Şonqar qəsəbəsindəki uşaqlar dərs vaxtı məktəbdə olmaq əvəzinə məhəllədədirlər. Ailələrin ictimai nəqliyyata verməyə pulu olmadığından şagirdlər dərsdən yayınır. Bu qəsəbədə məktəb yoxdur. Ən yaxın məktəb bir neçə km-lik məsafədəki Qızıldaşdadır. Qəsəbə camaatı deyir ki, bu vaxta qədər avtobusa uşaqlar üçün pul ödəmirdilər, indi sürücülər gediş haqqı tələb edir.
300-ə yaxın şagirdin olduğu qəsəbədə azı 20 ilə yaxındır məktəb tikilmir. Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri İmran Həsənov bildirir ki, məktəb tikintisiylə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edilib.
Şonqar qəsəbəsi üzrə işləyən marşrutun sürücüsü deyir ki, indiyə kimi göz yumsalar da, yanacağın və tariflərin qiyməti qalxdığından gediş haqlarını sərnişinlərdən almalı olublar.
Bakı şəhər Təhsil İdarəsinin 2 il öncə mətbuata verdiyi açıqlamada bildirilib ki, qəsəbədə məktəb tikintisi ilə bağlı əsaslı ehtiyac yaranarsa, məsələyə müvafiq qaydada baxıla bilər. Hər nə qədər Təhsil İdarəsi üçün əsaslı sayılmasa da, Şonqar sakinləri məktəb tikintisinin övladlarının gələcəyi üçün vacib hesab edir.
Həmçinin 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən Qızıldaş qəsəbəsinin Şonqar yaşayış massivində 196 yerlik ümumi orta məktəbi tikilib istifadəyə verilməliydi.