İqtisadçı axtarış aparılan mənzilə uzun müddətdir gəlmədiyini deyir
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham irəli sürülüb. Bu barədə Meydan TV-yə məlumat verən vəkili Zibeydə Sadıqova bildirib ki, iyulun 23-dən 24-də keçən gecə ADR sədri şübhəli şəxs qismində cəlb olunaraq, onun haqqında tutma qərarı verilib.
Bu maddənin sanksiyasında 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bundan öncə mənzil kimi Qubad İbadoğlunun adına olsa da, ofis kimi istifadə olunan ünvanda axtarış aparılıb və oradan 40 min dollar pul tapıldığı iddia olunub. Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, ADR sədri həmin pulların ona aidiyyəti olmadığını deyib. Ümumiyyətlə, Qubad İbadoğlu sözügedən mənzilin yalnız sənəd üzərində onun əmlakı olduğunu, uzun müddətdir ora gəlib-getmədiyini bildirib:
“O pulların da saxta, yaxud gerçək olduğu məlum deyil. Bunu ekspertiza müəyyənləşdirəcək. Hamı bilir ki, Qubad İbadoğlu uzun müddətdir Azərbaycanda yaşamırdı, Londonda universitetdə dərs deyirdi. Həmin mənzil də sənəd üzərində ona məxsusdur. O mənzillə heç bir əlaqəsi yoxdur. Özü də dedi ki, o mənzildə nə baş verirsə, ondan xəbəri yoxdur, ola da bilməz. Bunu araşdırmaq çox asandır. Hər yer kameradır. Qubad bəy Azərbaycana iyulun 1-də gəlib”.
Qubad İbadoğlunun tutulmasının “FETÖ” ilə əlaqələndirilməsinə gəlincə, vəkil deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, eləcə də axtarışlar zamanı ADR sədrinə bu mövzuda suallar verilməyib.
Zibeydə Sadıqova əlavə edib ki, Qubad İbadoğlu ilə bağlı istintaq hərəkətləri iyulun 24-də davam etdiriləcək.
Onun təqsirləndirilən şəxs qismində cəlb olunacağı və həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılacağı istisna olunmur.