Ukrayna səfiri: “Müharibə demokratiya ilə despotik rejim arasında gedir”

Foto: Meydan TV

Yuri Qusev Bakının Kiyevə 40 milyon dollara yaxın yardım etdiyini deyib

Noyabrın 9-da Bakıda Ukrayna Mərkəzinin açılışı olub.

Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev, Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko, o cümlədən, Belçikanın, İtaliyanın, Polşanın, Moldovanın və digər ölkələrin səfirləri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edib.

Mərkəzin rəhbəri Olqa Quseva bildirib ki, qurumun məqsədi uzun illər davam edən Ukrayna-Azərbaycan mədəni əlaqələrini daha da genişləndirməkdir:

“Mərkəzdə Ukrayna filmlərinin nümayişləri, sərgilər, teatr tamaşaları, musiqi və moda axşamları keçiriləcək. Eyni zamanda, biz Ukrayna dilinin kursları və Ukrayna tarixi ilə bağlı mühazirələr təşkil edəcəyik”.

Mərkəzdə iki fotosərgi təşkil olunub, onlardan biri – müxtəlif müəlliflərin fotoşəkillərindən ibarət “Arzum var” adlı sərgi əsasən Ukraynadakı müharibəni əks etdirib.

Yuri Qusev. Foto: Meydan TV

İkinci sərgi isə “Uşaqların düşüncələri” adlandırılıb.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanla Ukraynanın yaxın və uzun illər davam edən diplomatik əlaqələrinə toxunub.

O deyib ki, iki ölkə arasında siyasi, mədəni və iqtisadi əlaqələr uzun illərdir davam edir:

“Mərkəz əvvəlki illərdə də fəaliyyət göstərib, indi isə yenilənib və hazırda işləməyə davam edəcək. Biz buna görə Azərbaycana və beynəlxalq tərəfdaşlara dəstəyə görə təşəkkürümüzü bildiririk”.

“ABŞ, Böyük Britaniyaya, Avropa İttifaqına və bu çətin zamanlarda Rusiyanın başladığı müharibədən qaçmağa məcbur olan vətəndaşlarımıza dəstək verənlərin hamısına təşəkkür edirəm. Ümid edirəm ki, Mərkəz Ukrayna mahnıları səslənən, Ukrayna mədəni dəyərləri təbliğ edilən məkana çevriləcək”, – deyə o bildirib.

Yuriy Osadçenko. Foto: Meydan TV

Azərbaycandakı Ukrayna Konqresinin İdarə Heyətinin sədri Yuriy Osadçenko diqqəti Qarabağ müharibəsində, həmçinin Ukraynada iştirak edən azərbaycanlı döyüşçülərə çəkib:

Hər iki tərəf Vətənə borclarını ödəyib və ödəyirlər. İndi də Ukraynada gedən müharibədə azərbaycanlılar da iştirak edir və onlardan 50 nəfərə yaxını artıq həlak olub. Ukrayna bu gün qanlı müharibəni aparır. Bu müharibə iki sistem – demokratiyaya, azadlığa can atanlarla despotik rejimdə yaşayan şimali qonşumuzun insanları arasında gedir”.

“Biz də ötən əsrin 90-cı illərində indi ukrayna xalqının yaşadığı dövrü keçmişdik. Müharibənin nə olduğunu bilirik, ərzaq, geyim, silah çatışmazlığını görmüşük. Nəhayət, ərazi bötüvlüyümüzü təmin etdik, dünən də Zəfər bayramını qeyd etdik. Bəli, çətinliklər olacaq, amma sonda Ukrayna xalqı qalib gələcək”, – deyə o qeyd edib.

Foto: Meydan TV

Tədbirinin sonunda səfir Yuriy Qusev Meydan TV və “Turan”ın suallarını cavablandırarkən deyib ki, Rusiyanın Ukraynaya hücumundan ilk günlərindən Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği 40 milyon dollara yaxındır:

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı məktubda qeyd olunub ki, humanitar yardımın göstərilməsi davam ediləcək. Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və ümid edirik ki, dəstəkləməyə davam edəcək. Biz Azərbaycanla strateji tərəfdaşıq və bu, bizim üçün çox vacibdir”.

Səfir qeyd edib ki, Ukrayna dövləti Ukrayna və Azərbaycan universitetlərin əməkdaşlığında maraqlıdır və bu məsələ COP29 çərçivəsində müzakirə olunacaq.

V.Zelenskinin COP29 konfransında iştirak edib-etməyəcəyi haqda suala diplomat konkret cavab vermədi:

“Sualınıza yaxın zamanda aydınlıq gətiriləcək”

Ana səhifəSiyasətUkrayna səfiri: “Müharibə demokratiya ilə despotik rejim arasında gedir”