“Ona qarşı təzribatı 60 yaşlı dustaq vasitəsilə gerçəkləşdirməyə çalışırlar“
“Abzas Media” nəşrinin direktoru Ülvi Həsənlinin saxlandığı Bakı İstintaq Təcridxanasında dustaqlara qarşı işgəncə hallarını ictimailəşdirəndən sonra ölümlə təhdid olunduğu bildirilir. Bu barədə onun həyat yoldaşı Rübabə Quliyeva məlumat verib.
Həyat yoldaşı deyir ki, Ülvi Həsənliyə qarşı təxribatı onunla eyni kameradakı 60 yaşlı dustaq vasitəsilə gerçəkləşdirməyə çalışırlar.
Narkotik ittihamı ilə həbs olunan Səyavuş adlı həmin şəxs haqqında qüvvəyə minmiş məhkəmə hökmü çıxarılsa da, Bakı İstintaq Təcridxanasında sqxlanılır, cəzaçəkmə müəssisəsinə köçürülmür.
“Ülvi işgəncələr məsələsini ictimailəşdirəndən sonra bu şəxs onunla dava salmağa çalışır, dayandığı yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən ülgüc çıxararaq, Ülvini kəsməklə hədələyib. Ülvi deyir ki, onun təcridxanada dustaqlara qarşı işgəncələr haqda məktubu ictimailəşəndən sonra həmin şəxs davamlı olaraq, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovla kabinetində görüşüb. Hətta bu şəxs özü dəfələrlə Ülviyə deyib ki, cəzasının azaldılmasında Elnur İsmayılovun birbaşa rolu olub”, – Rübabə Quliyeva bildirib.
Həyat yoldaşı deyir ki, Ülvi Həsənli bütün bunlar barədə ötən həftə təcridxanada görüşdə məlumat vermişdi.
Ötən müddətdə həm Ülvi Həsənli özü, həm də vəkili Zibeydə Sadıqova baş verənlərlə əlaqədar Bakı İstintaq Təcridxanasının rəisinə, müavininə məktublar göndərib. Üstündən 10 gündən çox vaxt keçsə də, heç bir tədbir görülməyib, vəziyyət olduğu kimi qalır.
“Biz Ülvinin təhlükəsizliyindən narahatıq. Səyavuş adlı bu şəxs çox təhlükəlidir. Aydın görünür ki, məqsədli şəkildə bu təxribatlara əl atır. Onun, hətta Ülvi gecə yatanda belə, ona hücum etmək ehtimalı var. O zaman buna görə kim cavab verəcək?”, – Rübabə Quliyeva vurğulayıb.
O, Ədliyyə Nazirliyinə, Ombudsman Aparatına, Penitensiar Xidmətə müraciət edib, bu işin araşdırılmasını, Ülvi Həsənlinin təhlükəsizliyini təmin olunmasını tələb edib.
Rübabə Quliyevanın dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Korrupsiya araşdırmalarıyla tanınan “Abzas Media” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “Abzas Media”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.