Elçin Sadıqov məsələ ilə bağlı edilən şikayətlərin nəticəsiz qaldığını bildirir
“AbzasMedia işi” üzrə həbs edilən bütün şəxslərin müdafiə hüququ pozulduğu və cinayət işinin içərisində olan video materialların surətlərinin qanunsuz olaraq müdafiə tərəfinə təqdim edildiyi bildirilir.
Bu barədə “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov bildirib.
“Sənədlərin, videomaterialların surətləri tam şəkildə verilmir. Bu da müdafiə tərəfinin işini çətinləşdirir. Bunlar verilməlidir, çünki bu materiallar iş üzrə sübut kimi göstərilir”, – vəkil bildirib.
Elçin Sadıqov məsələ ilə bağlı şikayət edilsə də, heç bir nəticəsinin olmadığını qeyd edib.
Sentyabrın 10-da təqsirləndirilən şəxslərə ibtidai istintaqın başa çatdığı bildirilib. Bundan sonra təqsirləndirilən şəxslərin və vəkillərin iş materialları ilə tanış olması prosesi başlayıb, bu proses başa çatdıqdan sonra həbsdə olan şəxslər məhkəməyə çıxarılacaq.
2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında “AbzasMedia”nın işi üzrə altı jurnalist və media işçisi (Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Məhəmməd Kekalov) həbs edilib. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs olunub.
Əvvəlcə onların hamısına Cinayət Məcəlləsinin (CM) 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonradan avqustun 16-da və 19-da jurnalistlərə qarşı daha ağır ittihamlar – CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.
Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Jurnalistlər bütün ittihamları rədd edir, korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirirlər.
Hüquq müdafiəçiləri bütün təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıblar.