Ukrayna ordusu Severodonetski tərk edir (yenilənir)

Severodonetsk. Mənbə: Reuters

“Rusiya qoşunları Severodonetskə doğru irəliləyir”

Rusiya qoşunları Severodonetsk və Lisiçansk bölgələrində bütün istiqamətlərdə aviasiya və “Toçka-U” raketlərindən istifadə edərək irəliləyir.

Bu barədə Severodonetsk vilayəti dövlət administrasiyasının sədri Roman Vlasenko “Azadlıq” Radiosuna danışıb.

“Hücum bütün istiqamətlərdədir. Rusiya ordusu Lisiçanska və Baxmut-Lısıçansk yoluna hücum edirlər. Həmçinin Severodonetskdə, ətraf kəndlərdə – Sinetski, Pavloqrad, Sirotinoda”, – deyə Roman Vlasenko

Severodonetsk. Foto: Reuters

Onun sözlərinə görə, Ukrayna qoşunları hələ də Severodonetskdədir, şəhərdən çıxmaq üçün vaxt lazımdır: “Bu, bir saat və ya bir günün məsələsi deyil. Bir qədər vaxt apara bilər”.

Vlasenko onu da əlavə edib ki, Ukrayna hərbçilərinin Lisiçanskdan geri çəkilməsindən hələlik söhbət getmir.

Onun hesablamalarına görə Severodonetskdə təxminən 7-8 min, Lisiçanskda isə 10 min nəfər qalıb: “Rusiyanın genişmiqyaslı işğalına qədər bu şəhərlərin hər birində 100 min nəfər yaşayırdı”.


“Dağılmış mövqelərdə qalmağın mənası yoxdur”

“Ukrayna ordusu Severodonetsk şəhərini tərk etməli olacaq, çünki dağıdılmış mövqelərdə qalmağın mənası yoxdur”.

Bu açıqlamanı iyunun 24-də Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday səsləndirib.

O deyib ki, işğal olunmuş mövqelərdə hər gün ölənlərin sayı arta bilər:

“4 aydır şəhər hər gün atəşə tutulub, infrastruktur tamamilə dağılıb, evlərin 90 faizi zədələnib və yaxud tam dağılıb”, – deyə Sergey Qayday bildirib.

Severodonetsk. Mənbə: t.me/luhanskaVTSA

Sergey Qayday qoşunların çıxarılması barədə qərarın artıq qəbul olunduğunu təsdiqləyib.

Qeyd olunub ki, Severodonetskdə hazırda ön sıralarda həm Ukrayna Silahlı Qüvvələrinin, həm də Milli Qvardiyanın döyüşçüləri dayanır:
“Onlar artıq yeni mövqelərə, yeni möhkəmləndirilmiş ərazilərə geri çəkilmək əmri alıblar. Oradan da hərbi əməliyyatların aparılması artıq normaldır”.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəDünyaUkrayna ordusu Severodonetski tərk edir (yenilənir)