“Əfqan Muxtarlının işi Gürcüstanda araşdırılmır”. Bunu hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının gürcü vəkili Arçil Çopikaşvili deyib.
Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Vəkili deyir ki, Əfqanın oğurlanmasının təşkilatçılarına çıxa bilinəcək ən tutarlı dəlillərdən biri və ən əsası küçə kamerası görüntüsü olan CD qeyri-işlək vəziyyətə düşüb. Arçil Çopikaşvili deyib ki, həmin CD-yə polis idarəsində baxıb. Ancaq CD prokurorluğa təqdim olunduqdan sonra işləməyib: “Həmin CD ekspertizaya göndərilib və onlar da CD-nin açılmama səbəbini izah edə bilməyiblər”.
Vəkil cinayət işinin açıq qalmasından narahatdır və istintaq aparılmadığını düşünür.
Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva bununla bağlı Gürcüstan parlamentinə müraciət eləyib:
"Bu işlə bağlı xüsusi komissiya yaradılmalıdır, çünki prokurorluq 2 il 5 ay ərzində heç bir araşdırma aparmır. Prokurorluq məqsədli şəkildə istintaqı aparmır. Qurum Əfqanın oğurlanmasını təşkil edən və hazırda hakimiyyətdə olan qrupun maraqlarını hələ də müdafiə edir".
Azərbaycan hökuməti jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.
Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.