Vahid Mustafayev məhkəmənin qərarına təsir edir?

Mustafayev 2003-cü ildə bu binada mənzil alıb, amma 2006-cı ildən sonra kommunal xərcləri ödəməyi dayandırıb.

Vahid Mustafayev. Foto: ANS


Keçmiş ANS rəhbəri ilə “Yasamal 15”-in sakinləri arasında məhkəmə çəkişməsi var

Hakim bu gün bir qərar, beş gün sonra isə tamamilə əks qərar qəbul edə bilərmi?

Dövlət qurumunun rəsmi nümayəndəsi məhkəməyə yalan sənəd təqdim edə bilərmi?

Məhkəmə bu sənədi qəbul edib, qərar çıxararkən onu nəzərə ala bilərmi?

İlk baxışda bu sualların cavabı göz qabağındadır – əlbəttə ki, yox, belə bir şey ola bilməz, olmamalıdır. Amma, təsəvvür edin ki, belə bir şey olur.

“Turan” İnformasiya Agetliyi Quban Xəlilov küçəsi, 5 ünvanında yerləşən binanın sakinləri və bağlanmış ANS telekanalının sahibi Vahid Mustafayev arasında dörd aydır davam edən məhkəmə çəkişməsi haqqında yazmışdı. Məhz bu prosesdə belə qəribə hallar baş verir.

Agentliyin yazdığına görə, münaqişənin məğzi belədir: Vahid Mustafayevin bu evdə mənzili var, amma illərdir kommunal xərcləri ödəmir, bunu guya orada yaşamaması ilə əsaslandırır. Əslində isə o, müntəzəm olaraq mənzili kirayə verir və özü də müntəzəm olaraq ondan istifadə edir.

Sakinlər mənzil sahibindən kommunal xərcləri, təmir xərclərini və infrastrukturun saxlanılması xərclərini ödəməyi tələb edən Azərbaycan Mənzil Məcəlləsinə istinad edirlər. Qanuna əsasən, bu, mənzilin istifadəsindən asılı olmayaraq, bütün mülkiyyət sahiblərinin öhdəliyidir.

Mustafayev 2003-cü ildə bu binada mənzil alıb, amma 2006-cı ildən sonra kommunal xərcləri ödəməyi dayandırıb.

Son 5 ildə o, mənzili icarəyə verib, müntəzəm olaraq evə gəlib, elektrik enerjisi, su və isitmədən istifadə edib. Bu zaman o, borcunun çox az hissəsini ödəyib. Bu müddət üçün ödənilməmiş borc 5500 manat təşkil edib.

Çoxsaylı müraciətlərə və razılaşma cəhdlərinə baxmayaraq, Mustafayev borcunu ödəməkdən imtina edir. Bu arada, binada vahid isitmə sistemi (qazanxana), vahid soyuq və isti su sistemi var. Bir nəfərin imtina etməsi avtomatik olaraq o deməkdir ki, digər sakinlər onun yerinə ödəniş etmək məcburiyyətindədirlər. Bu, liftlər, su vuran motorlar, binanın işıqlandırılması üçün elektrik enerjisi və binanın mühafizəsi xərclərinə də aiddir.

Ümidini itirən bina sakinləri Mənzil Mülkiyyətçiləri Cəmiyyətlərinin ("Yasamal-15") ümumi yığıncağını keçiriblər və Mustafayevin mənzilinə elektrik enerjisi verilişini dayandırmaq qərarına gəliblər. Buna cavab olaraq Mustafayev məhkəməyə müraciət edərək, sakinləri onun hüquqlarını pozmaqda ittiham edib və ona 10000 manat mənəvi təzminat və itirdiyi gəlirinə görə 1200 manat (!) ödəməyi tələb edib.

2019-cu ilin oktyabrında Yasamal Məhkəməsində başlamış prosesdə "Yasamal-15"in vəkili Vahid Mustafayevin son 5 ildə kommunal xərclərin çox az hissəsini ödədiyini təsdiq edən sənədlər təqdim edib. Öz növbəsində, Vahid Mustafayevin nümayəndəsi onun borcun qalan hissəsini ödəməkdən imtina etməsinin səbəbini izah edə bilməyib.

Azərbaycan Mənzil Məcəlləsinə əsasən, mənzil mülkiyyətçisi mənzildə yaşayıb-yaşamamasından, ondan istifadə edib-etməməsindən asılı olmayaraq, kommunal xidmətlərə görə ödəniş etmək öhdəliyi daşıyır.

"Turan”ın yazdığına görə, hakim Emin Mehdiyev tərəflərə yaxşılıqla razılaşmağı təklif edib. O, əvvəlcə "Yasamal-15"in vəkilindən sakinlərin Mustafayevə güzəşt etməyə hazır olub-olmadıqlarını soruşub. Müsbət cavab alan hakim tərəflərə mübahisəni barışıq yolu ilə həll etmək üçün vaxt verib.

Amma üç həftə hədər gedib, Mustafayevdən heç bir təklif gəlməyib. Bunun yerinə onun vəkili məhkəməyə iddianı təmin etmək və məhkəmənin yekun qərarı verilənə qədər elektrik enerjisi verilişinin bərpa edilməsi haqqında qərar qəbul etmək xahişi ilə müraciət edib.

