Ukrayna ətrafında gərginlik: ölkələr vətəndaşlarını geri çağırır, Azərbaycan tərəddüd edir

Rusiya-Ukrayna, Foto: Tomas Ragina/shutterstock

Azərbaycanın Ukraynadakı səfiri: “Hələlik, həyəcana ehtiyac duyulmur”

20-yə yaxın ölkə vətəndaşlarına çağırış edib,

Kreml ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putinin görüşünün mümkünlüyünü açqlayıb.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə deyib.

O bildirib ki, planları müzakirə etmək üçün hələ tezdir.

Peskov  həmçinin Ukraynanın Donbas bölgəsindəki vəziyyəti “son dərəcə gərgin” sayır.

Onun sözlərinə görə, Putin bu barədə tezliklə Rusiya Təhlükəsizlik Şurasında çıxış etməlidir.

Rusiyanın TASS xəbər agentliyi isə yazır ki, Peskov Donbas bölgəsindəki durumda yumşalma sezilmədiyini bildirib.

Agentlik qeyd edib ki, bölgədə təxribatlar, top atəşləri daha da intensivləşib: “Bu da çox dərin narahatlıq doğurur”.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

Rusiyanın iddialarına baxmayaraq, yerli müxbirlər qeyd ediblər ki, Ukrayna qüvvələrinin mülki əhalini atəşə tutması ilə bağlı heç bir dəlil yoxdur.

“Azadlıq” Radiosu isə yazır ki, insanlar Ukraynanın şərqində separatçıların əlində olan ərazilərdən qaçır.

Səbəb isə Rusiyanın Ukrayna ilə sərhəddə 130 mindən çox əsgərin cəmlənməsidir. Bu da Donbasda müharibə olacağı qorxusu yaradıb.

Stanitsya Luqanska illərdir ki, ciddi qoruma altında olan nəzarət məntəqəsidir. Bu məkan həm separatçıların nəzarətində olan Luqansk şəhərində yaşayanlara, həm də hökumətə çətinlik yaradır. Ora getmək üçün beynəlxalq sərhədi keçirmiş kimi sənəd göstərməli olursan.

“Dəlillər göstərir ki, Donetsk və Luqansk vilayətlərinin Rusiyanın nəzarətində olan ərazilərin qəfil evakuasiyası planlaşdırılıb. Güman ki, bu, Rusiyanın rəsmi müdaxiləsi üçün zəmin yaratmaq üçün nəzərdə tutulub”, – deyə “Guardian”ın Moskva müxbiri Endryu Rot Rusiyanın Ukrayna ilə sərhədindən yazır.

O bildirir ki, yeni gələnlər üçün vəziyyət xaotikdir.

Endryu Rot  qeyd edir ki, təxliyə edilən qadınlar, uşaqlar və başqaları üçün nəticə danılmaz dərəcədə travmatikdir.

Onun sözlərinə görə, evakuasiya axınına hazırlıqsız görünən qonşu bölgələrə yüzlərlə insan gəlir: “Bu bəzilərinə böyük bir oyunda piyada kimi hiss etdirir. Sərhəddəki çadır düşərgəsində olan Donetskdən Viktoriya: “Bəlkə, atəş açacaqlar, sonra sakitləşəcək?” – dedi. Mən isə düşünürəm ki, bu, səhnələşdirmədir”.

Rusiya Prezidenti Vladimir Putin iddia edir ki, Ukrayna hökuməti Donbasda “genosid” törətmək fikrindədir. Odur ki, Luqansk və Donetskdəki separatçı liderlər fevralın 18-də əhalinin Rusiyaya kütləvi evakuasiyasını elan ediblər.

Onlar daha sonra 18-45 yaşlı kişilər üçün səfərbərlik elan edərək bu yaş civarında kişilərin ərazidən çıxmasını yasaqlayıblar.

Separatçı liderlər dəlil göstərmədən hökumət qüvvələrinin tezliklə böyük hücuma başlayacağını iddia edib.

Ukrayna hökuməti isə belə planın olmadığını açıqlayıb.

Qərb rəsmiləri isə Moskvanı və separatçıları Rusiyanın Ukraynaya yeni işğalı üçün bəhanə planlaşdırmaqda suçlayır.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis özünün “Twitter” hesabında Moskvanın hərbi təlimlərin sonunda qoşunlarını Belarusdan çıxarmaq vədini pozmasından sonra Avropa Birliyi ölkələrini Rusiyaya qarşı sanksiyalarda irəliləməyə çağırıb.

O, Brüsseldə Ukrayna böhranından danışılacaq konfransda iştirak üçün Avropa Birliyinin 26 xarici işlər nazirlərinə qoşulub.

Qabrielius Landsberqis, Foto: https://www.europarl.europa.eu/

Rusiya-Ukrayna hadisələri zamanı bir çox ölkələr öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Həmin ölkələr arasında – Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya, Litvanı görmək olar.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib ki, diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan onlara təlimat gəlməyib: “Tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda ölkənin diplomatları ölkəni tərk edib və ya müvəqqəti olaraq Ukraynanın qərb hissəsinə köçürülüb. Böyük hissə, həmçinin Rusiya səfirliyi adi qaydada öz işini davam edir. Hələlik, həyəcana ehtiyac duyulmur”.

Səfir əlavə edib ki, onlara vətəndaşlar müraciət edir. Bildirirlər ki, hava və digər nəqliyyat üçün yollar açıqdır. Narahatlıq hissi keçirən, ölkədən çıxa bilər: “Həmçinin Türkiyə səfirliyindən aldığımız məlumata əsasən, insanların narahatlığı nəzərə alınaraq, Türk Hava Yolları aviaşirkəti Xarkov şəhərindən İstanbula əlavə iki reys də açıb”.

Elmira Axundova
Elmira Axundovanın şəxsi arxivindən

Moskva Qərbin Rusiyanın Ukraynanı işğal etməsini planlaşdırması ilə bağlı ittihamlarını rədd edir. Hətta Rusiya ötən həftə bölgəyə göndərdiyi 100 mindən çox əsgərin bir hissəsini geri çəkdiyini bildirib.

Qərb isə əhəmiyyətli dərəcədə geri çəkilmənin olmadığını düşünür.

Amerika Birləşmiş Ştatları isə ümumiyyətlə, sərhəddə minlərlə əsgərin gəlməkdə davam etdiyini söyləyir.

Qərb ölkələri dəfələrlə Rusiyanı hücuma haqq qazandırmaq üçün üsyançıların nəzarətində olan ərazilərdə insident planlaşdırmaqda ittiham edib.

Moskva isə öz növbəsində Kiyevi əraziləri güc yolu ilə geri almağa cəhd etmək üçün eskalasiya planlaşdırmaqda günahlandırıb.

Rusiya Ukrayna arasındakı münaqişə yeni deyil.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Həmin vaxtdan davam edən münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Ana səhifəDünyaUkrayna ətrafında gərginlik: ölkələr vətəndaşlarını geri çağırır, Azərbaycan tərəddüd edir