“Meydan TV işi” üzrə həbdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) hazırda həbsdə olan siyasətçi, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu haqqında film çəkib.
“Döngü” adlanan sənədli film Yaqublunun siyasi fəaliyyəti dövründə məruz qaldığı repressiyalardan bəhs edir.
Tofiq Yaqublunun illərdir davam edən eyni prosesin içində olması, həbslər, zorakılıq, aclıq aksiyaları, məhkəmələr, azadlıq və bu hadisələrin təkrarlanması filmin əsas sujet xəttidir.
Ülviyyə Əlinin sözlərinə görə, “Döngü” irəli getməyən, , daim özünə qayıdan bir reallığın içində, bütün çətinliklərə baxmayaraq, mübarizəsini davam etdirən insanın portretidir.
Həmçinin jurnalist qeyd edir ki, bu proses təkcə bir insanın taleyini deyil, hadisələri sənədləşdirən jurnalistləri də əhatə edir və onların bəziləri hazırda həbsdədir.
Film hələlik festivallarda nümayiş etdirilmək üçün nəzərdə tutulub.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.
O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.
Bundan öncə də Tofiq Yaqublu bir neçə dəfə uzunmüddətli və inzibati həbslərə məhkum edilib. Döyülüb, işgəncələrə məruz qalıb və dəfələrlə aclıq aksiyası keçirib.
Jurnalist Ülviyyə Əli (Quliyeva) isə ötən il mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.