Separatçılar arasında kadr dəyişikləri nədən xəbər verir?
Ermənistan mətbuatı Qarabağdakı separatçı rejimdə kadr dəyişikliyi barədə məlumat
yayıb. Belə ki, 44-günlük müharibədən sonra qondarma respublikada təhlükəsizlik şurasının katibi kimi təqdim olunan Vitaliy Balasanyanın yerinə Ararat Melkumyan təyin edilib.
Yeni təyinat zahirən adi yerdəyişmə kimi görünsə də, əslində məsələnin kökü daha dərindir. Ekspertlər hesab edir ki, hazırki təyinat Rusiyadan gələn oliqarx Ruben Vardanyanın separatçı rejimdə onunla razı olmayanaların sıradan çıxarılması və öz tərəfdarlarının yerləşdirilməsi prosesinin tərkib hissəsidir.
Vitaliy Balasanyan Birinci Qarabağ müharibəsinin aktiv iştirakçısı olub. 44 günlük müharibədən sonra yenidən gündəmə gəlib. Hadisələrin gedişatı onu göstərdi ki, Balasanyan Azərbaycanın rəsmi orqanları ilə əlaqələrin tərəfdarı kimi çıxış edirdi. Laçının Zabux və Sus kəndləri azad edilərkən, orada məskunlaşmış ermənilərin evlərinin yandırmasına qadağan qoyan şəxslərdən idi.
Vardanyan Qarabağa gəldikdən sonra baş verən hadisələr onu göstərdi ki, Balasanyan onunla eyni cəbhədə deyil.
Melkumyan haqqında məlum olanlara əsasən, demək olar ki, Birinci Qarabağ müharibəsində, Monte Melkomyanın rəhbərliyi altında vuruşub. Sonradan Moskvada hərbi məktəbi bitirib. 2016-cı il aprel döşüylərinin iştirakçısı olub.
İkinci Qarabağ müharibəsində Xocavənd istiqamətində komandirlərdən biri olub.
Azərbaycanla əlaqələrin tərəfdarlarının Vardanyanın kadrları ilə əvəz edilməsinin hansı nəticələrə gətirib çıxaracağı, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi, separatçılar arasında radikalların möhkəmlənməsinin yeni hərbi qarşıdurmaya gətirib çıxara bilmə ehtimalı barədə Meydan TV siyasi şərhçilər arasında sorğu aparıb.
“Balasanyanın Melkumyanla əvəz edilməsi sadə erməninin həyat tərzini dəyişməyəcək”
Politoloq Tofiq Abbasov hesab edir ki, əslində, orda baş verən yerdəyişmələr ciddi sistemin kadr təyinatları sayıla bilməz və bununla bağlı ciddi dəyişikliklər və hər hansı şəffaf atmosfer formalaşmaz, yaxud gözlənilməz.
“Məsələ ondadır ki, 25-30 min erməninin yaşadığı bölgədə çox kiçik səviyyədə qarşıdurmalar var. Özlərini təhlükəsizlik şurasının sədri, müdafiə naziri, prezident elan edənlərin hamısının dəstələri var, onlar arasında münasibətlər çox gərgindir. İnanmram ki, proses bu gedişatla inkişaf edəcəksə, ciddi nəticə versin”, – o deyib.
Politoloq hesab edir ki, onlar yerli səviyyədə bir-birləri ilə haqq-hesab çəkməyə çalışırlar. Onun fikrincə, Balasanyanı Melkumyanla əvəz etməklə sadə erməninin həyat şəraitini dəyişmir.
“Bu dəstələrin başında dayanan adamların münasibətləri insanlara heç bir xeyir gətirmir, gətirməyəcək də. Bunlar özləri varlanır, kənardakı lobbilərinə də paylar ötürürlər, çirkli pulların yuyulması gedir, burada silah, narkotika qaçaqmalçılıq da bu prosesin içindədir”, – Tofiq Abbasov qeyd edib.
Politoloq vurğulayıb ki, Azərbaycan lazımi addımlarını atır və Bakı imkan verməyəcək ki, kənardan ora silah-sursat göndərilsin.
“Azərbaycanın bu yöndə apardığı siyasət öz nəticəsini verir, onlar yalandan bağırırlar ki, ay nə bilim, 120 nəfər mühasirədədir… Bunlar rəsmi Bakının siyasətinin öz effektini verməsidir”, – Tofiq Abbasov bildirib.
“Putin Ermənistanda Gürcüstan ssenarisini reallaşdırmaq üçün Vardanyanı Qarabağa gətirib”
“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev isə hesab edir ki, Vardanyanın addımı özünə uyğun yox, onunla zidd mövqedə olan adamın aradan götürülməsi kimi qiymətləndirilməlidir.
“Təbii ki, Balasanyanın yerinə təyin olunan Melkumyan Vardanyanın əleyhinə çıxmayacaq. Əsas göstərici bu amildir. Balasanyan da tamam fərqli mövqedəydi və Bakıyla danışıqlarda iştirak edirdi”, – Şahin Hacıyev bildirib.
Redaktor vurğulayıb ki, separatçı rejimdə klanlararası mübarizə həmişə olub və indi də var. Bununla belə, o qeyd edib ki, Vardanyan hansısa klanı təmsil etmir, o, Moskvadan gəlib və Federal Təhlükəsizlik Xidmətinin Gürcüstanda həyata keçirmək istədiyini burada gerçəkləşdirmək niyyətindədir.
