Zelenski deyir ki, Ukrayna qoşunları Rusiyanın Kursk və Belqorod vilayətlərində fəal müdafiə əməliyyatlarını davam etdirir
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ali komandanlığı nümayəndələrinin Kursk vilayətində hərbi əməliyyatların başa çatması ilə bağlı bəyanatlarını təkzib edir. Baş Qərargah bildirir ki, Ukrayna Müdafiə Qüvvələri Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam etdirir.
Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin aprelin 28-nə olan məlumatına görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Kursk vilayətinin Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrindən guya “azad edilməsi” barədə məlumat verdiyi bir zamanda Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri bu istiqamətdə tapşırıqları uğurla yerinə yetirməkdə davam edirlər.
Bundan əlavə, ukraynalı hərbçilər tərəfindən Kursk vilayətində rus əsgərlərinin əsir götürüldüyü bildirilir.
“Təkcə aprelin 26-da xüsusi əməliyyatlar zamanı Kursk vilayətindəki 73-cü Xüsusi Əməliyyat Mərkəzi Rusiya Federasiyasının 810-cu dəniz piyada briqadasının bütöv bir qrup hərbçisini məhv edib.
Xüsusi təyinatlılar iki rus əsgərini təslim olmağa məcbur ediblər”, – məlumatda deyilir.
Aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə “Kursk vilayətinin azad edilməsi” barədə məlumat verib. Gerasimov Ukrayna qüvvələrinin Kursk vilayətində “məğlub olduğunu” və Ukraynanın 76 min əsgər itkisi verdiyini bildirib. O, həm də “Kursk vilayətinin azad edilməsində fəal iştirak edən” Cənubi Koreyadan olan hərbçiləti xüsusilə qeyd edib.
Ukrayna Baş Qərargahı isə bildirir ki, Kursk əməliyyatı başlayandan bəri Rusiya ordusu bu istiqamətdə 62 400 əsgərini və daha 4 500 Şimali Koreya vətəndaşını itirib.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna qoşunları Kursk və Belqorod vilayətlərində fəal müdafiə əməliyyatlarını davam etdirir.