Vəkil Zabil Qəhrəmanova qarşı daha iki maddə üzrə ittiham irəli sürülüb

Zabil Qəhrəmanov. Foto: şəxsi Facebook səhifəsi

Yanvarın 19-da Səbail Rayon Məhkəməsində vəkil Zabil Qəhrəmanovun növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin qərarı ilə Zabil Qəhrəmanovun həbs müddəti daha iki ay müddətinə uzadılıb. Bundan əlavə ona qarşı daha iki maddə üzrə ittiham irəli sürülüb. Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Bu maddələrə görə, onu 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Qəhrəmanovun vəkili Babək Həmidov Toplum TV-yə bildirib ki, qərarı əsassız hesab etdiklərindən apellyasiya şikayəti verib.

Həmidov deyir ki, Zabil Qəhrəmanov Gəncə şəhərində saxlanılmasına baxmayaraq, sonradan o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Gəncə Şəhər Baş Polis İdarəsinin onun barəsində açdığı cinayət işi üzrə istintaq hazırda Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin icraatındadır.

Zabil Qəhrəmanov oktyabrın 25-də Gəncə şəhər Məhkəməsinin qərarı ilə həbs edilib. Onun oktyabrın 23-də Göygöldə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur. Cinayət Məcəlləsinin xuliqanlıq, dələduzluq maddələri ilə ittiham olunan vəkil barəsində oktyabrın 28-də  3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunmuşdu.

Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

Onun Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına və açıqlamalarına görə cəzalandırıldığı ehtimal olunur.

Ana səhifəXəbərlərVəkil Zabil Qəhrəmanova qarşı daha iki maddə üzrə ittiham irəli sürülüb