Vaşinqtonda İlham Əliyevin qaldığı otelin qarşısında etiraz: Etirazçılar zorakılıqla üzləşdiyini deyirlər

Video Screenshot: Yagublu Rahim

Fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtonda səfərdə olan İlham Əliyevin qaldığı otelin qarşısında Azərbaycan hökumətinin tənqidçilərindən olan mühacirlərin etiraz aksiyası keçirilib.

Sosial şəbəkələrdə yayılan videoda etirazçılar İlham Əliyevin qaldığı “Waldorf Astoria” otelinin qarşısında “siyasi məhbuslara azadlıq”, “Tofiq Yaqubluya” azadlıq şüarları səsləndiriblər. Videoda aksiya iştirakçılarına Prezidentin mühafizə xidmətinin əməkdaşları tərəfindən fiziki təzyiq göstərildiyi görünür.

Azərbaycanda hökumətə yaxın media mühacirlərin təxribat yaratdığını, zorla hotelə girmək istədiyini yazıb, etirazçılar isə bu iddiaları qəbul etmirlər.

Azərbaycan Prezidentinin sərt tənqidçilərindən olan, hazırda dələduzluq ittihamı ilə 9 il həbs cəzası çəkən siyasətçi Tofiq Yaqublunun ABŞ-də yaşayan oğlu Rəhim Yaqublu da etirazçılar arasında olub. O deyib ki, yeddi-səkkiz mühacir dinc aksiya üçün toplaşıb:

“Məqsədimiz şərlənən jurnalistlər, hüquq müdafiəçiləri, AXCP sədri Əli Kərimli, Tofiq Yaqublu başda olmaqla, bütün siyasi məhbuslara azadlıq tələb etmək idi. Burada təxribat ola bilməz. Onuz da İlham Əliyevə ölkədə etiraz etmək mümkün deyil, Azərbaycanda 2019-cu ildən sərbəst toplaşmaq azadlığı qadağan olunub. Biz də məcbur, xaricdə öz fikirlərimizi, şüarlarımızı səsləndirmək istədik. Təəssüf ki, Azərbaycan hakimiyyətinin, Əliyevin cangüdənləri buna sərt reaksiya verdilər. Bizimlə əlbəyaxa oldular. Mənim paltarımı cırdılar, yumruq-təpik vurdular”.

Yayılan videolarda Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Fərid Əsgərovun şəxsən göstəriş verdiyi görünür.

Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Fərid Əsgərov aksiya zamanı, Foto: Videodan screenshot

“The Washington Post” qəzeti Rəhim Yaqublu və digər etirazçı, Adil Əmrahlı istinadən yazıb ki, İlham Əliyevin cangüdənlərin fiziki zorakılığı nəticəsində azı dörd nəfərin xəsarət aldığını yazır. Adil Əmrahlı qaçarkən ayağını zədələyib.

Vaşinqton polisinin sözçüsü Tom Linçin dediyinə görə, departamentin xüsusi əməliyyatlar bölməsinin, ABŞ Gizli Xidmətinin üzvləri Azərbaycan təhlükəsizlik əməkdaşlarının cəlb olunduğu insident vaxtı hadisə yerində olublar. O, polisin insidentə müdaxilə edib-etmədiyi, sözügedən cangüdənlərin fevralın 19-da gecə ABŞ-də qalıb-qalmadığı barədə bir söz deməyib. Onun sözlərinə görə, məsələ ilə Dövlət Departamenti məşğul olur.

“Gizli Xidmətin rolu dövlət başçıları üçün “təhlükəsizlik infrastrukturu qurmaq və qoruyucu əməliyyatları təmin etmək olub”, – bunu isə Gizli Xidmətin sözçüsü Entoni Qulyelmi söyləyib. O, otelin təhlükəsizlik parametrinə daxil olduğunu, orada Azərbaycan nümayəndə heyətinin qaldığını əlavə edib.

Qəzet Dövlət Departamentindən əlavə şərh, Azərbaycanın Vaşinqtondakı səfirliyindən ittihamlara cavab ala bilmədiyini yazır.

Rəhim Yaqublu qəzetə deyib ki, insident zamanı polis yaxınlıqda olsa da, müdaxilə etməyib. Bir neçə dəqiqə sonra cangüdənlər gediblər, etirazçılar ambulans çağırıblar. Həkimlər xəsarətlərə baxıblar, amma heç kəs xəstəxanaya aparılmayıb.

 Adil Əmrahlının sözlərinə görə, etirazçılar otelin ön girişindən digər girişə doğru qaçıblar ki, Əliyevin heç kəs görmədən çıxıb getməsinə mane olsunlar. 

“Niyyətimiz Azərbaycanda siyasi məhbuslara azadlıq tələbi ilə dinc aksiya keçirmək idi”, – Əmrahlı vurğulayıb.

AzadlıqRadiosunun Vaşinqton müxbiri xəbər verir ki, Vaşinqton DC Baş Prokurorluğu “Waldorf Astoria” otelinin qarşısında azərbaycanlı mühacirlərlə bağlı insidenti araşdırır.

 “İlham Əliyev kimi qana bulaşmış avtoritar liderlər Vaşinqtonda nümayiş etdirilməyə layiq deyillər və paytaxtımızın küçələrində etirazçılara hücum etmək üçün muzdlu şəxslər göndərmək hüququna malik deyillər”, – bunu ABŞ-nin Nyu-Cersi ştatından olan konqresmen, Amerika Erməni Milli Komitəsinin (ANCA) üzvü Frank Pallone “X” hesabında yazıb.

Pallone Amerika Prezidenti və Ədliyyə Nazirliyinə müraciət edərək, Vaşinqtondakı etirazlar zamanı zorakılıqla əlaqəli şəxslərin cavabdehlik daşımasının təmin edilməsini tələb edib.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib ki, “Pallonenin çıxışı Azərbaycanın milli maraqlarına qarşı mövqe tutmaq deməkdir və radikal aksiyaların arxasında duran qüvvələrin kimliyini göstərir”.

Ana səhifəSiyasətVaşinqtonda İlham Əliyevin qaldığı otelin qarşısında etiraz: Etirazçılar zorakılıqla üzləşdiyini deyirlər