Vəkil: “Saleh Rüstəmov quru aclığa keçsə, komaya düşəcək”

Saleh Rüstəmov, Foto: Meydan TV

Zahid Oruc: “”Zəfər amnistiyası” Saleh Rüstəmova tətbiq edilə bilər”

“Saleh Rüstəmovla bağlı müxtəlif təşkilatlardan, üçüncü sektor təmsilçilərindən müraciətlər almışıq. Onun ətrafında gedən kampaniyanın ölkə xaricinə çıxarılması və ölkəmizin əleyhinə son həftələrdə daha da intensivliklə aparıldığını yaxşı görürük”.

Bunu Meydan TV-yə Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc deyib.

O, Saleh Rüstəmovun aclıq aksiyası keçirməsindən təəssüfləndiyini bildirib:

“Onun özünə qarşı belə qəddar hərəkətini kənardan daha çox stimullaşdıranlar bir şəxsin iztirabı hesabına siyasi istismarçılıq edirlər. Hərçənd onun əməli dövlət və şəxsiyyət əleyhinə olmadığından “Zəfər amnistiyası” əsasında sözügedən şəxslə də bağlı müvafiq dövlət qurumları ilə danışmaq olardı”.

“Bir sıra əcnəbi media platformaları, sosial şəbəkələr hakimiyyətin həyata keçirdiyi hüquqi tədbirləri, əfv və amnistiya qərarlarını belə hadisələr vasitəsilə təsirsiz etməyə, Vətən müharibəsindən sonrakı gündəliyi dəyişdirməyə, Azərbaycanın beynəlxalq hesabatlardakı tənqidini daha da kəskinləşdirməyə çalışırlar. Halbuki istənilən şəxslə bağlı həm hüquq-mühafizə və məhkəmə orqanları, eləcə də müvafiq hakimiyyət təmsilçiləri ilə görüşmək, danışmaq olardı”, – deputat vurğulayıb.

Zahid Oruc deyib ki, sədri olduğu komitəyə edilən müraciətlər əsasında müzakirələr aparacaqlar: “Bizim üçün ən əhəmiyyətli məsələ fərdi məsələlərin ölkə sərhədlərindən kənarda müzakirə edilməməsi, xarici təzyiq silahına çevrilməməsidir”.

Zahid Oruc
Zahid Oruc, Foto: Modern.az

Milli Məclisin İnsan Haqları Komitəsinin Zahid Oruca istinadən yaydığı məlumatda isə qeyd olunur ki, Amnistiya Aktı S.Rüstəmova tətbiq edilə bilər: “Saleh Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar. Bundan əvvəlki dövrdə də müxtəlif şəxslərlə bağlı tətbiq olunan xoş məram və humanist mövqe Saleh Rüstəmov məsələsinə də şamil oluna bilər. Xüsusilə də nəzərə alsaq ki, hazırda biz “Zəfər amnistiyası” dövrünü yaşayırıq. Burada hansısa siyasi mövqeyə baxılmadan qərar verilir. Çünki amnistiya məhz qanunvericilik aktlarına tətbiq edilir”.

Vəkil Bəhruz Bayramov bu gün – noyabrın 29-da Saleh Rüstəmovla görüşüb.

Vəkil Meydan TV-yə bildirib ki, artıq S.Rüstəmovda sümük ağrıları başlayıb:

“Saleh bəy gecəni yatmayıb. Bu gün quru aclığa keçmək istəyirdi. Xahiş etdim ki, olmaz, çünki ağır fəsadları ola bilər. Penitensiar Xidmətin həkimləri Saleh Rüstəmova səhhətinin ağır olduğunu və davam edərsə, böyrəklərinin sıradan çıxması təhlükəsinin yaranacağını deyiblər. Quru aclığa keçsə, 12-15 saat sonra komaya düşəcək”.

Bəhruz Bayramov, Foto: Amerikanın səsi

Vəkilin sözlərinə görə, Saleh Rüstəmovla bağlı Ali Məhkəmənin Plenumuna 11 gün əvvəl müraciət edib:

“Müraciətdə Saleh Rüstəmova qarşı maddələrdən birinin götürülməsini istəmişəm, bununla da onun azadlığa çıxması reallaşacaq. Məsələ ondadır ki, Saleh Rüstəmov məlum Amnistiya Aktına düşmür. Çünki sənəddə həmin maddələrlə ittiham olunanlar azadlığa çıxmalarına 6 ay qalıbsa, amnistiyaya düşürlər. Saleh Rüstəmovun isə 7 illik cəzasının 4-cü ilini çəkir”.

Saleh Rüstəmov 24 gündür aclıq aksiyası keçirir.

Oğlu Sezgin Rüstəmov həkimlərə istinadən Meydan TV-yə bildirib ki, atasının orqanizmi tükənmək üzrədir.
Noyabrın 26-da vəkil Bəhruz Bayramov professor Adil Qeybullanın Saleh Rüstəmovu müayinə etməsi ilə bağlı Penitensiar Xidmətə müraciət edib, amma ona cavab verilməyib.

Onun azad edilməsi ilə bağlı ötən həftə QHT nümayəndələri, hüquqşünaslar, jurnalistlər çağırış etsələr də, heç bir rəsmi reaksiya yoxdur.

Noyabrın 27-də AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, D18 Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, AXCP Gənclər Komitəsi və REAL Gənclər Birliyinin təşəbbüsü ilə “Saleh Rüstəmovun Hüquqlarının Müdafiəsi Komitəsi” yaradılıb.

Komitə Saleh Rüstəmovun hüquqlarının müdafiəsini koordinasiyalı şəkildə təşkil edib, müvafiq addımlar atacaq.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993) Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.

Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.

O, 2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gəlib və Şəmkirdə saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.

İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pulları leqallaşdırmaqda ittiham olunublar.

İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir.

Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib.

Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Ana səhifəSiyasətVəkil: “Saleh Rüstəmov quru aclığa keçsə, komaya düşəcək”