Ukrayna, yoxsa Azərbaycan?

Rus mediası haqda ayrıca danışmağa ümumiyyətlə dəyməz…

Source:

Ukraynadakı hadisələr gərgin və faciəli vektorda inkişaf edir. Desantçıları daşıyan İl-76 təyyarəsinin Luqansk göylərində separatçılar tərəfindən vurulub salınması xatirimizdəki 25 illik faciələri sanki yenilədi. Müstəsna peşəkarlıqla yerinə yetirilmiş bu hərbi akt 40 hərbçi və uçağın şəxsi heyətinin həyatına son qoydu. Bu olay hər bir kəsdə separatçıların (əslində Rusiyadan ezam edilmiş kommandosların) bu qədər professional işləməsi ilə yanaşı, eyni zamanda Ukrayna ordusu daxilindəki ГРУ (Главное разведывательное управление, öncə sovet, indi isə rus ordusunn baş kəşfiyyat idarəsi) yetkililərinin nə qədər dərin yer aldığı haqda ağır düşüncələrə gətirdi.

Son yarım ildə, Maydan hərəkanının təsiri ilə, bütün postsovet məkanında radikal dəyişikliklər baş verdi. Bu təsirlərin nəticəsində Rusiya, nəhayətdə bütün baryerləri aşaraq, özünün postsovet məkanındakı başlıca rəqibinin köksündə yeni bir “Qarabağ” (Osetiya, Abxaziya, Dnestryanı) yarası açdı. Məsələ burasındadır ki, Ukrayna bu məkanda Rusiyaya mövcud ola biləcək, istənilən anlamlarda yeganə həqiqi alternativ idi.

Ukraynada, mütləqiyyətçi Rusiyadan fərqli olaraq heç bir zaman qəddar-şaquli çar hakimiyyəti olmayıb, bu yalnız Rusiyanın buraya gəlişindən sonra, sırf işğal modeli kimi tətbiq edilib. Təhkimçiliyin dominant bir element olduğu rus üsul-idarəsinə daima Ukrayna çöllərində

українська вольниця

– azad kozakların yaşadığı alternativ model qoyulub. Bu mədəniyyətdə ruslardan fərqli olaraq müstəbidlər – İvan Qroznı və ya Stalin kultu, ümumiyyətlə əhali tərəfindən təqdir edilən qəddar hakimiyyət, “böyük ata” modeli yoxdur, əksinə hətta anarxizmə meyl var. Bu isə rus cəmiyyətinin şüurundə dərin kök atmış mütləqiyyətə, və eyni zamanda təhkimçiliyə də çox böyük təhlükədir. Təhkimçiliyin isə, hətta ləğvindən 150 il sonra da Rusiya üçün nə qədər vacib olduğunu, məşhur rejissor Nikita Mixalkov bu yaxınlarda dilinə gətirmişdi: “Крепостное право это патриотизм, закрепленный на бумаге.” (“Təhkimçilik kağız üzərində qeyd edilmiş vətənpərvərlikdir”). Belə çağdaş Rusiyada rejissora-yazıçıya utanıb-çəkinmədən köləliyin apologeti qismində çıxış etmək olar və bu ictimai qınağa səbəb olmayacaqdır. XXI əsr təfəkkürü üçün bu ifadəni nə demək olmasını şərh etməyə belə ehtiyac yoxdur.

Ukrayna dövlətinin yalnız sadəcə mövcudluğu Rusiya sərhəddlərini 300 il geriyə çəkirdi – bu haqda hələ 1997-ci ildə məşhur politolog Zbigniew Brzezinski özünün böyük səs-küyə səbəb olmuş “Böyük şahmat taxtası” əsərində yazmışdı. Belə görünür ki, bu əsər rus elitasına çox dərin təsir etmiş, bugünkü reallıqları doğuracaq impulslar vermişdi. Sovet imperiyanın dağılmasından dolayı dərin təhqir hissi keçirən rus cəmiyyəti üçün budan daha ağır və təhrikedici əsər çətin tapılaydı. Məhz bu əsərdən sonra Rusiyada ümumi trend kimi “geriyə, (sovetli, ya sovetsiz) İmperiyaya” hərəkatı dərin vüsət aldı. 2005-ci ildəki toplantıda Sovet İttifaqının dağılmasını “böyük geosiyasi faciə” adlandıran prezident Putin isə bu hərəkatın önünə keçməyi qərar verib və bu onun reytinqinə çox müsbət təsir edir. Avtokratik və başdan-ayağa korrupsiyadan ibarət olan rus hakimiyyəti üçün isə bu ən vacibi faktordur.

Bundan əlavə rus elitasının böyük hissəsi də, uzun illər İmperiya nostaljisini müxtəlif cəzbedici çalarlarda təsvir etməklə məşğul idi: elə həmən ismi çəkilmiş Nikita Mixalkovun hələ 1996-cı ildə rus kinematoqrafında müstəsna budcə ilə lentə aldığı “Sibir bərbəri” filmi burada öz müstəsna rolunu oynadı. Bu hadisə rus kinosunda bir çox belə filmlərin və kifayət qədər səviyyəli serialların yaranmasına rəvac verdi. Məlumdur ki, kino bütöv bir xalqı yarada, təşkilatlandıra biləcək çox böyük bir qüvvədir.

