Baba: “Uşaqların barmaqlarını yandırıb, qolunu sındırmışdılar”
“Qızımı 34 yaşı olanda itirmişəm. Qaraciyər serrozundan əziyyət çəkirdi. Sağalması üçün lazım olan pulu toplaya bilmədim. Ondan geriyə 2 balası qalmışdı. Birinin 1 yaşı vardı, digəri 1 yaş 7 aylıq idi. Gözüm kimi baxırdım. Qızımın iyini onlardan alırdım. 7 ay öncə atası məhkəməyə müraciət edib, uşaqları məndən aldı. Hakim dedi: “Anaları ölüb, uşaqlar ataları ilə böyüməlidir”. Daha yoxlamadılar bu atanın psixoloji durumu yerindədir, ya yox”.
Ağcabədi rayonunun Aşağı Qiyamədinli kənd sakini Qulu kişi belə deyir. Sosial şəbəkələrdə onun və nəvələrinin videogörüntüləri yayılıb.
Kənd sakini bildirir ki, 7 ay ərzində uşaqların atası Xaqani Kazımov və analıqları Nurənə adlı şəxs onlara işgəncələr veriblər:
“Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Odur ki, mən uşaqlarımın vəziyyətindən çox gec xəbər tutmuşam. Uşaqları tək ayaq üstə üzü divara sarı saxlayıb, özləri yemək yeyirmiş. Nadinclik edəndə onları çox pis döyüb, işgəncə veriblər. Bunların hamısının məndə şəkilləri var, sübut edə bilərəm”.
Qulu kişi deyir ki, uşaqların vəziyyəti ilə bağlı xəbər tutanda isə artıq gec imiş:
“Uşaqların barmaqlarını yandırıb, qolunu sındırmışdılar. Bədənləri isə yara, göy içində idi. Mən tez polisə müraciət etdim. Polisin köməyilə uşaqları atadan alıb, evə gətirdim. Cinayətkar deyiləm, şər-böhtan atmıram. Hər şey göz önündədir. Mən təsərrüfatla məşğul olan, bütün günü işləyib, əlinin qabarı ilə bir tikə çörəyini qazanan adamam. Nə işim var nəvələrimin atası ilə? Əgər uşaqlara yaxşı baxsaydı, mənim də işim asan olardı. Faktiki uşaqlar pis gündədirlər”.
Baba nəvələrinin durumu ilə bağlı Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, əlaqədar qurumlardan kömək istəyir:
“Xahiş edirəm, cinayətkarların cəzalarına çatması üçün göstəriş verin. İşi ört-basdır etmələrinə imkan verməyin. İndi bütün məhkəmələr pulla işləyir. Kim pul verir, onun lehinə qərar çıxarılır. Xahiş edirəm, bunu etmələrinə imkan verməyin. 7 ay mənim uşaqlarıma işgəncə verilib. Dözə bilmirəm. Balamı itirmişəm, bu azmış kimi bir də ondan qalan yadigarların başına oyun açıblar. Mənə çox çətindir, dözə bilmirəm”.
Bu isə balaca Qulunun sözləridir: “Atamla Nuranə yemək yeyəndə qaqamla məni üzü divarda tək ayaqüstə saxlayırlar. Bir dəfə onlar kabab yeyirdilər. Hüseyn “mən də kabab istəyirəm”, – dedi. Nuranə şişi qızdırıb, qaqamın belinə və boynuna vurdu…”.
Hüseyn deyir ki, atası axşamlar ev gec gəlirmiş. Onlar isə Nuranənin qorxusunda dinməzcə küncdə dayanırmışlar:
“Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb, qaqamın üzünü yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü…”.
Qulu kişi internet vasitəsilə aidiyyatı qurumlara müraciət edib, nəvələrinin bədənlərindəki işgəncə izlərini göstərib. Bundan sonra Baş Prokurorluq məsələ ilə bağlı Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlayıb.
Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar – Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə bağlı məsələ istintaq yolu ilə araşdırılacaq:
“İş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinə tapşırılıb. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb”.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.