Vahid Əhmədov: Pensiya yaşı azaldılmalı, “uşaqpulu” verilməlidir

“Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir”.

Vahid Əhmədov, Foto: Meydan TV


“Bu gün “uşaq pulu”nun verilməsini edə bilmərik deməyi düzgün hesab etmirəm”

"Yaşlı insanların sosial yükünü dövlət öz üzərinə götürməyi bacarmalıdır“.

Parlamentin iclasında deputat Vahid Əhmədov belə deyib. O bildirib ki, Azərbaycanda pensiya yaşı həddindən artıq yüksəkdir. Hesab edirəm ki, pensiya yaşı ilə əlaqədar müəyyən ümumi məxrəcə gəlmək, “uşaq pulu”nun verilməsi millətin tələbidir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd edir ki, müəyyən təbəqədən olan insanlara “uşaq pulu” veririk. Amma biz hamımız faktiki olaraq “uşaq pulu” ilə böyüyən adamlarıq. Bu gün “uşaqpulu”nun verilməsini edə bilmərik deməyi düzgün hesab etmirəm. Biz demirik ki, 18 yaşa kimi uşaqlara bunu vermək lazımdır. Amma bununla bağlı da ümumi məxrəcə gəlmə lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir".

Deputat hesab edir ki, “uşaq pulu” məsələsinə birbaşa olaraq “yox” demək düzgün deyil və Əmək və əhalinin sosial müdafiəsi naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir.

2017-ci ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb.

Dövlət qulluqçuları üçün 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.

Kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Ana səhifəİqtisadiyyatVahid Əhmədov: Pensiya yaşı azaldılmalı, “uşaqpulu” verilməlidir