Ukrayna XİN-dən xarici vətəndaşlarla bağlı çağırış

Ukrayna Xarici İşlər Nazirliyi. Mənbə: Lina Reshetnyk/shutterstock

“Rusiyanın yaydığı dezinformasiyalara aldanmayın”

Ukrayna Xarici İşlər Nazirliyi müvafiq qurumlardan Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar öz ölkələrinə qayıtmaq və ya üçüncü ölkələrə keçmək istəyən xarici vətəndaşlara dəstək göstərilməsini xahiş edib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

XİN əsasən də xarici tələbələrə kömək edilməsini istəyir: “Ukrayna hökuməti Rusiyanın silahlı təcavüzündən qaçan insanların kütləvi axını ilə sıxışan dövlət sərhədindən onların keçidini asanlaşdırmaq üçün əlindən gələni edir. Sərhəddə əcnəbi tələbələri qida ilə təmin etmək və digər humanitar ehtiyacları ödəmək üçün müvəqqəti könüllü yardım məntəqələri yaradılıb”, – bəyanatda bildirilir.

XİN əlavə edir ki, əslində, aktiv döyüşlər davam edən yerlərdə xarici tələbələrin Ukraynada olduqları yerlərdə qalmaları daha təhlükəsizdir: “Bununla belə, Rusiyanın yaydığı dezinformasiyalara aldanmayın. O cümlədən xarici vətəndaşların dövlət sərhədini keçməsi zamanı irqinə və milli mənsubiyyətinə görə heç bir ayrı-seçkilik yoxdur.

““İlk gələn ilk xidmət olunacaq” prinsipi bütün millətlərə şamil edilir. Qadınlar və uşaqlar üçün icazə verilən bəzi humanitar istisnalarla, standart sənədləşdirmə proseduru da tətbiq olunur”, – deyə açıqlamada qeyd olunur.

Nazirlik sonda bütün dövlətləri prezident Putindən Ukraynaya qarşı müharibəni dərhal dayandırmağı tələb etməyə çağırır: “Bu, həm də Ukraynadakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün ən yaxşı yol olar”.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verdi.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Müharibənin başlanmasından bu yana 300 mindən çox ukraynalının ölkəsini tərk etdiyi bildirilir.

Avropa Komissiyası bu rəqəmin milyonlara çata biləcəyini proqnozlaşdırıb.

Ana səhifəDünyaUkrayna XİN-dən xarici vətəndaşlarla bağlı çağırış