Ukraynada araşdırmaçı jurnalist hücum nəticəsində ölüb

Çerkasidəki jurnalistlərə görə, hücumun, yəni onun öldürülməsinin yeganə səbəbi Vadim Komarovun peşəkar fəaliyyəti olub.

Source: Foto: Ukrayna mediası


''O, bir çox yerli siyasətçi üçün narahatlıq yaradıb''

Ukraynanın mərkəzi şəhəri Çerkasidə araşdırmaçı jurnalist naməlum biri tərəfindən hücuma məruz qaldıqdan altı həftə sonra ölüb, – Azadlıq Radiosu xəbər verir.

Ukraynanın Milli Jurnalistlər İttifaqının rəhbəri Serhiy Tomilenko iyunun 20-də “Facebook”da yerləşdirdiyi bir paylaşımda qeyd edib ki, Vadim Komarov mayın 4-də aldığı xəsarətdən həyatını itirib.

"Çerkasidəki jurnalistlərə görə, hücumun, yəni onun öldürülməsinin yeganə səbəbi Vadim Komarovun peşəkar fəaliyyəti olub. O, bir çox yerli siyasətçi üçün narahatlıq yaradıb. Çerkasidəki korrupsiya ilə bağlı bir sıra sualları gündəmə gətirib və rezonansa səbəb olacaq mövzulara toxunub," – Tomilenko yazıb.

Tomilenko əlavə edib ki, jurnalistlərin birliyi "Ukrayna jurnalistlərinin hüquqlarının real olaraq qorunmasını tələb etməyə davam edir".

Komarov hücumdan sonra xəstəxanaya aparılıb və əməliyyat edilib. O zamandan etibarən o komada olub.

Beynəlxalq mətbuat azadlığı gözətçiləri Kiyevi hücumu hərtərəfli araşdırmağa və cinayətdə əli olanların cəzasız qalmamalarını təmin etməyə çağırıb.

Ana səhifəDünyaUkraynada araşdırmaçı jurnalist hücum nəticəsində ölüb