Ukraynada Putinin “dostu” saxlanılıb

Viktor Medvedçuk. Foto: Zelenskinin ofisi

Rusiya Prezidenti Medvedçukun qızının “xaç atası” olub

Aprelin 12-də Ukraynanın “Müxalifətçi Platforma – Həyat Uğrunda” Partiyasını lideri Viktor Medvedçuk saxlanılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Viktor Medvedçuk Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

“Viktor Medvedçuk saxlanılarkən Ukrayna Silahlı Qüvvələrinin geyimində olub”, – Ukrayna mediası belə yazır.

Partiya sədri dövlətə xəyanətdə şübhəli bilinir və Rusiyanın genişmiqyaslı işğalı başlamazdan əvvəl ev dustaqlığında olub.

Fevralın 24-də sonra onun Belarusa gizli şəkildə getməsi ilə bağlı məlumatlar yayılmışdı.

Ukraynanın sabiq prezidendi Leonid Kuçmanın hakimiyyəti illərində Prezident Administrasiyasının rəhbəri olan Viktor Medvedçuk Moskvaya yaxınlığıyla tanınırdı.

Onun qızı doğulanda Rusiya Prezidenti Vladimir Putin uşağın “xaç atası” olmuşdu.

Foto: Ukrayna Təhlükəsizlik Xidməti

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəSiyasətUkraynada Putinin “dostu” saxlanılıb