“Bizdə qadınların qrup şəklində zorlanması ilə bağlı xəbərlər var”
Ukraynalı millət vəkili Maria Mezentseva deyir ki, Rusiya işğalı zamanı qadınlar rus əsgərləri tərəfindən təcavüzə və cinsi zorakılığa məruz qaldığı üçün təəssüf hissi keçirir və ölkəsi bu cinayətlərə səssiz qalmayacaq. Bu barədə “The Guardian” yazıb.
Mariya Mezentseva televiziyada Kiyev vilayətinin şərqində yerləşən Brovarı şəhərində bir qadının öz övladının gözü qarşısında zorlanması hadisəsindən danışıb.
Baş prokuror İrina Venediktova bildirib ki, bu hadisə hökumət orqanları tərəfindən araşdırılır və Ukrayna Rusiyaya həmin hərbçi haqqında həbs qətimkan tədbiri seçildiyini deyib.
Bazar günü “Sky News” kanalının jurnalisti Sofi Ricə (Sophy Ridge) verdiyi müsahibədə Mezentseva bildirib ki, son zamanlarda qızğın müzakirələrə səbəb olan bir hadisə yaşanıb və həmin hadisə prokurorluq tərəfindən qeydə alınıb, araşdırılıb:
“Biz detallara girməyəcəyik, lakin olduqca dəhşətli səhnədir. Kiyev yaxınlığındakı kiçik bir şəhərdə bir mülki vətəndaş evində güllələnib. Üzr istəyirəm, amma bunu deməliyəm ki, evin xanımı azyaşlı uşağının gözü qarşısında bir neçə dəfə təcavüzə məruz qalıb”.
Qadına hücum edən əsgərin uşağı hədələdiyi təxmin edilir.
Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəsi Mezentsevanın sözlərinə görə, bu hadisələr qeydə alınmalıdır, çünki “ədalət qələbə qazanmalıdır”. Təcavüz və cinsi zorakılıq hərbi cinayət və beynəlxalq humanitar hüququn pozulması hesab olunur.
O, daha qeydə alınmayan bunun kimi çox hadisə yaşandığını bildirib və əlavə edib ki, Böyük Britaniya bu kimi cinayətlərdən sonra qurbanların dəstəklənməsi haqqında öz təcrübələrini bölüşməlidir:
“Baş Prokurorluğun açıqladığı bu hadisədən daha çox zərərçəkən var. Əlbəttə ki, qurbanlar bu barədə danışmağa hazır olan kimi yaşanmış daha çox hadisənin ictimaiyyətə açıqlanacağını gözləyirik”.
“Buna görə də, bilirsiniz ki, biz Boris Consonla, sizin Daxili İşlər Nazirliyinizlə, Böyük Britaniyanın millət vəkilləri ilə danışanda hazırda üzərində işlədiyimiz bu məsələni gündəmə gətirmişik. Müharibədən sonra bu məsələ çox diqqətlə, çox ciddi qəbul edilməlidir. Psixoloqlarla işləyərkən, bu hadisələri yaşayan, sonra həyatına, yaşamağa davam edən insanlara necə kömək edə biləcəyimizi öyrənmək üçün Böyük Britaniyanın və digər ölkələrin təcrübələrini nəzərə almaq bizə kömək edə bilər”, – deputat deyib.
“Əlbəttə ki, səssiz qalmayacıq”, – deyə o əlavə edib.
Onun sözləri martın əvvəlində britaniyalı millət vəkillərinə müraciət edən ukraynalı millət vəkili Lesia Vasilenkonun sözləri ilə üst-üstə düşüb. Belə ki, Lesia Vasilenko da rus əsgərlərinin qadınlara təcavüz etdiyini və cinsi zorakılığa məruz qoyduqlarını bildirib:
“Bizdə qadınların qrup şəklində zorlanması ilə bağlı xəbərlər var. Bu qadınlar adətən küçəyə çıxa bilməyən qadınlardır. Söhbət yaşlı qadınlardan gedir. Bu qadınların çoxu təcavüzə uğradıqdan sonra ya öldürülüb, ya da öz canlarına qıyıblar”.