Üzeyir Hacıbəyov: Bizi irəli aparanların cibləri ağırlıq etdiyi üçün yolda qalıblar

Meydan.tv “Dəyərli bəylərlə söhbət” rubrikasına start verir. Ötən əsrin əvvəllərindən bu günə qədər100 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cəmiyyətdə mövcud olan problemlərin böyük əksəriyyəti demək olar ki, dəyişməyib.

Source:


Meydan.tv “Dəyərli bəylərlə söhbət” rubrikasına start verir. Ötən əsrin əvvəllərindən bu günə qədər100 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cəmiyyətdə mövcud olan problemlərin böyük əksəriyyəti demək olar ki, dəyişməyib. Rubrika çərçivəsində günümüzdə çox aktiv olan, cəmiyyətin inkişafında müəyyən maneələr yaradan problemlər və onların həlli yolları ilə bağlı suallara klassiklərin baxışlarından cavab axtarılacaq.


“Dəyərli bəylərlə söhbət”in ilk qonağı dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovdur. Müsahibədə yer alan suallar rubrika çərçivəsində hazırlanıb. Cavablar isə Üzeyir bəyin məqalələrindən, felyetonlarından və digər əsərlərindən götürülüb.



Qeyd: Müsahibədə yer alan Üzeyir Hacıbəyovun fikirlərinə heç bir müdaxilə edilməyib, sadəcə bəzi sözlər müasir Azərbaycan dilinə uyğunlaşdırılıb


– Üzeyir bəy, bizə millət olaraq nə ad vermək olar?

– Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya da çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik, “kanduktor” qapaz vurub deyir ki, nə üçün bilet alıb, məni rüşvətdən mərhum edibsən? Bilet almayıb vaqona minirik, yenə “kanduktor” qapaz vurub deyir ki, nə üçün biletsiz gəlmisən? Sonra da tutub cibimizi soyur.

Şəhər və kənd müəssisələrinin qarşısında biz həmişə boynuburuq və əli qoynunda durub həftələrlə növbə gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik.


– Bəs biz nə üçün geridə qalmışıq?

– Çünki bizi irəli aparanların cibləri ağırlıq etdiyi üçün yorulub, yolda qalıblar. Ciblərinin də nə üçün ağır olduğunu mən bilmirəm. “Vısşi kurs” qurtaranlarımızdan xəbər al desin.


– O zaman bizim ziyalılarımız bizi niyə qabağa apara bilmir?

– Ziyalılarımızın ən böyük nöqsanı iş görməkdən daha çox özlərini göstərməkdir. Baxırsan ki, məclis qurulub, məclisə yığışanların hamısı allaha şükür, həm rusca, həm də müsəlmanca oxumuş intelegent adamlardır. Bunlar buraya cəm olub, “milləti irəli aparmaq” kimi mühum bir məsələ xüsusundə danışırlar. İntelegnetlerdən birisi durub niqt söyləyir:

“Həzarat, sizin hamınıza məlumdur ki, bizim millət geridə qalıbdır. Onları irəli aparmaq üçün bizim borcumuzdur ki, filan şeyi, filan şeyi, filan şeyi… hökümətdən tələb edək”.

Cənab natiq bu axırkı zöləri elə bərk deyir ki, onun təsirindən əhli – məclis həyacan gəlib, təmiz yarım saat əl çalır, “bravo, bravo” – deyirlər. Onda digər bir natiq durur, o da belə söyləyir:

– Həzarat biz bu qədər şeyləri hökümətdən tələb edə bilmərik. Biz bunları yaxşı olar ki, xahiş edək. Çünki tələb edəcək qədər tməyə bizdə qüdrət yoxdur

İkinci natiqin bu sözləri də camaata artıq təsir edib, intelegent camaat bu natiqə də əl çalır, yenə “bravo, bravo” – deyirlər. Üçüncü natiq durub başqa bir təklif verir. Əhli-məclisin bu sözlərdən də xoşu gəlir, yenə əl çalırlar, yenə “bravo, bravo” deyirlər. Sonra hazırlaşırlar ki, dördüncü, beşinci, altıncı natiqlərə də əl çalıb, “bravo” desinlər, küçədən keçən əcnəbilər də bilsinlər ki, burada müsəlman intelegentlərin məclisi vardır.

