Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi: “Azov”çular Medvedçukla dəyişdirilib

Azad olunan “Azov” komandirləri D.Prokopenko və S.Palamara. Mənbə: “Telegram”

Azad edilənlərdən birinin azərbaycanlı olduğu bildirilir

Ukrayna-Rusiya arasında növbəti əsir mübadiləsi olub.

Rusiya Ukraynanın 215 hərbçisini azad edib.

Bunun müqabilində 55 Rusiya vətəndaşı və “Müxalifətçi Platforma – Həyat Uğrunda” Partiyasının lideri Viktor Medvedçuk Rusiyaya verilib.

Azad olunanlar arasında tək hərbçilər deyil, Ukraynanın təhlükəsizlik xidməti, sərhəd qoşunları, dəniz piyadaları, polis əməkdaşları və ərazi müdafiə batalyonlarının üzvləri də olub.

Bildirilir ki, azad edilənlər arasında Azərbaycan əsilli Ukrayna vətəndaşı Rüstəm Babayev də var.

Sentyabrın 21-də baş tutan əsir mübadiləsinə Türkiyə və Səudiyyə Ərəbistanı vasitəçilik edib.

Ukraynaya qaytarılanlar arasında “Azov” alayının komandiri, “Ukrayna qəhrəmanı” Denis Prokopenko və onun müavini Svyatoslav Palamar da var.

Rusiyanın bu qərarı Ukrayna mediasında təəccüblü qarşılanıb. Çünki Rusiya onları insanlığa qarşı cinayətlərdə ittiham edir və açıq məhkəmə keçirməyə hazırlaşırdı.

“Azov”çular Ukraynada ən məşhur rusiyayönümlü siyasətçi və oliqarx, Putinin yaxın adamı Viktor Medvedçukla dəyişdirilib.

Ukrayna mediası yazır ki, razılaşmaya əsasən, “Azov” komandirləri müharibə bitənə qədər Türkiyədə qalacaqlar.

Rusiya Ali Məhkəməsi Ukraynanın “Azov” alayını terror təşkilatı kimi tanıyıb.

Ali Məhkəmə bu barədə qərarını 2022-ci ilin avqustun 2-də elan edib.

Motivləri məlum olmayan qərar hələ qüvvəyə minməyib və ondan apelyasiya instansiyasına şikayət verilə bilər.

“Azov” alayı döyüşçüləri martın əvvəlindən Mariupol liman şəhərini müdafiə edib. Sonra onlar “Azovstal” zavoduna sığınıb.

Mənbə: Ukrayna Təhlükəsizlik Xidməti

Mayın 16-dan döyüşçülər işğal altında olan Donbas ərazisinə çıxarılmağa başlanıb.

2014-cü ildə könüllü batalyon kimi yaradılan “Azov” əsasən ifrat sağçı fəallardan təşkil edilib.

Sonradan neonasist olmadıqlarını bildirən əksər “Azov” döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olub.

“Müxalifətçi Platforma – Həyat Uğrunda” Partiyasını lideri Viktor Medvedçuk 2022-ci ilin aprelində saxlanılıb.

V.Medvedçuka “kömür işi” adlanan işdə (Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi və 258-3-cü maddəsinin 1-ci hissəsi) dövlətə xəyanət və terrorda iştirak ittihamı elan edilib.

Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın hakimiyyəti illərində Prezident Administrasiyasının rəhbəri olan Viktor Medvedçuk Moskvaya yaxınlığıyla tanınırdı.

Onun qızı doğulanda Rusiya Prezidenti Vladimir Putin uşağın “xaç atası” olmuşdu.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaUkrayna ilə Rusiya arasında əsir mübadiləsi: “Azov”çular Medvedçukla dəyişdirilib