UNİCEF:  “Ukraynanı azı 2 milyon uşaq tərk edib”

Ukrayna. Foto: Ruslan Shugushev/shutterstock

Onların təhsilə, təhlükəsizliyə və dəstəyə ehtiyacı var”

Müharibə dövründə Ukraynanı azı 2 milyon uşaq tərk etmək məcburiyyətində qalıb.

UNİCEF-in icraçı direktoru Ketrin Rassel belə deyib.

O bildirib ki, Ukrayna daxilində vəziyyət gərginləşməkdə davam edir. Buna görə də evlərini tərk edən uşaqların sayı arta-arta gedir: “O uşaqların hər birinin müdafiəyə, təhsilə, təhlükəsizliyə və dəstəyə ehtiyacı var. Bunu unutmamalıyıq”.

UNICEF və BMT-nin məlumatına görə, uşaqlar Ukraynadakı müharibədən olan bütün qaçqınların yarısını təşkil edir. Təkcə, 1,1 milyondan çox uşaq Polşaya gəlib, yüz minlərlə uşaq da Rumıniya, Moldova, Macarıstan Slovakiya və Çexiyaya üz tutub.

UNICEF insan alveri və istismar riskinin artması barədə xəbərdarlıq edib.

Uşaqların və gənclərin üzləşdiyi riskləri azaltmağa çalışmaq üçün UNICEF, UNHCR və hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları Moldova, Rumıniya və Slovakiya da daxil olmaqla qaçqınlara ev sahibliyi edən ölkələrdə “Mavi Nöqtələri” genişləndirirlər.

“Mavi Nöqtələr” səyahət edən ailələrə məlumat verir, müharibə qurbanı uşaqları müəyyən edir, habelə onların istismardan qorunmasını təmin edən və əsas xidmətlərə çıxış üçün mərkəz rolunu oynayan pəncərədir.

UNICEF həmçinin uşaqların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görmək, o cümlədən sərhəd keçid məntəqələrində uşaqların müdafiəsini təşkil etmək üçün regiondakı səlahiyyətli orqanlarla iş aparır.

UNICEF hesab edir ki, 2,5 milyondan çox uşaq Ukrayna daxilində məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi münaqişə zamanı 100-dən çox uşağın öldürüldüyünü, daha 134 uşağın yaralandığını sənədləşdirib. Sayın daha da artacağı ehtimal edilir.

UNICEF. Foto: ricochet64/ shutterstock

UNICEF həmçinin, yüksək təhlükəsizlik riskləri və təhlükəsiz çıxış yollarının olmaması səbəbindən mühasirəyə alınmış ərazilərdə qapalı qalan və ya Ukraynanı tərk edə bilməyən uşaqlar və ailələrdən də dərin narahatdır.

Bildirir ki, Ukraynadakı uşaqların qida, su, istilik və digər əsas ehtiyacların kəskin çatışmazlığı ilə bağlı hesabatlar artır.

UNICEF hesab edir ki, Ukraynanın bütün ərazilərinə təhlükəsiz, maneəsiz humanitar çıxışın olması vacibdir.

Son bir həftə ərzində UNICEF Ukrayna daxilində ən həssas 52 000 ailəni dəstəkləmək üçün humanitar pulköçürmə proqramına başlayıb.

Təşkilat qeyd edib ki, 2022-ci il 28 martda Ukraynada və həmsərhəd ölkələrdə uşaq və ailələrə dəstək olmaq üçün 114 yük maşını göndərilib. Həmin yük maşınının 63-ü məhz Ukraynaya gedib.

Ehtimal edilir ki, bu, 2 milyonu uşaq olmaqla 8 milyondan çox insanın ehtiyaclarını ödəyəcək. Təchizatlara dərmanlar və tibbi avadanlıqlar, uşaqlar üçün qış geyimləri, gigiyena, təhsil, erkən uşaqlıq inkişafı və istirahət dəstləri daxildir.

Ana səhifəDünyaUNİCEF:  “Ukraynanı azı 2 milyon uşaq tərk edib”