Şübhəli şəxsin maşınından məktub tapılıb
Hollandiyanın Utrext şəhərində tramvaya atəş açaraq üç nəfərin ölümünə və beş nəfərin ağır xəsarət almasına səbəb olan bir nəfər həbs edilib, – BBC xəbər verir.
Hadisəni araşdıran holland prokurorluğu şübhəliyə aid məktub tapıldığını və məktuba dayanaraq faciənin səbəbinin terror motivli olduğunu bəyan edib.
"İndiyə kimi terror motivi ciddi şəkildə nəzərə alınmaqdadır, bundan başqa şübhəlinin maşınında məktub tapılıb və gerçəklərin xarakteri bu səbəbə gətirib çıxarır,"- prokurorluğun açıqlamasında qeyd edilir. Məktubun məzmunu haqda isə məlumat verilmir.
Hadisədə şübhəli bilinən şəxsin Türkiyə doğumlu 37 yaşlı Gökmen Tanış olduğu deyilir. Tanış hadisə yerindən təxminən 3 kilometr məsafədəki bir binada hücumdan bir neçə saat sonra polis tərəfindən saxlanılıb. Prokurorlar onun yanında silah aşkar edildiyini bildirirlər.
Bundan öncə polis atışmanı terror hadisəsi adlandırsa da, prokurorluq martın 18-də, axşam keçirilən mətbuat konfransında demişdi ki, hadisə "ailə zəminində" baş vermiş ola bilər. “Tanış Holland polisinə tanışdır,”- prokuror keçən gecə açıqlamasında bildirmişdi. Onun oğruluq, təhdid, silah saxlama və təcavüz kimi bir sıra cinayə hadisələrində adı çəkilir, – BBC Türkçə xəbər verir.
Tanışla qurbanlar arasında heç bir əlaqə tapılmayıb. Qonşular daha əvvəl şübhəlini "luzer" və hadisəni terror deyil, kiçik cinayət kimi təsvir etmişdilər.
Hollandiyalı mətbuatın verdiyi məlumata görə, polis bir neçə başqa obyektə basqın edib və hadisə ilə əlaqədar daha iki nəfər həbs olunub.
Şahidlərdən biri yerli mediaya bildirib ki, şübhəli hadisə zamanı "vəhşi kimi atəş açıb". Yaralılardan bəzilərinin kritik vəziyyətdə olduğu bildirilir.
Digər bir şahid hollandiyalı ictimai yayım orqanı NOS-a bildirib ki, tramvay dayandığı zaman o, yaralanan bir qadına kömək edib:
"Mən arxama baxdım və tramvayın arxasında yıxılmış birini gördüm. İnsanlar avtomobillərindən çıxdılar … və onu qaldırmağa çalışırdılar".
"Mən onu çıxarmaq üçün kömək etdim və sonra silahlının bizə tərəf qaçdığını gördüm," – o deyib: "Mən insanların silahlı var deyə qışqırdığını eşitdim və qaçmağa başladım".
Hadisədən sonra bütün şəhərdə genişmiqyaslı axtarışlar başladılıb və məktəblər bağlanıb. Şəhərdə məscidlərdə və hava limanlarında təhlükəsizlik tədbirləri artırılıb. Şübhəlinin şəkli polis tərəfindən sosial mediada yayılıb və ona yaxınlaşmaq qadağan edilib.
Baş nazir Mark Rutte deyib ki, ölkə "hücumla sarsılıb". O, hadisəni "narahatedici" adlandırıb:
"Bir çox sual və şayiələr var. Bu hücumun əsl səbəbləri nədir, hələ ki bəlli deyil".
Onun sözlərinə görə yerli seçkilər çərşənbə günü planlaşdırıldığı kimi həyata keçiriləcək, lakin bayraqlar faciə ilə əlaqədar yarıya endirilmiş olacaq.
Dünya liderləri o cümlədən Fransa prezidenti Emmanuel Makron və İspaniyanın Baş naziri Pedro Sanchez Hollandiyaya başsağlığı diləyiblər.
Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker Avropa İttifaqının "bu çətin dövrlərdə Hollandiya və onun xalqı ilə çiyin çiyinə dayandığını" bildirib.
Hadisədən dərhal sonra təhlükə səviyyəsi Utrextdə minimum endirilib. Utrext Niderlandın dördüncü ən böyük şəhəridir və burada cinayət səviyyəsi aşağı, silahla öldürmələr nadirdir.