Kəndlilər taxılı biçə bilmir
“İyun ayı yarı oldu, mən hələ də taxılı biçə bilməmişəm. Texnika vermirlər. İcra hakimiyyətinə gedirəm, deyirlər, başçı kombayn işinə baxmır. Bəs bu rayonun işlərinə kim baxır?”
Füzuli rayon sakini Tərxan Cəfərov belə deyir. Onun Bala Bəhmənli kəndində taxıl sahəsi var. Deyir, əziyyətlə əkdiyi taxılı çoxdan biçməli idi, ancaq texnika verilmədiyi üçün məhsul zay olur.
2-3 günə taxıl əldən çıxacaq
“Biçim vaxtıdır, gedirsən, deyir, kombayn yoxdur. Deyirəm, a kişi, necə yəni yoxdur? Bəs bu qədər taxılı niyə əkmişik, yelə vermək üçün? Hər il texnikaya milyonlarla pul ayrılır, hara gedir bu qədər pul? 2-3 gün də keçsə, mən daha bu zəmidən əlimi üzüm gərək… Pensiyaçı adamam, pensiyamı toplayıb, ordan-burdan pulumun üstünü düzəldib taxıl əkmişəm ki, ac qalmayım. Bir çətən külfətik, gözümüzü bu zəmiyə dikmişik”.
Kəndlilər iddia edir ki, dövlətin milyonlarla manat xərcləyərək aldığı müasir taxılbiçən texnikalardan indiyədək istifadə etməyiblər:
“Ona görə ki, rayon filiallarındakı texnikalar yalnız özlərinə xidmət göstərir. Hamısı məmurların əkin sahələrindədir. Kasıbın, yoxsulun taxılı zay olub yerə tökülür. Varlının tamahkarlığı yoxsulu ac qoyur. Kəndlilər bunu sosial ədalətsizlik hesab edirlər.
Deyir, apar, düzəltdir, istifadə elə
Füzuli sakini İmdad Həsənov:
““Aqrolizinq” ASC-nin Füzuli rayon filialının balansında müasir texnikalar var, ancaq bizə görə deyil. Xüsusi adamların sahəsində işləyir. Bizə çatanda Sovetdən qalma köhnə texnikalar təklif edirlər. Deyirlər, apar, orasını-burasını düzəltdir, istifadə elə… Kombayn düzəltdirmək baha başa gəlir. Hissələri bahadır, kəndlidə kombaynın “motor”unu yığdırmağa pul nə gəzir? Köhnə texnika hətta işlək vəziyyətdə olsa da, məhsulu toplamaq olmur. Məhsulun çox hissəsi yerə tökülür”.
Kəndlilərin deməsinə görə, əsasən yerli aqrolizinqdəki və icra hakimiyyətindəki məmurlara məxsus əkin sahələri yüz hektarlarla ölçülür. Hazırda ən müasir texnikalar həmin sahələrdə çalışır.
Biz yığmasaq, erməni yandıracaq
Eyni vəziyyət Ağdamın Mahrızlı kəndində də hökm sürür. Mahrızlılar deyir, taxıl yığımı mövsümü başlasa da, taxılı yığmaq onlar üçün problemə çevrilib. Ənənəvi problem yenə texnikayla bağlıdır, burada da kəndlilər taxılı yığmağa kombayn tapmırlar. Sərvər Vəliyev:
“Biz kombayn axtarışındayıq, taxılımız zay olur. Yerli “aqrolizinq”ə gedirik, deyirlər, gedin, sabah kombayn sahəyə gələcək. Gəlib gözləyirik, bu gün gələr, sabah gələr… Nəzərə alsınlar ki, Mahrızlı Ağdamın sonuncu kəndidir, burdan o tərəfə ermənilərdir. Tez-tez kəndə tərəf atırlar, sabah bir qrad atdı, gəldi düşdü sahəyə, alışdı, heç nə… Əziyyətimiz də hədər olacaq, məhsulumuz da…O taxılı təcili yığmalıyıq ki, çörəksiz qalmayaq. O taxıl bizim dolanışığımızdır, ruzimizdir”.
Meydan TV əməkdaşı həm Füzuli, həm də Ağdam rayon aqrolizinq şöbələri ilə əlaqə saxlayıb. Hər iki şöbədən bildirilib ki, taxıl yığımına görə bütün texnikalar işlək vəziyyətdədir və taxıl sahələrinə növbəli qaydada verilir. Füzuli Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu ilin məhsulu üçün rayonda 36 min 419 hektarda taxıl yetişdirilib. Zəmilərin 28 min 394 hektarı buğda, 8025 hektarı isə arpadır. Taxıl biçininə 60-dan çox kombayn, xeyli sayla küləş presləyən, taxıl təmizləyən, nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb olunub. Bu günədək 1488 hektar arpa zəmisində biçin aparılıb, 4435 ton məhsul tədarük edilib. Rayonda 100 min tondan artıq taxıl istehsal ediləcəyi proqnozlaşdırılır.