“Gürcüstanda İvanaşvili tipli adamı hakimiyyətə gətirib, onun vasitəsilə qonşu ölkəni idarə edirlər. Vardanyan isə Qarabağda nüfuz qazanandan sonra Paşinyanı sıxışdırıb çıxartmaq üçün göndərilib. Rusiyanın strateji məqsədi bundan ibarətdir”, – Şahin Hacıyev hesab edir.
O hesab edir ki, Bakı yerli ermənilərlə danışıqlar aparırdı və Vardanyanın gəlməsi Azərbaycanın siyasətinə zidd oldu, razılaşmanı pozdu. Redaktorun fikrincə, ona görə də İlham Əliyev onunla bağlı sərt reaksiya verdi.
“Hazırda vəziyyət gərginləşmək üzrə gedir, bu da o deməkdir ki, heç bir ssenarini istisna etmək olmaz. Yəni müharibə də ola bilər. Vəziyyət göstərir ki, İlham Əliyev mövqeyini yumşaltmaq fikrində deyil”, – Şahin Hacıyev bildirib.
“Vardanyan yaxın illərdə Ermənistana transfer olacaq”
Konfiktoloq Arif Yunus isə hesab edir ki, Vardanyan Putin tərəfindən göndərilib və o Araik Arutyunyanı əvəz etməlidir.
“Hələ ötən il Paşinyanla Arutyunyan arasında mübahisə yaranmışdı, Ermənistanın Baş naziri onu qəbul etmirdi. Arutyunyan Yerevana gedəndə, Baş nazir istisna olmaqla istənilən rəsmi şəxslə görüşsə də, onunla təmas qura bilmirdi. Sonra Arutyunyan söz verdi ki, 2022-ci ildə istefa verəcək, amma kimin onu əvəz edəcəyi isə diskussiya mövzusu idi. Paşinyan Qarabağda ona yaxın adamın rəhbərliyə gəlməsini istəsə də, müxalifət və Rusiya öz adamlarının axtarışındaydı”, – Arif Yunus deyib.
Bununla belə, konfliktoloq düşünür ki, ilk vaxtlar Azərbaycan Vardanyanla danışıqlar aparırdı.
“Bir müddət Bakı Vardanyanla gizli danışıqlar aparırdı, baxmayaraq ki, sonra Əliyev qəzəbləndi, onunla yox, digərləri ilə görüşəcəyini söylədi. Zaman keçdikdə, Vardanyan Qarabağda bütün səlahiyyətləri öz əlinə almağa başladı. Belə olduqda, Balasanyanın gedəcəyi açıq şəkildə görünürdü. Dekabrda Xankəndidə keçirilən aksiyada Balasanyanın iştirak etməməsi onunla münasibətin yaxşı olmadığını göstərirdi. Vardanyan açıq şəkildə Arutyunyana demişdi ki, ya o, ya da Balasanyan. Əlbəttə, Arutyunyan Putinə yox deyə bilməzdi”, – Arif Yunus hesab edir.
Bununla belə, onun fikrincə, Qarabağda klan yoxdur, çünki ərazi çox kiçikdir, bir rayon səviyyəsində.
Konfliktoloq deyir ki, orada iki qrup arasında münaqişə var: Paşinyana və keçmiş prezidentlər Köçəryan və Sarkisyana, Rusiyaya yaxın qüvvələr.
“Bu, klan deyil, siyasi oriyentasiyası müxtəlif olan qruplardır. Hələ ki Paşinyan Qarabağda məğlub olur. Vardanyan güclüdür, bütün hakimiyyəti əlinə alır. Çox güman ki, Vardanyan yaxın illərdə Ermənistana transfer olacaq, məqsəd də Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır”, – o deyib.
Arif Yunus inanmır ki, İlham Əliyev Vardanyanla bağlı hansısa kəskin addımlar atacaq. Onun fikrincə, indiki problem yataqlarla bağlıdır ki, bu da Əliyevlə Putin arasında hələ keçən ildən yaranıb.
“Zod yatağından başlanan problemdir ki, o vaxt həmin ərazidə Putinin adamı oranı işlədirdi. Məncə, bir müddət sonra hansısa formada razılıq əldə olunacaq”, – o deyib.
Digər tərəfdən, Arif Yunus qeyd edib ki, Qarabağda sülhməramlılarla Vardanyanın münasibətləri çox yaxşıdır.
“Mən Bakı tərəfdən hər hansı radikal addımların atılacağına inanmıram. Əgər orda hansısa sərt addımlar atılsa, deməli, Putin belə istəyib. Orada əsas təsir imkanları Rusiyanın əlindədir, Vardanyan könüllü heç nə etməyəcək, çünki müstəqil fiqur deyil. Həmçinin, onun Paşinyanla da münasibəti o qədər yaxşı deyil. Paşinyan isə Qarabağda və sərhəddə hərbi münaqişənin yaranmasını istəmir. Ermənistan ordusu pis vəziyyətdədir, müharibə 2 il əvvəl bitsə də, hələ özlərinə gəlməyiblər. Silah-sursat sarıdan da durumları pisdir. Ona görə hərbi əməliyyat baş versə, arxasında Moskvanın dayanacağına şübhəniz olmasın”, – o deyib.