Yaxşıdır, işlərimiz belə getsə, yaman deyil…


– Üzeyir bəy, təhsilimiz, məktəblərimiz nə vaxt islah olunacaq?

– Ana dilimizi birmənalı unudandan sonra. Ana dilini unutmağın yolunu da mən bilmirəm. Müəllimlərimizdən xəbər al, desinlər.


– Dünya yenilənir, hamı yeniliklər edir. Bəs biz nə qədər yenilikçi xalqıq?

– Əslində baxsan, indi bu saat hamı təzə iş görmək həvəsindədir. Amma heyf ki, təzə bir şey bir şey çıxarda bilməyib, ancaq köhnə şeyi təzələndirirlər. Bilirsiniz bu nə nəyə oxşayır? Bu ona oxşayır ki, görürsən birisinin çuxası köhnəlir, nimdaş olur, bu isə çuxa sahibinə xoş gəlmir. Çünki köhnə çuxa onu gözdən salıb, etibar və etimadını azaldıb. Bəs necə olsun? Pul yoxdur ki, təzə çuxa alsın… Çuxa sahibi fikir edir və çuxasının təzələnməsi üçün tədbir axtarır, axırda bu tədbiri tapır.

Nə qayırır? Heçnə, çuxasını götürüb, o biri üzünə çevirir. Doğurdan da baxırsan ki, çuxa təzə görünür, amma ki, heyf! Biraz keçmir ki, çuxanın o bir üzü də əsil – əsassız olduğuna görə, tez saralıb, əvvəlki üzündən də pis görünür və didilib, axırda çuxalıqdan da düşür. O bu halda çuxa sahibi çarəsizlikdən çuxasına rəng vurur, əlvan rənglərə boyayır, amam yenə də fayda vermir.

Yazıq çuxa ağır xəstəliyə düçar olan insan kimi getdikcə əldən düşüb, axırda adam arasına çıxartmalı olmur. O halda bilirsizmi çuxa sahibi nə qayırır?


– Çuxanı atır?

– Xeyr, çuxanı yenə də atmır. Çuxalıqdan düşmüş çuxasını çıxardıb, onu qab dəsmalı edir. Amma ki, onu atmır.


– Millətimizin əsas bədbəxtçiliyi nədədir?




Bu yaxınlarda uzaqlarda yaşayan bir dostum mənə məktub yazıb. Dostum məktubda məni 3 şeydən xəbərdar edir və deyir ki, camaatın bədbəxtçiliyi bu 3 şeydəndir. Bunlar budur: Pulpərəstlik, şan qazanmaq və bir də riyakarlıq.


– Pulpərəstlik nə mənada?

Dostum yazır ki, əslində baxsan pulpərəstlik elə bir alçaq sifətlərdən deyil, çünki məlumdur ki, bu dünyada pul dirilməyimizin əsas vasitəsidir. Məsələn, bu gün mənim cibimdə pul olmasa, ac qalmaq, lüt gəzmək o yana dursun, ən yaxın dostlarım belə mənim üzümə baxmaq istəməzlər və niyə baxsınlar ki? O halda ki, mənim qarnım ac və əynim yalavacdır, o binəvalar məndən nə həzz ala bilrələr ki?!.. Qısacası onu deyirəm ki, pulpərəstlik pis şey deyil, amma bu şərtlə ki, həddindən çıxmayasan.

Mənə deyirlər ki, necə yəni həddindən çıxmayasan. Yəni milyoner olmayasan? Onda deyirəm ki, xeyr, mən onu demirəm. Mənim dediyim budur ki, pul qazanmaqda digərlərinin mənafeyinə əl uzatmayasan.


– Çap maşınları avropada ixtira olunandan sonra, uzun müddət müsəlman ölkələrinə buraxılmadı. Din xadimləri bunu haram buyurdu. Bu da müsəlmanların oxuma və biliklənmə mövzusunda geri qalmasına səbəb oldu. Sizcə niyə çap maşınlarına qarşı belə münasibət oldu?




