ÜST: “COVİD-19-dan ölüm halları azalıb”

Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Yoluxanların 99,2 faizində “Omikron” ştamı aşkarlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 infeksiyasına yoluxma və ölüm sayının azalması ilə bağlı məlumat yayıb.

Bildirilir ki, son yeddi gün ərzində ölənlərin sayı 18 faiz, yoluxanların sayı isə 24 faiz azalıb.

Qeyd edilib ki, ardıcıl üçüncü həftədir COVID-19-a yeni yoluxma və ölüm halları azalmaqda davam edir.

Ümumilikdə həftə ərzində 7 221 651 nəfər koronavirusa yoluxub, 22 336 nəfər vəfat edib.

Ən çox yoluxma Cənubi Koreyada – 1 459 454 nəfər, ən çox ölüm isə ABŞ-da – 3 682 nəfər – qeydə alınıb.

ÜST bildirib ki, yeni növ koronavirusun “Omikron” ştamı hələ də dünyada yoluxuculuq göstəricilərinə görə mütləq üstünlük təşkil edir.

Yoluxanların 99,2 faizində məhz bu ştam aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ilin oktyabrında Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omicron” hərfi ilə adlandırıb.

Koronavirus 2019-cu ilin sonu Çində yaranıb, dünyaya yayılıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada koronavirusa yoluxanların ümumi sayı 500 363 741 nəfərə çatıb.

Ölənlərin sayı isə 6 183 944 nəfərdir.

Operativ Qərargahın aprelin 12-ə olan son məlumatına görə, Azərbaycanda indiyə qədər 792 min 289 nəfərin yeni koronavirus infeksiyasına yoluxub.

9 min 703 nəfərin vəfat etdiyi bildirilir.

Ana səhifəSağlıqÜST: “COVİD-19-dan ölüm halları azalıb”