Bu gün, noyabrın 26-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalist Ülviyyə Əlinin (Quliyeva) məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarı ilə jurnalistin həbs müddəti dekabrın 27-nə qədər uzadılıb.
Ülviyyə Əli məhkəmədə çıxışı etməyin mənasız olduğunu bildirib.
Bu barədə yaxınları sosial mediada məlumat yayıblar.
“Bu yuxuma haram qatmaqdan başqa bir şey deyil”, – deyə jurnalist bildirib.
Daha sonra o məhkəmədə “Xoruz” şeirini səsləndirib. O bildirib ki, bu şeirin məhkəməyə nə qədər aidiyyatı varsa, irəli sürülən ittihamların da ona o qədər aidiyyatı var.
Jurnalist Ülviyyə Əli mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
2025-ci il avqustun 28-də Meydan TV işi üzrə saxlanılan 12 nəfərə qarşı ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.