“Hazırda Azərbaycanda 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir”
Azərbaycanda hüquqi yardıma çıxış uzun illərdir ki, həm hüquqşünaslar, həm də insan hüquqları müdafiəçiləri tərəfindən gündəmə gətirilən problemlərdən biridir. Xüsusilə də 2017-ci ildən sonra hüquqi nümayəndələrin məhkəmədə iştirak imkanlarının ləğv olunması, hüquqi yardıma çıxışın yalnız Vəkillər Kollegiyasına üzv olan vəkillərlə məhdudlaşdırılması bu sahədəki çatışmazlıqları daha da dərinləşdirib. Bu yazıda vəkil sayının azlığı, peşə monopoliyası və regionlardakı durum kontekstində hüquqi yardıma çıxış məsələsini təhlil edirik.
“Hazırda Azərbaycanda 2609 vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir”.
Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov 2025-ci il may ayında yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşdə məlumat verib. O, bu göstəricilərin Kollegiyanın fəaliyyət miqyasının artdığını və hüquqi xidmətə olan yüksək tələbatı əks etdirdiyini bildirib.
Lakin statistik analiz göstərir ki, bu artım ölkədəki ehtiyacla müqayisədə çox zəifdir. Əhalinin sayı 10,2 milyon nəfər olan Azərbaycanda hazırda hər 100 min nəfərə 25 vəkil düşür. Müqayisə üçün, Avropa Şurası ölkələrində bu göstərici ortalama 155-dir , ABŞ-d’ isə 383 vəkil təşkil edir.
Əgər adambaşına vəkil sayı ilə ölçsək, bu gün Azərbaycanda hər 3910 nəfərə cəmi bir vəkil düşür. Bu rəqəm ölkəni Avropa Şurası ölkələri arasında vəkillərin sıxlığı baxımından sonuncu sıraya salır.
2017-ci il islahatları: Hüquqi yardımın məhdudlaşdırılmağının başlanğıcı
2017-ci ilin noyabrında qüvvəyə minən qanun dəyişikliyi ilə vəkil olmayan hüquqi nümayəndələrin məhkəmədə təmsilçilik hüququ ləğv edildi. Həmin dövrdə “təmsilçilik institutunun ləğvi” adlandırılan bu islahat cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu. 2018-ci ilin ortalarına qədər keçid dövrü tətbiq olundu və bu müddət ərzində hüquqi nümayəndələr əvvəlki işlərdə iştirak etməyə davam etdilər. Lakin sonradan məhkəmədə təmsilçilik yalnız Vəkillər Kollegiyasına üzvlüklə məhdudlaşdırıldı.
Beynəlxalq hüquq standartlarına görə, peşə monopoliyası müəyyən şərtlər daxilində qəbul edilə bilər – əsasən, hüquqi xidmətin keyfiyyətini artırmaq, vəkil məsuliyyətini tənzimləmək və vətəndaşları qeyri-peşəkar hüquq xidmətlərindən qorumaq məqsədi ilə. Lakin Azərbaycanda bu mexanizmin daha çox siyasi motivlərlə istifadə edildiyi, xüsusilə tənqidçi vəkillərin məhdudlaşdırıldığı barədə nüfuzlu beynəlxalq qurumlar həyəcan siqnalı verirlər.
2018-ci imtahan partlayışı və sonrakı durğunluq
2017-18-ci illərdə vəkilliyin peşə monopoliyası təsis ediləndə Vəkillər Kollegiyasının rəhbərliyi tezliklə vəkil defisiti probleminin aradan qaldırılacağını elan etmişdi.
2018-ci ildə vəkilliyə qəbul imtahanları nəticəsində 572 yeni vəkil Kollegiyaya qəbul edildi və ölkədə vəkil sayı 931 nəfərdən 1503-ə yüksəldi. Bu, ciddi bir sıçrayış idi. Lakin həmin ildən sonra artım tempi yavaşladı. Hazırda, 2025-ci ilə qədər olan 7 illik dövrdə artım 1106 nəfər olub. Bu, ildə orta hesabla təxminən 158 vəkil deməkdir və hüquqi yardımın ölkə üzrə bərabər şəkildə yayılmasına və defisitin aradan qaldırılmasına kifayət etmir.
Bakı və region uçurumu: Regionlarda hüquqi yardım demək olar ki, yoxdur
Statistikaya əsasən, 2609 vəkilin 2127-si Bakıda, cəmi 480-i isə regionlarda fəaliyyət göstərir. Bu isə o deməkdir ki, regionlarda hər 100.000 (yüz min) nəfərə cəmi 6 vəkil düşür. Regionlarda vəkillərin azlığı və hüquqi yardıma çıxışın məhdudluğu vətəndaşların ədalət sistemindən effektiv faydalanmaq imkanlarını xeyli azaldır.
Bundan əlavə, bir sıra vəkillər dövlət qulluğuna keçdiyi üçün aktiv hüquqi fəaliyyətlərini dayandırırlar. Bu isə vəkillərin real sayının rəsmi statistikadan daha az olduğunu göstərir.
Nəticə: Hüquqi yardım ancaq kağız üzərində mövcuddur?
Azərbaycanda vəkilliyin peşə monopoliyası hüquqi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə əsaslandırılsa da, əksər hallarda bu sistem hüquqi yardıma çıxışı məhdudlaşdıran, siyasi basqıya məruz qalan vəkilləri sıradan çıxaran və regionları səmərəli hüquqi yardımdan məhrum edən mexanizmə çevrilib.
Əgər məqsəd əhalinin ədalətə çıxışını təmin etməkdirsə, bu zaman vəkillərin sayının artırılması, regionlara yönəldilməsi və peşənin siyasi manipulyasiyalardan uzaq saxlanılması vacibdir. Əks halda, hüquqi yardım vətəndaşın hüququ olmaqdan çıxıb yalnız imkanı olanların əlçatan xidmətinə çevriləcək.