Onun bu qərarı Ali Məclisin iclasında verdiyi bildirilir
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Onun bu qərarı Ali Məclisin iclasında verdiyi bildirilir. Məlumatı İctimai Televiziya yayıb. Ancaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni sədrinin kim olması barədə məlumat yoxdur.
Bir müddət əvvəl Vasif Talıbovun oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad olunduğu haqda məlumat yayıldı.
Unversitetin saytında Seymur Talıbov barəsində məlumat silindi.
Vasif Talıbov 1960-cı ildə Şərur rayonunda anadan olub.
O, 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon Xalq Maarif Şöbəsində başlayan Talıbov Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor və xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.
Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi olub. 62 yaşlı Vasif Talıbov 1995-ci ildən Naxçıvan MR Ali Məclisinin sədri olub.
O, 1995-ci ildə YAP-nın Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilib.
V.Talıbov I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı olub.
V.Talıbov 2010-cu ildə “Şöhrət”, 2 il əvvəl isə “Şərəf” ordenləri ilə təltif edilib.