“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) beynəlxalq Free Press Unlimited təşkilatının “Free Press Awards 2025” mükafatının “Ən Əzmkar Jurnalist” (Most Resilient Journalist) nominasiyasının qalibi olub.
Mükafat ona jurnalist fəaliyyəti zamanı qarşılaşdığı çətinliklərə baxmayaraq göstərdiyi əzmkarlığa görə verilib.
“Ülviyyə Əli illər ərzində “Amerikanın Səsi” üçün 500-dən çox reportaj və məqalə hazırlayıb, Azərbaycanın insan hüquqları sahəsindəki problemlərini işıqlandırıb. O, xüsusilə siyasi repressiyalar, marjinal qrupların durumu, LGBT+ icmasının problemləri, gənclərin dövlət qurumlarına münasibəti, qadınların iş yerində çətinlikləri və yoxsulluqla bağlı mövzulara diqqət çəkib”, – təşkilatın saytındakı məlumatda qeyd olunur.
Təşkilat bildirir ki, o, uzun müddət davam edən siyasi repressiya və şəxsi risk qarşısında belə jurnalist fəaliyyətini davam etdirdiyi üçün bu mükafata layiq görülüb. Məlumatda deyilir ki, o Bakı İstintaq Təcridxanasında həbsdə olmasına baxmayaraq hələ də oradan xəbərlər hazırlayır, insan haqları pozuntularını ictimailəşdirir və digər siyasi məhbuslardan müsahibələr alır.
Mükafatın digər qalibi Sudandan olan jurnalist Al-Migdad Hasan “İlin Yeni Jurnalisti” mükafatına layiq görülüb.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.