedi ki, xəstəxanaya sifarişlə yerləşdirilib”.
A.Hümbətovun həyat yoldaşı Aygün Hümbətova mayın 12-də Meydan TV-yə bildirmişdi ki, onunla telefon danışığında durumunun yaxşı olmadığını hiss edib. Onun sözlərinə görə, həyat yoldaşı sağlam olduğu halda, xəstələrin müalicəsi üçün nəzərdə tutulan iynələr vurulur, dərmanlar verilir. Bu da səhhətinə əks təsir göstərir:
“Sanki keyləşmişdi, çətinliklə danışırdı, deyirdi ki, çox pisəm…”
Vəkil N.Kərimli deyir ki, Aqilin sağlıq durumundan şikayəti yoxdur:
“Mən də gördüm ki, vziyyəti normaldı. Əlbəttə, mən mütəxəssis deyiləm, tibbi yoxlama aparmıram, amma mən də onu psixi xəstə kimi qəbul etmirəm. Normal şəkildə danışdıq, onun xəstəxanaya yerləşdirilməsi haqda Bakı Apelyasiya Məhkəməsinin qərarını müzakirə elədik. Ayyarımdır qərarı ala bilmirəm. Ona görə məcbur olub, qərar olmadan Ali Məhkəməyə şikayət hazırlamışam. Çünki müddət ötür”.
Küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran A.Hümbətov martın 29-da “Facebook” hesabından hökuməti və şəxsən Prezidentin özünü tənqid edəndən bir gün sonra – martın 30-da küçədən tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra onu bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada saxlandığı müddətdə xəstəxananın baş həkimi Ağahəsən Rəsulov onun məcburi müalicəyə cəlb olunmasına icazə almaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib. Lakin hakim Samir Talıbov aprelin 1-də baş həkimin ərizəsinə baxaraq, onu təmin etməyib. Həmin gün də o, evə buraxılıb. Aprelin 1-də yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri açıqlayan A.Hümbətov ertəsi gün günorta yenidən zorla xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun şikayətini təmin edib və dərhal da A.Hümbətov xəstəxanaya salınıb. O vaxtdan da oradan buraxılmayıb.
İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.
Amma A.Hümbətovun xanımı deyir ki, şikayətçi kimi adı keçən üç nəfərdən onların yaşadığı Zirə qəsəbəsində adamları şərləmək məqsədilə tez-tez istifadə olunur.
A.Hümbətovun xəstəxanadan buraxılması barədə qərar çıxaran Samir Talıbovun hakimlik səlahiyyətlərinə bundan təxminən on gün sonra xitam verilib. O, öz ərizəsilə bu vəzifədən getdiyini bildirib. Lakin başqa mənbələr onun ərizə yazmağa məcbur edildiyini iddia edir.