Bundan heç də az gücə qadir olmayan ədəbiyyat sahəsi də boş deyildi, burada Aleksandr Proxanov öz “5-ci İmperiya” konsepsiyası ilə onilliklər ərzində müxtəlif romanlarla çıxış edir, onun baş redktoru olduğu “Завтра” (“Yarın”) qəzetində bütün istiqamətlərdə çalışan çox güclü publisistika qrupu fəaliyyət göstərirdi. Qaragüruhun digər böyük öndəri, qeyri-ordinar və müstəsna istedadlı yazıçı Eduard Limonov isə çox-çox uzun illər “Başqa Rusiya” yaratmaq arzusunda idi.

Hazırkı imperiya dirçəlişinin baş strateqi, “Геополитическое будущее России” (“Rusiyanın geosiyasi gələcəyi”) əsərinin müəllifi, filosof, MDU-nun professoru Aleksandr Dugini isə bir kimsəyə tanıtmağa ehtiyac yoxdur, bu adam tamamilə unudulmuş və hazırkı “Gömrük İttifaqı”nın nəzəri əsasında duran “Евразийство” (“Avrasiyaçılıq”) konsepsiyasının 90-cı illərdən faktiki yeni əsaslarda bərpaçısıdır. Bunları sadəcə açar personalar kimi misal gətirildi, rus cəmiyyətində bu təfəkkürlü insanlar onminlərlədir.

Rus mediası haqda ayrıca danışmağa ümumiyyətlə dəyməz. Aparıcı Kiselyovun cəmi bir-iki ay bundan öncə canlı efirdə “Rusiya dünyanı 8 dəqiqəyə kül edə bilər” kəlmələrini Qərbdə nəinki TV, ümumiyyətlə mediada, ictimai olaraq kimsə dilinə gətirsə, o insanın mediatik karyerasına yağlı bir nöqtə qoymaq olardı. Avtokratiyanın maraqlarına xidmət edən total təbliğat maşını 140 milyonluq Rusiya əhalisinin böyük hissəsini Goebbels kanonları ilə qeyri-adekvat bir hala gətirib, “xarici düşmən”ə qarşı birləşdirib. Çox böyük hissəsi biabırçı antisosial vəziyyətdə yaşayan zombiləşmiş RF əhalisi, hazırda, sanki Avropanın orta əsrlərdəki qara kütləsi tək, hətta dilənçi halında belə “səlib yürüşünə” çıxmağa hazırdır. Məşum

“Крымнаш”

(“Krım bizimdir” – bu sizə heç nəyi xatırlatmır ki?) lozunqu bir daha sübut etdi ki, “xarici düşmən”, totalitar və avtokrat rejimlərə hava-su kimi, bəlkə ondan da çox gərəklidir, bunlar dəfələrlə deyilmiş məlum həqiqətlərdir.

Maraqlı olan bəlkə də bu banal həqiqətlər deyil, məsələnin ən maraqlı və ilginc tərəfi odur ki, bu problematika üzərində hətta bizim cəmiyyətimizdə mübahisələr gedir. Keçən ay Bakıda məşum “Kolorado” (georgi) lentlərinin paylanmasını kənara qoyaq – bu artıq ölkədə daima fəaliyyət göstərən nəinki beşinci, bəlkə də elə birinci kolonun işi idi. Lakin bəzi soydaşlarımız səmimi olaraq RF telekanalizasiyasının təbliğatı ilə Maydan hərəkatındakı “faşist-homoseksuallar”dan danışır, Ukraynanın düçar olduğu faciənin bizim 25 il öncə başımıza gətirildiyinin eynisi olduğunu sanki dərk etmirlər. Yəni bu hadisələrin tamamilə eyni konsepsiya olduğu, tamamilə eyni ssenari üzrə aparıldığını görmək bu qədərmi müşküldür? Azərbaycanın böyük bir hissəsinin işğalı, Qarabağın bütövlüklə ilhaqı, ermənilərin “miatsum” (“birləşmə”) şüarı, rus mediasının haqqımızda nələr uydurduqları – bunlar xatirinizdə deyilmi?

İndi tərəfimizdən atılacaq çox vacib məsələ Ukraynanın qəti olaraq dəstəklənməsidir. Məsələ əsla onların müdafiəsi deyil, söhbət bizim özümüzə olan münasibətimizdən gedir. Çünki bizim müharibə bitməyib, Azərbaycana istənilən anda (hərbi) müdaxilə ola bilər. Kremlin 300 ildən artıq “qardaş” dediyi ukraynalılara necə bir düşmən kəsildiyini, bu qonşu ölkəni necə parçaladığını görüncə, elə Dugin tərəfindən kitabında, haqqımızda “dövlət” yazdığı bizim ölkəyə nələr edilə biləcəyi heç kimdə şübhə doğurmamalıdır. Hazırda Ukraynanın şərqində gedən müharibə yalnız onları savaşı deyil – bu daha çox bəlkə bütün keçmiş postsovet məkanının mücadiləsidir, bütün yaranmış yeni ölkələrin taleyidir.

Azərbaycanın da gələcək, “olum, ya ölüm” məsələsinin məhz burada həll edilməsi fikri, əsla yanlış deyil.


P.S.

Qarabağ savaşı zamanı, faciəli dövrlərdə ukraynalıların bizə verdiyi dəstəkdən mənim yazmağım yersiz olar, bu haqda müharibə veteranları ətraflı danışa bilər.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəUkrayna, yoxsa Azərbaycan?