Hadisə nəticəsində yaralananlar var
Sentyabrın 13-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Sevastopola raket zərbəsi endirdiyi bildirilir. Bu barədə işğal altında olan şəhərin qubernatoru Mixail Razvojayev “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, Sevastopolda gəmi təmiri zavodunda raket hücumu nəticəsində 24 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır, iki gəmi isə zədələnib. Daha sonra qubernator qeyd edib ki, yanğın Orconikidze adına Sevastopol Dəniz Zavodunun cənub sahəsində baş verib.
Rusiyanın “Baza Telegram” kanalının məlumatına görə, hücum nəticəsində iki nəfər ölüb, 26 nəfər yaralanıb.
“Ölən və yaralananların hamısı zavodun işçiləridir. Hələlik ölənlərin sayı barədə rəsmi məlumat yoxdur”.
“Shot Telegram” kanalı isə bildirir ki, “Rostov-na-Don” dizel-elektrik sualtı qayığı və “Minsk” böyük desant gəmisi də zədələnib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Orconikidze Gəmiqayırma Zavoduna 10 qanadlı raketlə hücum etdiyini, həmçinin üç “pilotsuz qayıq”la Qara dəniz donanmasının gəmilərinə zərbələr endirdiyini təsdiqləyib.
Ukrayna rəsmi olaraq hücumda iştirakını açıqlamayıb.
Sevastopol Dəniz Zavodu Rusiya tərəfindən ilhaq edilmiş Krımın ən böyük gəmi təmiri və tikintisi müəssisəsidir. 2014-cü ildən Rusiya Müdafiə Nazirliyinin 960-cı hərbi nümayəndəliyi zavodun ərazisində yerləşir.