Ülvi Həsənlinin şikayəti təmin edilmədi

Ülvi Həsənli. Foto: Meydan TV

Penitensiar Xidmət və Bakı İstintaq Təcridxanasından məhkəmədə iştirak edən olmayıb

“AbzasMedia” nəşrinin direktoru, 11 aydır həbsdə olan jurnalist Ülvi Həsənli saxlandığı Bakı İstintaq Təcridxanası və Penitensiar Xidmətə qarşı məhkəməyə şikayət vermişdi. Onun şikayətinə oktyabrın 24-də Xətai Rayon Məhkəməsində baxılıb.

Hakim Rəfael Sadıxovun sədrliyilə keçirilən məhkəmə prosesində Ülvi Həsənlinin hüquqlarını vəkili Zibeydə Sadıqova müdafiə edib. Şikayətdə Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasında pis rəftara məruz qalması, hüquqlarının pozulmasından bəhs olunur.

Vəkil bildirib ki, istintaq təcridxanasında gündə 1-2 saat su verilir. Müdafiəçi Ülvi Həsənlinin məruz qaldığı fiziki zorakılıqları, məhkəmələrə qeyri-insani şəraitdə aparılıb-gətirilməsini də qeyd edib.

Ülvi Həsənli ailə üzvləri və vəkillərilə telefon danışıqlarının dinlənilməsi, təcridxanada digər dustaqlara qarşı işgəncələri ictimailəşdirəndən sonra həyatına təhlükə yaranmasını məhkəmənin nəzərinə çatdırıb.

Cavabdeh tərəfdən – Penitensiar Xidmət və Bakı İstintaq Təcridxanasından məhkəmədə iştirak edən olmayıb. Hakim bildirib ki, qarşı tərəfə məhkəmənin yeri və vaxtı barədə məlumat verilib, sadəcə, özləri gəlməyib.

Hakim Ülvi Həsənli və vəkilinin şikayəti və dəlillərini dinləsə də, onu təmin etməyib.

Vəkil Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib ki, o, Bakı İstintaq Təcridxanasında dustaqlara qarşı işgəncə hallarını ictimailəşdirəndən sonra sistemli şəkildə qeyri-insani rəftara məruz qalır. Həyat yoldaşına qarşı qeyri-insani rəftarları sadalayan Rübabə Quliyevanın sözlərinə görə, hətta məhkəməyə aparılanda “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı da bunun şahidi olub:

Nail adlı konvoy Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub. Sentyabrın 13-də şüşə arxasından görüşdə Ülvi mənə zərbədən kürəyindəki göyərmiş hissəni göstərdi, kürəyində ağrıların olduğunu dedi. Sonradan vəkilləri ilə görüş zamanı onlara da göstərib. Vəkillər bununla bağlı aidiyyəti yerlərə şikayət etmələrinə baxmayaraq, Nail adlı həmin şəxsin barəsində heç bir tədbir görülməyib”.

Rübabə Quliyeva bundan əvvəl də bildirmişdi ki, Ülvi Həsənli Bakı İstintaq Təcridxanasında dustaqlara qarşı işgəncə hallarını ictimailəşdirəndən sonra ölümlə təhdid olunur. Dəfələrlə məhkum edilmiş Səyavuş adlı şəxs onu təxribata çəkməyə çalışır, dayandığı yerdə hücum edir, hətta bir neçə dəfə cibindən ülgüc çıxararaq, Ülvi Həsənlini kəsməklə hədələyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi isə Ülvi Həsənlinin həyatına təhlükə olması haqda deyilənləri təkzib etmişdi.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Ana səhifəSiyasətÜlvi Həsənlinin şikayəti təmin edilmədi