“Mənim qarşıma çıxmağa nə ağlınız, nə də cəsarətiniz çatar”
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı sentyabrın 1-də keçirilən parlament seçkilərindən danışıb.
O deyib ki, həyat yoldaşı Tənzilə Rüstəmxanlının 70 saylı Neftçala Seçki Dairəsində qalib gələcəyinə öncədən inanırmış.
Sabir Rüstəmxanlı bunu özünün deputat olduğu 4 ildə Neftçalada gördüyü işlərlə əlaqələndirib:
“Əvvəla, Neftçala camaatına inanırdım, çünki 4 ildə Neftçalada çox iş görmüşdüm. Bu işləri kifayət qədər reklam etməmək mənim günahım idi, ümumiyyətlə, reklamı sevmirəm, sağ əlin etdiyini sol əl bilməməlidir. Ancaq su, yollar çəkilmişdi, Kürün şorlaşmasının qarşısını alınmışdı. Bir sıra kəndlərə qaz çəkilmişdi, hətta Xəlil Rza Ulutürkün unudulmuş kəndinə. Şəhidlərin məzarları üzərində abidlərin ucaldılması, xeyli işlər görülmüşdü… Bunlara güvəndiyimdən hiss edirdim ki, ədalətli yarış olsa, qalib gələcəyik”.
Bu barədə Ruhi Əliyevanın “Qaranlıqda həqiqət” “YouTube” layihəsinə danışan Sabir Rüstəmxanlı seçki dövründə rayondakı gərginliyi “Avropa layihəsi” adlandırıb.
Partiya sədri bunun cəmiyyətə yol tapmasının doğru olmadığını bildirib:
“Düzdür, çox ciddi hazırlıq görülmüşdü, ancaq həmin komandanın təqdim etdiyi adam, layihə Azərbaycan parlamentinə yaraşan layihə deyildi. Biz olduq-olmadıq, Neftçala camatı onun parlamentə getməsinə icazə verməzdi”.
70 saylı Neftçala Seçki Dairəsində əsas favorit namizəd olan Vəfa Nağı Sabir Rüstəmxanlının söylədiklərinə “Facebook” səhifəsində münasibət bildirib.
Vəfa Nağı onu “Qərbin layihəsi” adlandıran Sabir Rüstəmxanlını saxtakar adlandırıb:
“Vallah, mən utanıram sizin bu mənasız, altı boş ittihamlarınıza cavab verməyə. “Kiminsə layihəsidir” nə deməkdir? Bunu hansı əsasla, hansı sübutla, hansı ağılla deyirsiniz? Axı niyə düşünürsünüz ki, bu ölkədə sizin yalanlarınızı, saxtakarlıqlarınızı ifşa edən hamı kiminsə, haranınsa layihəsi olmalıdır? Deyim niyə? Çünki siz hələ də inana bilmirsiniz ki, necə oldu, 10-15 gəncin, bir “Murovey” və bir meqafonun qarşısında bu qədər biabır ola bilmisiniz. Xalqdan oğurlayıb altınıza yığdığınız milyonlar sizə biabır olmamaq üçün bəs etmədi. Bizim bu qədər qısıtlı (məhdud – red.) resursumuzla apardığımız uğurlu kampaniyamızı və bütün ölkənin qarşısında rəzil duruma düşməyinizi özünüzə sığışdıra bilmirsiniz. Məhz buna görə də, arxamda hansısa dairələrin olduğunu dönə-dönə iddia edirsiniz. Mənim kimlərinsə, yaxud hansısa dairələrin layihəsi olduğumu sübut etməyən, bu iddiaların altını doldurmayan ən ləyaqətsiz adamdır. Buyurun, əlinizdə nə varsa, qoyun ortaya”.
“Mən sizin saxtakar, yalançı, rüşvətxor olduğunuzu, xirtdəyinizə qədər korrupsiyaya bulaşdığınızı sübut etməyə hazıram (əslində heç görünən kəndə bələdçi də lazım deyil). Təkcə sən yox, qardaşın, oğlun, elə demək olar ki, bütöv nəsliniz sənin günündədir. Çox şükür mənim qardaşlarım mühacir alverçisi olaraq Avropada həbs edilməyib”, – deyə Vəfa Nağı əlavə edib.
Keçmiş namizəd VHP sədrinin “Azərbaycan xalqı belə bir adamı heç vaxt parlamentə buraxmazdı” açıqlamasına belə reaksiya verib:
“Guya ki, parlamentin tərkibini xalq müəyyən edir və bu xalq yalançıları, saxtakarları, rüşvətxorları parlamentə buraxır, amma məni yox”.
