Uşaqlar, böyüklər və rəqəmlər

Gülər Əhmədova azad edilməlidir!

Source:


“Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs bocudur”



Heydər Əliyev

Artıq Azərbaycan uşaqlıq yaşını keçib, 22 yaşlı gənc və ölkəbaşının dili ilə desək, dünyada analoqu olmayan inkişaf etmiş ölkəyə çevrilib. Bu gün isə Ümumdünya Uşaq Hüquqları günüdür. Bu gün Azərbaycanda da qeyd olunur. Azərbaycanda uşaqların vəziyyəti təbii ki, analoqu olmayan səviyyədədir. Gəlin rəqəmlərə və uşaqlarla əlaqədar faktlara nəzər salaq:

1) Azərbaycanda təxminən 3 milyon uşaq var.

2) Onun da təxminən 300 mini məcburi köçkündür.

3) Azərbaycanda hər iki saatdan bir 1 uşaq ölür.

4) Uşaq ölümləri sayına görə, 200 ölkə arasında 61-ciyik.

5) Əlilliyi olan uşaqların yalnız ¼ hissəsi təhsil alır.

6) Evliliklərin ⅓ hissəsi erkən yaşda, yəni uşaq yaşında baş verir.

7) Uşaqların təxminən 12 faizi ibtidai təhsildən kənarda qalır.

8) Uşaq bağçalarına cəlb olunanların sayı təqribən 25 faizdir.

9) Uşağın anadan olmasına görə bir dəfəyə 90 manat müavinət verilir.

10) Bir uşağın doğulmağı isə valideynə 500 manatdan çox başa gəlir.

11)Həbsxanalarda keçən il 235 uşaq məhkum olub.

Azərbaycanda ötən il rəsmi rəqəmlərə görə 30225 qadın hamiləliyini süni şəkildə ləğv (abort) etdirib. 2011-ci ildə bu rəqəm 27790 olub. Bunların əksəriyyəti, yaşı 15-17 olan qızlar təşkil edir. Təsəvvür edin ki, qeyri-rəsmi rəqəmlər nə qədərdir.

Son 2 il ərzində 160 uşaq müxtəlif səpkili zorakılığın qurbanı olub. Təbii ki, bu rəqəm yalnız rəsmi qeydiyyatdan keçənlərin statistikasıdır. Qeydiyyatdan keçməyən yüzlərlə zorakılığın qurbanı olan uşaqlar var. Bu sahə ilə məşğul olan ekspertlər uşaq zorakılıq hallarına əsas kimi insanların sosial yaşayış tərzinin ağırlaşmasını və maddi çətinliklərin olmasını əsas gətirirlər. Bu səbəbdən də qeydə alınan hallarda 60 faizi məişət tipli zorakılıqdır.

İnternetdə Azərbaycanda küçə həyatı sürən uşaqların statistikasını axtarmağa başladım. Maraqlı məqamla qarşılaşdım. Deməli Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytına daxil oldum və belə bir bölmə ilə qarşılaşdım: Küçə uşaqlarının sayı. Daxil oldum və aşağıdakı tablo çıxdı qarşıma:

Düzü nə yalan deyim bir balaca sevincək olmuşdum ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sevincimi boğazımda qoydu. Aşağıdakı tablo ilə qarşılaşdım:

Ətraflı oxumaq üçün

daxil ola bilərsiniz

Bir sözlə bir ölkənin ki, ailə, qadın, uşaq problemlərini həll etdiyini iddia edən qurum, xalqa yalan sırıyırsa, ondan hansı problemlərin həllini gözləmək, hansı dəqiqlik, dürüstlük axtarışında olmaq olar axı?

Belə ki, Azərbaycanda hər il küçə həyatı sürən uşaqların sayı durmadan artır. Bu uşaqların əksəriyyəti dilənçiliyə və yaxud məcburi əməyə cəlb edilir, uşaq alverçiləri tərəfindən istismar olunurlar. Onların sayı dəqiq olmasa da, sadəcə Bakıda 200-dən çox qeyd olunur. Onlar üçün xüsusi tərbiyəvi sosial sığınacaqlar hələ də mövcud deyil.

Bütün bu rəqəmlərin və statistikaların olmasına səbəb Azərbaycan Uşaq Təşkilatının sədri Gülər Əhmədovanın aylardır həbsxanada olmasıdır. O Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Dövlət ittihamçısı, prokuror onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Sabah çox güman ki, barəsində 1-2 illik həbs qərarı çıxacaq. Daha sonra prezidentə məktub yazıb, əfv olunaraq azad ediləcək. Və azadlığa çıxıb binəva uşaqlarımızın problemlərini həll edəcəkdir. Mən uşaqlığıma salıb buna inanıram.

Ana səhifəMənim FikrimcəUşaqlar, böyüklər və rəqəmlər