Eldar Həsənov

Mənbə: Turan İA

Başlıq: Eldar Həsənov

Vəkil: Eldar Həsənovla görüşən Beynəlxalq Qırmızı Xaç nümayəndələri təəccübləndilər

Keçmiş səfirin müalicəsi üçün verilən vəsatətlər rədd edilir

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında keçmiş Baş prokuror və səfir Eldar Həsənovla görüşüb. Bu barədə sabiq səfirin vəkili Valeh Mehralıyev məlumat verərək bildirib ki, BQXK əməkdaşlarına Eldar Həsənovun tibbi sənədləri təqdim olunub, onun saxlanma şəraitilə tanış olublar.

“Eldar müəllimin tibbi sənədlərini və qəbul etdiyi dərmanları nəzərdən keçirəndə təəccübləndilər. Bildirdilər ki, koronavirusa yoluxmada yüksək risk qrupuna aid olan 66 yaşlı bir şəxsin səhhətinin bu dərəcədə kritik olmasına baxmayaraq, xəstəxanaya aparılmaması normal deyil. Komitə əməkdaşları mandatları çərçivəsində dəstək olacaqlarını qeyd etdilər”, - vəkil bildirib.

Müdafiəçinin sözlərinə görə, Eldar Həsənovun durumunun ağırlaşması, onun həyatına təhlükə yaranmasına görə təcili tibbi müdaxilə zərurətilə əlaqədar bir neçə dəfə prokurorluğa vəsatət verilib, müayinə üçün ixtisaslaşmış həkimlərin sabiq səfirin yanına buraxılmasına icazə istənilib. Lakin bütün vəsatətlər rədd edilib.

Vəkil deyir ki, hələ həbs olunmamışdan əvvəl Eldar Həsənovun 2020-ci il sentyabrın 20-də ürək əməliyyatı keçirilməsinə qərar verilib. Lakin avqustun 13-də onun həbs olunması bu əməliyyatı təxirə salıb: “Eldar Həsənovu 10 ildən artıq müayinə edən həkimin tibbi göstərişi vardı ki, ötən ilin sentyabrında əməliyyat olunmalıdır. Lakin Eldar müəllimin avqustun 13-də saxlanılması ilə əlaqədar əməliyyat təxirə salındı. Ürəyi ilə yanaşı, bağırsağında da ciddi problemlər var. Bağırsaqda davamlı qanaxma müşahidə olunur. Eyni zamanda, onurğa sümüyündə böyük ölçülərdə bir neçə yırtıq var. Əyləşə, bəzən ayağa qalxa bilmir, çəliklə hərəkət edir. Dəfələrlə yıxılıb. Ayaqlarında tutulmalar var, sağ ayağını hərəkət etdirə bilmir. Təcili xəstəxana şəraitində müayinə, müalicə və əməliyyat olunmalıdır”.

Valeh Mehralıyev əlavə edib ki, Eldar Həsənov DTX-nın istintaq təcridxanasında ona olan münasibətdən razıdır: “Özü deyir ki, əgər DTX-nın təcridxanasında yox, başqa saxlanma yerində olsaydı, həyatını itirərdi. Çox ağır dərman preparatları qəbul edir. Bu dərmanlar orqanizminə pis təsir göstərir. Ailə üzvləri, övladları çox narahatdır, təcrid vəziyyətində olduğuna görə görüş imkanı məhduddur. Onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi iə bağlı verdiyimiz vəsasətlər də rədd edilib”.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.

Eldar Həsənov Baş prokuror olduğu zaman onun birinci müavini İsa Nəcəfovla aralarındakı gərginlik haqda o dövrdə mətbuatda xeyli materiallar yayılmışdı. Tərəflərin hər ikisi müsahibə və açıqlamalarında aralarında problem olduğunu gizlətmirdi. İsa Nəcəfov hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Eldar Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İsa Nəcəfov olub-olmadığı isə məlum deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/85w2y1

Ən çox baxılan