Ardınca Vəfa Nağı Sabir Rüstəmxanlıya suallar ünvanlayıb:
“Parlamentdəki nadir çıxışlarından birində deyirdi ki, “mənim ailə üzvlərim nəyə görə hava limanında VIP-dən keçməməlidir?!”. O söhbətin axırı necə oldu? Ailə üzvlərin deputat olmamış VIP- dən keçə bilmir ona görə arvadını deputat etdirmisən? Dediyinə görə araşdırıb və komandamda FETÖ -cular olduğunu iddia edir. FETÖ-çu? Amma insafən, Tənzilə Rüstəmxanlının düz danışdığı məqamlar da var. Deyir ki, Neftçala seçicilərinin əksəriyyəti kimə səs verməlidirsə, ona da səs verdi. Bəli, Neftçala seçicilərinin mütləq əksəriyyəti mənə səs verdi. Sən və sənin ətafındakı oğrular isə o səsləri oğurladı. Təbliğat kampaniyası müddətində bütün ölkənin gözünün önündə dəfələrlə dövlətin bütün resurslarından istifadə edən namizəd deyir: “Əslində, Vəfa Nağının namizədliyi ləğv edilməli idi, amma biz onun namizədliyinin ləğv olunması üçün müraciət etmədik”. Riyakarlar elə bilir ki, bu da səs oğurluğudur. İstədikləri kimi davrana bilərlər. Gah məni “fətullahçı”, gah da “sorosçu” adlandırmasının altında bir şey yatır. Guya məni bunun qarşısına hansısa dairələr çıxarıb”.
“Mən neftçalalıyam və iddia edirəm ki, tək canıma sənin və ərinin Neftçala üçün gördüyü işlərdən ən az iki qat daha çox iş görmüşəm, daha çox neftçalalının həyatına toxunmuşam. Sənin ərin demək olar ki, rəqibsiz qatıldığı seçkidə 2800 civarında səs “toplamışdı”. Siz o qədər rəzilsiniz ki, mətbuat konfransı keçirdiyim yerdən mənə niyə yer verdiklərini soruşmusunuz. Üstəlik, utanmadan məni xalqın düşməni elan edirsiniz. Xalqın düşməni sizin kimi səs oğrularıdır, mən yox! Seçki kampaniyası vaxtında olmayan xalam oğlunu pulla, vədlərlə aldadıb, mənə qarşı videosunu çəkib paylaşacaq qədər rəzilsiniz. Nəzərinizə çatdırım ki, mənim bir xalam var, onun da övladı olmur”, – Vəfa Nağı belə yazıb.
O, Rüstəmxanlıları debata dəvət edib:
“Hər ikinizə təklifim var: gəlin, siz ikiniz, mən tək, istədiyiniz kanalda, istədiyiniz platformada, istədiyiniz saatda, gündə, ayda sizinlə qarşılıqlı bir verlişə çıxaq. Gələ bilərsiniz?! Əlbəttə yox! Çünki siz riyakarların maskası artıq cırılıb. Mənim qarşıma çıxmağa nə ağlınız, nə də cəsarətiniz çatar, bilirəm”.
70 saylı Neftçala Seçki Dairəsindən VHP-nin namizədi Tənzilə Rüstəmxanlı qalib elan edilib.
Mərkəzi Seçki Komissiyası 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv etsə də, DSK-nın qərarını qüvvədə saxlayıb.
Amma Vəfa Nağı şikayətinə baxılmadığını bildirib:
“Mənə dedilər ki, şikayətinizə baxılanda buraxılacaqsınız. Amma sonra yalnız telefonu alaraq buraxılacağımı dedilər, bunu da başa düşürəm. Sonra liftə daxil oldum, amma orada da saxladılar. Sadəcə, məni telefonla ona görə buraxmadılar ki, seçki saxtalaşdırılıb və iclasda hansısa çəkiliş edərəm. Halbuki heç nə etməyəcəkdim, sadəcə, dinləyəcəkdim. Çox təəssüf ki, mənim komissiyanın iclasında iştirakımı təmin etmədilər. Nəticədə ədalətsiz qərar qəbul etdilər. Mən MSK-ya kifayət qədər faktlar təqdim etsəm də, onlar bunu nəzərə almadılar və bu, artıq absurd qərar qəbul edildiyinin göstəricisidir”.
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.
Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.
Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.
Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.
Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.
Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.
Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.