İqtisadçı: “Zərərin məbləği 1 trilyon dollara qalxa bilər”
Ukrayna hökuməti Rusiyadan hərbi əməliyyat zamanı vurduğu zərərə görə 431,5 milyard funt-sterlinq təzminat tələb edəcəklərini açıqlayıb.
Ukraynanın iqtisadiyyat naziri və Baş nazirin müavini Yuliya Sviridenko Rusiyanın ölkəsinə 564,9 milyard dollar dəyərində ziyan vurduğunu bildirib.
O deyib ki, Rusiya Ukraynanın müharibədənsonrakı bərpası üçün pul ödəməlidir.
Ukrayna hökuməti fevralın 24-dən bu yana ölkəyə 430 milyard funt sterlinqdən çox zərər dəydiyini bildirir.
Sviridenko müharibənin Ukrayna iqtisadiyyatı, ticarətindən əlavə, təkcə infrastruktura dəymiş ziyanın 119 milyard dollar olduğunu bildirib:
“Rəqəmlər hər gün artır və Ukrayna bütün maneələrə baxmayaraq, təcavüzkardan təzminat tələb edəcək”.
İqtisadçı Nemət Əliyev deyir ki, Yuliya Sviridenkonun açıqladığı bu rəqəmlər hələ ilkin hesablamaların nəticəsidir: “İtkilər, zərərlər hər gün artır və bu, müharibənin bitdiyi günədək belə davam edəcək”.
İqtisadçı düşünür ki, ilkin açıqlanan rəqəmlər itkiləri tam əhatə etmir. Zərərin məbləği müharibənin növbəti 1 ay uzanması ilə 1 trilyon dolların üzərinə qalxa bilər:
“Bu, çox böyük məbləğdir. Təsəvvür edin ki, Rusiyanın 2021-ci ildə istehsal etdiyi illik ÜDM-in 55 faizi qədərdir. Belə getsə, Avropa ölkələrinin və ABŞ-ın dondurduğu Rusiya aktivləri Ukraynadakı itkiləri kompensasiya etmək üçün yetərli olmayacaq”.
Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.