İndiyədək 20 uşaq xəstəxanaya yerləşdirilib
Son iki həftədə Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağında 40-a yaxın azyaşlının qızılcaya yoluxduğu bildirilir.
Sığınacağın rəhbəri Kəmalə Ağazadə də bunu təsdiqləyib. Onun sözlərinə görə, hazırda bir neçə uşağın vəziyyəti daha ağırdır. İndiyədək 20 uşaq xəstəxanaya yerləşdirilib.
Sığınacaq rəhbərinin sözlərinə görə, uşaqlar peyvənd edilməyiblər. Aralarında körpə də var. Uşaqlar hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müalicə alırlar.
K.Ağazadə sığınacağın daha iki dayəyə ehtiyacı yarandığını da qeyd edib.
Rəsmi məlumatlara əsasən, indiyədək 5 uşaq qızılcadan ölüb, onlarla uşaq qızılcaya yoluxub. Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə keçirdiyi mətbuat konfransında məktəblərdə karantin elan ediləcəyinin planlaşdırılmadığını deyib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur.
“Bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir”, – qurumdan bildirilir.
“Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədi ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar”, – nazirliyin açıqlamasında vurğulanır.
O da qeyd olunur ki, peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur.