“Vaqner”in rəhbəri Şoyqu və Gerasimovu hədəfə alıb

Yevgeni Priqojin. Foto: “Reuters”

“Şoyqunun qızı Kseniya Kronştadda qala açmaqdansa, silah-sursata pul xərcləməlidir”

“Vaqner” hərbi qrupunun rəhbəri Yevgeni Priqojin Rusiyanın Ukraynada qarşılaşdığı vəziyyətlə bağlı Kremlə yaxın sayılan siyasi texnoloq Konstantin Dolqova müsahibə verib.

Müsahibə Y.Priqojinin “Telegram” kanalında yayımlanıb.

Priqojin “xüsusi əməliyyatın” gedişi zamanı uğursuzluqlarına toxunaraq deyib ki, Rusiya bu əməliyyatda Ukrayna ordusunu bütün dünyaya tanıtdı:

“Ukrayna ordusunun yüksək təşkilatçılıq, hazırlıq və intellekt səviyyəsi var. Onlar müxtəlif silahlara malikdirlər. Üstəlik, istənilən sistemdə işləyirlər: Sovet, NATO, nə olursa olsun – eyni dərəcədə uğurludur. Ukraynalılar vaxtilə Böyük Vətən Müharibəsində olduğu kimi, “ali məqsədə çatmaq” uğrunda mübarizə aparırlar. Biz denafikasiya edirdik, amma ukraynalıları millətə çevirdik, indi onları dünyada hamı tanıyır”.

Onlar yunanlar və romalılar dövründəki kimi oyanırlar. O ki qaldı demilitarizasiyaya, əgər xüsusi əməliyyatın əvvəlində onların şərti olaraq 500 tankı var idisə, indi onların beş min tankı var. Əgər o vaxt 20 min döyüşçü məharətlə döyüşürdüsə, indi 400 min nəfər döyüşür. Biz necə demilitarizasiya etdik? İndi belə çıxır ki, əksinə, Ukraynanı hərbiləşdirmişik”, – deyə Priqojin bildirib.

Priqojin Rusiyanın hakim elitası, əsasən, müdafiə naziri Şoyqunu kəskin ifadələrlə hədəfə alıb:

Şoyqunun qızı Kseniya Kronştadda qala açmaqdansa, silah-sursata pul xərcləməlidir. Əri, bloger Aleksey Stolyarov ombalarını oynatmamalıdır. Kürəkən ombalarını oynada-oynada  Şoyqunun yanına gedir, qızı Kronştadtda qalalar açır. Bu qalalar üçün pul qazanmısan? Sən pullarını silah-sursat almağa xərclə də. Bu gün məlum olur ki, kişilər döyüşür, amma kimlərsə kənardan baxır”.

Şoyqunun kürəkəni Birləşmiş Ərəb Əmirliklərinə necə gedib? Elitanın övladları özlərinə yağlı, qayğısız həyat imkanını əsirgəmirlər. Onların övladları özlərini yağlayıb internetdə göstərəndə, sink tabutlarda sadə insanların uşaqlarının parçalanmış cəsədləri  olur”, – deyə Priqojin bildirib.

Hər şey bir anda “Varfolomey gecəsi”nin nə olacağı ilə bitəcək. Elitanın övladlarının kökəlməsi insanların onları çəngəllə qaldırması ilə bitəcək. Mən Rusiyanın elitasına tövsiyə edirəm, toplaşın, uşaqlarınızı müharibəyə göndərin”, – deyə Priqojin əlavə edib.

O deyib ki, əgər onlara 200 min nəfər verilsəydi, cəbhəni 50-150 kilometr müxtəlif istiqamətlərə köçürər və bütün Donbasa nəzarəti ələ keçirərdilər:

“Biz tam orduyuq. Niyə bizə icazə verilmədi? Çünki intriqalar, hansısa strukturun şərtləri diktə etməyə və şərti olaraq tanklarla Moskvaya gəlmək qorxusundan belə oldu”.

Rusiya Müdafiə Nazirliyi haqqında danışan Priqojin: “Əsas problem Şoyqu və Gerasimovdadır”, – deyə söyləyib.

Bu iki adamdır ki, prezidentin “mərmi var” deməsinə baxmayaraq, öz qərarı ilə bizim üçün hər şeyin qarşısını kəsiblər. Əgər bu gün Mizintsev müdafiə naziri, Surovikin isə Baş Qərargah rəisi olsa, bu, normal struktur olardı”, – deyə Priqojin vurğulayıb.

Müharibənin inkişafı ssenarilərinə gəlincə,“Vaqner” hərbi qrupunun rəhbəri nikbin və bədbin ssenarilərin olduğunu vurğulayıb:

Birincisinə inanmıram. Avropa və Amerika Ukrayna münaqişəsindən yorulacaq. Çin hamını danışıqlar masasına oturdacaq. Biz də razılaşacağıq ki, artıq tutduğumuz hər şey bizimdir, tutmadıqlarımız bizim deyil. Bu ssenarinin mümkün olması ehtimalı azdır. Bədbin ssenari: ukraynalılara raketlər verilir, onlar qoşun hazırlayır, təbii ki, hücumu davam etdirəcək, əks-hücum keçirməyə çalışacaqlar. Ola bilsin ki, əks-hücum hardasa uğurlu olsun, 2014-cü ilə qədər sərhədləri bərpa edəcəklər və bu, asanlıqla baş verə bilər. Krıma hücum edəcək, Krım körpüsünü partlatmağa çalışacaq, təchizat xətlərini kəsəcəklər. Ona görə də biz ağır müharibəyə hazırlaşmalıyıq”.

Biz indi elə bir vəziyyətdəyik ki, sadəcə olaraq, Rusiyanı batırıb bulaşdıracağıq. Ona görə də hərbi vəziyyət tətbiq etməli, yeni səfərbərlik dalğaları elan etməli, mümkün olan sursat istehsalına keçməliyik. Biz kökəlməyi, yeni yollar, yeni infrastrukturlar çəkməyi dayandırmalı və ancaq müharibə üçün işləməliyik. Rusiya bir neçə il Şimali Koreyanın timsalında yaşamalı, bütün sərhədləri bağlamalı, axmaqlığa son qoymalıdır”, – deyə Priqojin fikini tamamlayıb.

Nə baş verib?

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib. 

Ana səhifəDünya“Vaqner”in rəhbəri Şoyqu və Gerasimovu hədəfə alıb