Ukrayna-Rusiya sərhədində qarşıdurma: 5 nəfərin öldüyü bildirilir

Donetskdə fövqəladə vəziyyət elan edilib

Rusiya sərhəddi pozmağa cəhd edən 5 nəfərin öldürüldüyünü bildirib.

Rusiya rəsmiləri bildiriblər ki, rus qoşunları və sərhədçiləri “Ukrayna təxribatçılarının” ortaq sərhədlərini pozmasının qarşısını alıblar.

Məlumata görə, Rusiyanın Rostov vilayətində Ukraynaya məxsus silahlı maşınlar məhv edilib.

Ukraynanın şərqində separatçıların nəzarətində olan bölgələrdən təxliyə edilənlər Rusiyada məktəblərin idman zallarında müvəqqəti yerləşdirilib.

Fotoqraf Sergey Pivovarovun “Reuters” üçün çəkdiyi fotodan belə aydın olur.

Eyni zamanda, Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin Brüsseldəki görüşündə fasilə zamanı Litvanın naziri Qabrielius Landsbergis jurnalistlərə bildirib ki, Rusiya qoşunları Belarusda qalmağa davam etməsi mövzusu müzakirə olunub.

O bildirib ki, bu məsələdə Minsk hökuməti artıq tərəfsiz oyunçu kimi görünmür.

Diplomatik mənbələr həmçinin bildiriblər ki, Avropa Komissiyası Almaniyanın dəstəyi ilə nazirlərin görüşündə Belarusa qarşı da əlavə sanksiyaların tətbiqini təklif edib.

Landsbergis Fransanın ABŞ prezidenti Co Biden və Vladimir Putin arasında zirvə görüşünü təmin etmək səylərini alqışladığını deyib. Ancaq o, Rusiya liderinin gərginliyi azaltmaq istədiyinə inanmadığını söyləyib:

“Əgər onlar (Donbas regionunda) təmas xəttini atəşə tutur, Ukrayna qurumlarına kiberhücumlar həyata keçirirlərsə, qoşun yığırlarsa, bu, bizi çox çətin vəziyyətdə qoyur. Bu sahədə normal müzakirə aparmaq üçün ilk növbədə eskalasiya dayandırılmalıdır”.

Rusiyalı siyasət analitiki Tatyana Stanovaya düşünür ki, Co Bayden və Vladimir Putin arasındakı zirvə görüşü müharibənin qarşısını ala bilməz: “Əgər Qərb liderləri bu görüşün müharibənin qarşısını alacağını düşünürlərsə, bu, “inanılmaz sadəlövhlük”dür”.

Digər tərəfdən də xəbərlər yayılır ki, separatçıların nəzarətində olan Donetsk vilayətinin rəsmiləri Kiyev qoşunlarına qarşı Rusiyadan dəstək istəyib.

Fevralın 21-də “Solovyov Live YouTube” kanalına danışan Donetsk Xalq Milislərinin sözçüsü Eduard Basurin belə deyib.

O bildirib ki, Moskva “ilk növbədə” mənəvi dəstək göstərməlidir: “Mənsə indiki durumda heç birindən imtina etməzdim. Çünki hərbi yardım da lazımdır”.

Eduard Basurin Donbasda müharibənin getdiyini iddia edərək: “Vəziyyət sadəcə olaraq çətin deyil, həqiqətən də kritikdir”, – deyib.

Bu gün həmçinin Donetsk rəsmiləri fövqəladə vəziyyət elan edib.

Su nasos stansiyalarının atəşə tutulduğunu və içməli suyu paylaya bilmədiklərini bildiriblər: “İntensiv artilleriya zərbələri ilə əlaqədar olaraq, son bir neçə gün ərzində həyat təminatı sistemlərinin normal işində bir sıra pozuntular baş verib”, – rəsmilər bildirib. Onların sözlərinə görə, 21 mindən çox sakin susuz qalıb.

Moskva Qərbin Rusiyanın Ukraynanı işğal etməsini planlaşdırması ilə bağlı ittihamlarını rədd edir. Hətta Rusiya ötən həftə bölgəyə göndərdiyi 100 mindən çox əsgərin bir hissəsini geri çəkdiyini bildirib.

Qərb isə əhəmiyyətli dərəcədə geri çəkilmənin olmadığını düşünür.

Amerika Birləşmiş Ştatları isə ümumiyyətlə, sərhəddə minlərlə əsgərin gəlməkdə davam etdiyini söyləyir.

Qərb ölkələri dəfələrlə Rusiyanı hücuma haqq qazandırmaq üçün üsyançıların nəzarətində olan ərazilərdə insident planlaşdırmaqda ittiham edib.

Moskva isə öz növbəsində Kiyevi əraziləri güc yolu ilə geri almağa cəhd etmək üçün eskalasiya planlaşdırmaqda günahlandırıb.

Rusiya Ukrayna arasındakı münaqişə yeni deyil.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Həmin vaxtdan davam edən münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Ana səhifəDünyaUkrayna-Rusiya sərhədində qarşıdurma: 5 nəfərin öldüyü bildirilir