Oktyabrın 31-də hakim xahişin faktiki olaraq Vahid Mustafayevin iddiası ilə üst-üstə düşdüyünə istinad edərək, onu təmin etməyib. Hakimin qərarı bina sakinləri tərəfindən məmnuniyyətlə qəbul edilib və növbəti iclas dekabra təyin edilib. Amma elə bu zaman qəribəliklər başlayıb.

Belə ki, iki həftə sonra – noyabrın 15-də elə həmin hakim Emin Mehdiyev əvvəlki qərarına tamamilə əks olan qərar qəbul edib – elektrik enerjisi verilişi bərpa edilsin. Bu zaman "Yasamal-15"in nümayəndələrinə bu əlavə iclas haqqında məlumat verilmir (!)

Hakim vəkilin və "Yasamal-15" nümayəndələrinin sorğularına cavabda öz qərarını niyə ləğv etdiyini və onu nə ilə əsaslandırdığını aydın şəkildə izah edə bilmir.

İşdə "Azərişıq"ın şəxsində daha bir cavabdeh var. Vahid Mustafayev bu idarəyə qarşı da iddia qaldıraraq, onun hüquqlarını təmin etmədiyinə görə idarəni cəzalandırmağı tələb edib.

Bu təşkilatın nümayəndəsi Fuad Qasımzadə bütün iclaslarda iştirak edir və əvvəldə hakim ondan sakinlərin Vahid Mustafayevin təkcə elektrik enerjisinə görə borcunun 300 manatı keçdiyi barədə iddialarını yoxlamağı xahiş edib. Həmçinin, hakim binada elektrik enerjisinə nəzarət sisteminin necə olduğunu və bütün sakinlərin abunə kodunun olub-olmadığını müəyyənləşdirməyi xahiş edib.

Növbəti iclasda Fuad Qasımzadə bildirib ki, bütünlükdə binanın borcu 2000 manat təşkil edir, Mustafayevin isə borcu yoxdur. Bu zaman Qasımzadə öz iddiasını heç cür əsaslandırmayıb və Mustafayevin abunə kodunun olub-olmadığı haqqında suala cavab verməyib.

"Yasamal-15"in nümayəndəsinin digər bina sakinlərinin borcu olub-olmadığı haqqında sualına "Azərişıq" nümayəndəsi cavab verə bilməyib. O, həmçinin bina sakinlərinin heç birinin borcu olmadığı halda, binanın borcunun haradan çıxdığı barədə suala cavab verə bilməyib.

Geriyə qayıdaraq qeyd edək ki, "Azərişıq" nümayəndəsi yenə də məhkəməyə bir sənəd təqdim edib, məhkəmə də elektrik enerjisi verilişinin bərpa edilməsi haqqında qərar çıxarıb.

Yasamal rayonunun bu qərarından apelyasiya şikayəti verilib, Dekabrın 24-də Apelyasiya Məhkəməsində keçirilən prosesdə Fuad Qasımzadə yenə bu sənədi təqdim edərək, Vahid Mustafayevin borcunun olmadığını bildirib.

Vüqar Həsənovun sədrlik etdiyi məhkəmə heyəti sənədi qəbul edib və Yasamal Rayon Məhkəməsinin hakimi Emin Mehdiyevi qərarını qüvvədə saxlayıb.

Məlum olub ki, məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən dəlil kimi qəbul edilmiş Vahid Mustafayevin borcu olmaması haqqında "sənəd"in bu işlə heç bir əlaqəsi yoxdur – bu, tamamilə başqa ünvanda tamamilə başqa mənzilin elektrik enerjisi borcunun ödənildiyi haqqında sənəddir!

Yəni, bu, Şərifzadə küçəsində Fuad Mustafayevin (göründüyü qədər, Vahidin atasının) adına olan mənzilin kod göstəricisidir.

Fuad Qasımzadə "Yasamal-15"in məhkəməyə işlə əlaqəsi olmayan sənədi təqdim etməsinin səbəbi haqqında sualına cavab verə bilməyib. Eyni zamanda, o, "Yasamal-15"in vəkilinin aşağıdakı üç sorğusuna cavabını məhkəməyə təqdim etməyib: "Azərişıq"ın Vahid Mustafayevlə Qurban Xəlilov küç., 5 ünvanına elektrik enerjisi verilməsi haqqında müqaviləsi və orada abunə kodu varmı? Bu binada elektrik enerjisindən istifadə və ona görə ödənişə necə nəzarət olunur? Son 5 ildə Mustafayev nə qədər elektrik enerjisindən istifadə edib və nə qədər ödəniş edib?

Bu məhkəmə prosesi 2019-cu ilin oktyabrından davam edir. Agentlik yazır ki, Yasamal Rayon Məhkəməsi hələlik yekun qərar çıxarmayıb. Amma işin gedişatı yeni sürprizlər vəd edir.

Ana səhifəİqtisadiyyatVahid Mustafayev məhkəmənin qərarına təsir edir?