Uğur Şahin: “Peyvənd virusdan doqquz aya qədər qoruyur”

Foto: Meydan TV

“Vaksinasiya olunan adamlar arasında ciddi ağırlaşmalara nadir hallarda rast gəlinir”

BioNTech şirkətinin qurucularından olan Uğur Şahin bildirib ki, yeni araşdırma nəticələri Covid-19 peyvəndlərinin 9 aya qədər qoruduğunu ortaya qoyub.

İmmunoloq vaksinasiya olunan adamlar arasında ciddi ağırlaşmalara nadir hallarda rast gəlindiyini bildirib.

Onun sözlərinə görə, 3-cü doza (buster) COVİD-19 xəstəliyinə qarşı əlavə qorunmanı təmin edir:

“Dördüncü dozanın faydalı olması ilə bağlı məlumatımız yoxdur. Dördüncü dozanın tətbiqi virusun başqa variantlarının olub-olmayacağına bağlıdır. Biz virusun immun müdafiədən yayına bilən variantlarına qarşı tez hərəkətə keçən peyvənd istehsalı istiqamətində işlər görürük”.

Uğur Şahin, Foto: https://tr.euronews.com/

Avropa Tibb Agentliyi (EMA) bu il oktyabrın 4-də yaydığı açıqlamasında bildirib ki, yaşı 18-dən yuxarı olanlara ikinci dozadan azı 6 sonra buster dozaların vurulması nəzərdən keçirilə bilər.

EMA immun sistemi kəskin zəif olanlar üçün ikinci dozadan azı 28 gün sonra BioNTech/Pfizer və Moderna vaksinlərinin buster dozalarını vurmağı tövsiyə edib.

BMT-nin baş katibi Antonio Quterres isə oktyabrın 9-da Dünya Səhiyyə Təşkilatının (DST) mətbuat konfransında deyib ki, çox tezliklə vaksinlərə müqavimətli koronavirus variantları yarana bilər.

DST-nin COVID 19-a Qarşı Qlobal Vaksinləməyə Nail Olunması Srtrategiyası adlanan planı 2021-ci ilin sonunadək hər bir ölkədə əhalinin minimum 40 faizinin, 2022-ci ilin ortalarınadək isə 70 faizinin peyvəndləməsini hədəf edir.

Bu strategiyanın həyata keçirilməsi üçün azı 11 milyard doza vaksinə ehtiyac var.

Ekspertlər bildirirlər ki, bu, vaksinlərin hazırkı qlobal təchizat templəri – yəni aya 1.5 milyard dozanın istehsalı ilə tamamilə real hədəfdir.

Planda habelə bütün yaşlıların və bütün tibb işçilərinin ilk növbədə peyvənd olunması nəzərdə tutulub.
Azərbaycanda 2021-ci il yanvarın 9-dan peyvəndlənmə başlanıb.

Ölkədə 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

Azərbaycan Səhiyyə Nazirliyi də əhaliyə COVID 19-a qarşı immuniteti artırmaq üçün 3-cü doza peyvəndin vurulmasını məsləhət görür.

Ana səhifəSağlıqUğur Şahin: “Peyvənd virusdan doqquz aya qədər qoruyur”