Qəzet oxuyan müsəlman məlumat qazanır, biliyi artır. Ona görə “Qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlman bütün aləmin əhval xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında baş verən bütün hadisələri bilir. Ona görə “Qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlmanın ağlı artır, dargöz olmur. Hər bir işə ağıllı başla yanaşır. Ona görə “Qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlman öz dərd və ehtiyacını, qardaşının düçar olduğu müsibət və bəlanı qəzet sütunlarında yazılmış görür, yaxud millətini təhdid edən müsibətlərdən xəbərdar olur. Ona görə “Qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlman qəzetdən təsəlli tapır, qəm və kədəri dağılır, pərişan könlü təskinlik tapır. Ona görə “Qəzet oxumaq müsəlmana haramdır”.

Ona görə müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri olmasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyaclarından, qorxulu müsisbətindən bixəbər olub, çarəsiz, dərmansız, əncamsız qalsınlar; ürəkləri deşən qəm – kədərdən xilas olub, təsəlli tapmasınlar. Bunların hamısı “halaldır!”.


– Üzeyir bəy, millətimizin ən pis cəhəti nədir bəs?




Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə səbəb olur. Cürətsiz adamdan yaxşı iş çıxmaz, başqalarının müsibətinə bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. İşlərini korlayar, heç bir səmərə görməyib, ədlən buraxar.

Biz bir işə başlamazdan əvvəl qabaq öz acizliyimizi yəqin edib, görəcəyimiz işdən heç bir şey çıxmayacağına özümüzü inandırırıq. Beləliklə tamam həvəsdən düşüb, əəldə olan fürsətimizi əldən buraxırıq. Birimiz bir iş tutmaq istədikdə, digərimiz ona mane olub, cürətsizlərə mənsub bir əda ilə “Sən, yaxud biz bacaran iş deyil” – deyə bu işdən çəkinməyi inadla tövsiyyə edirik. Biz eşidirik ki, filan müsəlman, filan böyük işə başlamağı qərara alıbdır. Yaxud, filan işdən ötrü Amerika kimi bir yerə getmək istəyib. O saat biz o işlərdən bir şey çıxmayacağını qətiyyətlə xəbər veriririk. Həmin adama “Çünki müsəlmanlardan belə – belə işlər baş verməz, belə məsələlərdə ermənidən danış, biz müsəlmanlar belə işləri bacarmarıq” deyib, onu tam ümidsizliyə sövq edirik.


– Üzeyir bəy, bəs bizim heçmi yaxşı cəhətimiz, yaxşı bir yönümüz yoxdur, hər şey ancaq Avropada yaxşıdır?

– Var təbii ki, amma, amması da var. Məsələn götürək yeməklərimizi. Müsəlmanın bir lüləkababını min avropsayağı bifşteksinə, vefstroqanovuna vermərəm. Toyuq plov hara kotlet hara? Hələ bu dursun! Qiymət tərəfini götürsən, bizim çayımız da, yeməyimiz də, hamamımız da ikiqat avropadan ucuzdur. Bizim her şeyimiz, hər qaydamız xoşagələn və məqbuldur. Ancaq bir şey var ki, o işləri korlayır. O şey natəmizlikdir.

Təəccüblüsü budur ki, müsəlman gərək hamıdan təmiz olsun. Halbuki hamıdan natəmizdir. Adamı yandıran budur. Həqiqətən də belə olur, kar, kor, keçəl, qotur, azar-bezar müsəlmanın içindən əl çəkmir. Nədən? Natəmizlikdən. Və inanın ki, bu natəmizliyi üstümüzdən rədd edə bilsək, altında gizli qalmış, bir çox gözəl və göyçək şeylərimiz meydana çıxıb, hər kəsin rəğbətini artırar, xoş gələr, biz də özgələrdən nəinki utanmarıq, bəlkə də onların yanında fəxr edərik, hələ can-başımız da salamat olar.

Amma hanı? Hanı o təmizlik ki, çayı təmdən, qəlyanı nəşədən, dərvişi istimadan və ney sədasını təsirdən salmaya və hər kəsin bir istirahəti – can üçün içəri girməyinə mane olmaya.

Ana səhifəXəbərlərÜzeyir Hacıbəyov: Bizi irəli aparanların cibləri ağırlıq etdiyi üçün yolda qalıblar